Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
16 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunda “Məişət zorakılığı və onun qarşısının alınması” mövzusunda təlim keçirilib.
“Şərq qapısı” xəbər verir ki, təlimdən əvvəl Ümummilli Lider Heydər Əliyev, akademik Zərifə xanım Əliyeva və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təlimdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verib.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova məişət zorakılığının qarşısının alınması istiqamətində görülməsi vacib olan tədbirlərdən danışıb. Bildirilib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununda edilən dəyişikliklərlə bağlı yeniliklər mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərin əsas məqsədi zərərçəkmiş şəxslərin hüquqlarının daha effektiv qorunması və qabaqlayıcı mexanizmlərin gücləndirilməsidir.
Vurğulanıb ki, ailədə baş verən zorakılıq halları yalnız bir ailənin deyil, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə mənfi təsir göstərir. Bu baxımdan, xalqımızın zəngin milli-mənəvi dəyərlərinin gənclər arasında təbliği, məişət zorakılığının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Daha sonra təqdimatla ətraflı çıxış edən “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin İdarə Heyətinin sədri Esmira Tağıyeva bildirib ki, zorakılığın bütün formaları insan hüquqlarının pozulması kimi qiymətləndirilməli və ona qarşı vahid yanaşma tətbiq olunmalıdır. Qeyd edilib ki, ictimai təhlükə yaradan bu kimi hallarla mübarizədə qurumlararası əməkdaşlıq mühüm rol oynayır. Həmçinin vurğulanıb ki, uşaqlar və gələcək nəsillər zorakılığın səssiz qurbanlarıdır və bu problemin görünməyən tərəfləri də xüsusi diqqət tələb edir. Belə tədbirlər mövzunun aktual saxlanmasına və praktik addımların müəyyənləşdirilməsinə imkan yaradır.
Təlim diskussiya şəklində davam edib, mövzu ətrafında müzakirələr aparılıb, məişət zorakılığının qarşısının alınması ilə bağlı yerlərdə profilaktik işlərin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Digər xəbərlər