NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Media danışır, dəyərlər isə susur

...

Yeni medianı hansı prinsiplə idarə edək?

Zamanın ritmi dəyişdi. Sürət əsrindəyik. Fikirlər, hisslər, münasibətlər… hər şey saniyələrlə ölçülür. Bu yeni dövrün adı “yeni media” dövrüdür – parlaq, sürətli, cazibədar və bir o qədər də susqun. Susqun, çünki əsl səslər getdikcə azalır, dəyərlər isə pıçıltı kimi itib gedir. Əvvəllər insanlar bir-birinə baxanda danışırdılar. İndi ekranlara baxırıq, amma bir-birimizə deməyə sözümüz getdikcə azalır. Hər kəs danışır, amma heç kim eşitmir. Ən acınacaqlısı isə budur: dəyişən təkcə texnologiya deyil, dəyişən bizik. Dəyər anlayışı – keçmişin mirası, gələcəyin ehtiyacı.

    Köhnə dəyərlər deyəndə ağlımıza nə gəlir?

Ədəb, hörmət, sədaqət, təvazökarlıq, ailəyə bağlılıq, böyüyə ehtiram, sözə sadiqlik… Bunlar uşaqlara ilk öyrədilən anlayışlar idi. Bu dəyərlər nənələrin nağılında, ataların sükutunda, müəllimlərin baxışında gizli idi. Amma indi biz uşaqlarımıza telefonun ekranını uzadırıq, dəyərləri yox, filtrli üzləri göstəririk. Yeni media ilə birlikdə dünya əlimizin içindədir. Bu bir fürsətdir, həm də bir təhlükə. Hər paylaşım, hər görüntü, hər video insanlara nəyi sevəcəyini, nəyi gülməli, nəyi “trend” sayacağını diktə edir. Belə bir axında ədəb və təvazökarlıq sanki səs-küydə itib gedir.

    Səmimiyyətin itdiyi dövr

Bəlkə də, yeni medianın bizdən aldığı ən böyük dəyər səmimiyyətdir. Əvvəllər insanlar duyğularını məktublarla bölüşərdi. Hər kəlmə fikirlə yazılar, hər cümlə ürəkdən keçərdi. İndi isə emoji ilə hiss göstəririk, “SMS” ilə cavab veririk, “story” ilə duyğularımızı dilə gətiririk. Bəlkə də, hiss edirik, amma yaşaya bilmirik. Yeni medianın ən böyük paradoksu budur: insanları yaxınlaşdırır, həm də uzaqlaşdırır. Fiziki məsafə yox olur, amma ruhi məsafə artır. Yaxşılıq da, sevgi də “virallaşır”, amma dərindən yaşanmaqdan çıxır.

    Yeni medianın işığında...

Bütün bunlara baxmayaraq, bu yazı bir nostalji yazısı deyil. Nə də texnologiyaya qarşı bir üsyan. Əksinə, bu yazı oyadıcı bir çağırışdır: yeni media nəinki dəyərləri dağıda bilər, əksinə, onları yaşada da bilər. Əgər bir video ilə zorakılığın üstü açılırsa, bir paylaşım ilə kənddəki uşaq məktəb ləvazimatı əldə edirsə, bir çağırışla qan ehtiyacı olan xəstəyə donor tapılırsa, bu, medianın vicdanla işləyən üzüdür. Əgər biz yeni medianı vicdan, məsuliyyət və dəyər prinsipi ilə idarə etsək, o zaman bu parıltının içində dəyərlər də görünə bilər.

    Biz hansı tərəfə gedirik?

Əgər bu sualı özümüzə indi verməsək, sabah artıq cavab tapmaq çox gec ola bilər. Yeni media bizi formalaşdırmasın, biz yeni medianı formalaşdıraq. Əgər ədəb və səmimiyyət trend olmazsa, heç olmasa, itib getməsin. Gənclər diqqət çəkmək üçün özünü itirməsin, uşaqlar dəyəri ekranın içində yox, ətrafında görsün. Unutmayaq: dəyərlər yaşamadıqca yox olur. Və hər bir dəyər bir insanın içində dirilə bilər. Yeni media dövründə yaşayırıq, bəli. Əgər biz içimizdəki köhnə dəyərləri diri saxlasaq, texnologiya onların düşməni deyil, daşıyıcısı ola bilər. Dəyərləri ekranda yox, ürəklərdə paylaşaq.

Günay Hacıyeva
 

Nəşr edilib : 02.08.2025 13:27