Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2025-ci il 14 oktyabr tarixli “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 105 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında” Sərəncamı ilə maliyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup maliyyə işçisi təltif olunub. Biz də “Şərq qapısı” olaraq təltif olunan əməkdaşların təəssüratlarını öyrəndik.
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin dövlət aparatının və hüquq-mühafizə orqanlarının Maliyyəsi şöbəsinin müdiri Bulqeyis Novruzova qeyd etdi: “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 105 illiyi münasibətilə bir sıra əməkdaşlarımız kimi mən də “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olundum. Bu mənim üçün böyük şərəfdir. Bildirmək istəyirəm ki, mən “Naxçıvan Muxtar Respublikasının Əməkdar dövlət qulluqçusu”yam və bu ikinci təltifimdir. Artıq 41 ildir ki, dövlət qulluğunda fəaliyyət göstərirəm və bu illər ərzində dövlətimə xidmət etmək mənim üçün böyük qürur mənbəyidir.
Bu yüksək təltifə görə dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu mükafat təkcə mənim deyil, bütövlükdə Maliyyə Nazirliyinin bütün əməkdaşlarının əməyinə verilən dəyərli qiymətdir. Biz kollektiv olaraq bu diqqət və etimadı doğrultmaq, daim dövlətimizə, xalqımıza və muxtar respublikamıza xidmət göstərmək üçün var gücümüzlə çalışacağıq”.
“Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan Sənan İmanov bildirdi: “Hazırda Naxçıvan Şəhər Maliyyə İdarəsində aparıcı məsləhətçi vəzifəsində çalışıram. 32 ildir, bu idarədə fəaliyyət göstərirəm, ümumilikdə isə dövlət qulluğumun 34 ilə yaxın tarixi var. Bu il Maliyyə Nazirliyinin 105 illik yubileyini qeyd etdik və bu münasibətlə təltif olundum. Bu təltif mənim üçün gözlənilməz, eyni zamanda çox sevindirici oldu. Dərin minnətdarlığımı bildirirəm. Bu nişanı təkcə özüm üçün deyil, bütün maliyyə işçilərinə verilən dəyərli qiymət kimi qəbul edirəm. Qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirəcək, göstərilən etimadı doğrultmağa çalışacağam. Eyni zamanda mənimlə birgə təltif olunan bütün həmkarlarımı ürəkdən təbrik edir, onlara da gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Zəhra VƏLİYEVA
Digər xəbərlər