Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bayraq Meydanında düşüncələr
Gözlərim bir nöqtəyə zillənib. Ruhum sanki pərvazlanıb küləyin həzin zümzüməsi ilə rəqs edən üçrəngli bayrağımızın əhatəsində dövr edir. Düşüncələrim qarışıqdır. O an ağlımdan keçənlər və hiss etdiklərim məni bu aləmdən qoparıb başqa aləmlərə aparır. Düşmənə gözdağı olan bayrağımıza baxdıqca xalqımızın başına gətirilən fəlakətləri xatırlayıram bir-bir. Sonra erməni dığalarının əhatəsində qorxmadan, düşmənə əyilmədən son anınadək müqəddəs bayrağımızı əlindən buraxmayan Natiq Qasımovun görüntüsü gəlir gözlərim önünə. Bu an içimi hədsiz qürur hissi bürüyür. Gözlərim dolur, Vətən uğrunda həlak olan şəhidlərimizin ay-ulduzlu bayrağımıza sarılmış tabutlarını xatırlayıram. Bu an həm də köksünə sıxdığı yenilməz bayrağımızı canı bahasına azad etdiyi torpaqlara sancan qəhrəman igidlərimizin şücaəti düşür yadıma. Fərəhlənirəm. Çünki bu gün əsrlərin sınağından üzüağ çıxan doğma Vətənimizin mavi səmalarında qürurla dalğalanır bayrağımız. Axı xalqımızın keçdiyi çətin, lakin şərəfli yolun, qəhrəmanlıq və azadlıq mübarizəsinin canlı şahididir bu bayraq. Bu bayraq təkcə üç rəngdən ibarət parça deyil, bu bayraq görkəmli şairimiz Bəxtiyar Vahabzadənin də dediyi kimi: “Mənliyimiz, kimliyimiz, öz yurdumuza öz hakimliyimizdir”.
Bu gün şəhərimizin ən gözəl guşəsində ucaldılan nəhəng bayrağımız hər tərəfdən görünür və hər kəsə deyir: “Bu torpaq azaddır, bu torpaq müstəqildir”. Türklüyümüzün, müstəqilliyimizin simvolu olan müqəddəs bayrağımızın dalğalandığı meydana yaxınlaşdıqca qəlbimiz Vətən eşqi ilə dolub-daşır. Məhz burada birləşir keçmişlə bu gün. Bu bayrağın kölgəsində böyüyür Vətən övladları. Bu bayraq altında birləşir yurdumuzun hər bir bölgəsi. Bu bayraqdır bizi yaşadan. Bu bayraqdır bizi tanıdan. Bu meydandadır azadlığımızın səsi. Burada yatır müstəqilliyimizin tarixi.
Bu gün Qarabağ torpağında, Şuşa qalasında dalğalanan bayraq təkcə dövlətimizin simvolu deyil, itirilmiş canlar bahasına qazanılan qələbəmizin, yenilməz ordumuzun, əbədi azadlığımızın rəmzidir. O bayraq ki ona anaların göz yaşı hopub. O bayraq ki o ərənlərin ətrinə bürünüb. O bayraq ki kökslərdə mühafizə edilib, qorunub, saxlanılıb bugünkü gənclərə ərməğan edilib.
Arzularımız dilə gəlir bu müqəddəs məkanda. Mavi səmalara nursaçan, hər rəngində bir məna yatan bayrağımızı gördükcə ürəyimizdən süzülüb gəlir kəlmələr: Sən daim dalğalan! Sən daim yüksəklərdə dayan! Səndən güc alır bu torpaq. Sənsən Vətənimin müstəqillik carçısı! Sən əsla enmə. Çünki bir kərə qalxan bayraq bir daha enməz!
Türkanə ƏSƏDOVA
Digər xəbərlər