NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Magistraturaya qəbulda esse yazısı ilə bağlı yeni tələb tətbiq olunur

...

2026-cı il üzrə magistratura səviyyəsinə qəbul imtahanında esse yazısı ilə bağlı dəyişiklik edilib. Əvvəlki illərdə esse yazısı bütün ixtisaslar üzrə məcburi tələb olunmasa da, cari ildən etibarən tədrisi ingilis və ya alman dilində aparılan ixtisaslara müraciət edən namizədlər üçün esse tapşırığı üzrə 2 baldan az olmamalıdır. Tədris Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur. Mövzuyla bağlı  Dövlət İmtahan Mərkəzinin Naxçıvan regional bölməsinin müdiri Sabir Məmmədovla həmsöhbət olduq. Onun sözlərinə görə, bu qərar namizədlərin xarici dil üzrə biliklərini yalnız test formasında deyil, eyni zamanda yazılı şəkildə ifadə etmək bacarıqlarını da qiymətləndirmək məqsədi daşıyır.

Bildirilib ki, magistratura səviyyəsində xarici dildə təhsil alan tələbələrin akademik yazı bacarıqları xüsusi əhəmiyyət kəsb edir və yeni tələbin tətbiqi beynəlxalq təhsil standartlarına uyğunluğun təmin edilməsinə xidmət edir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci cəhdi 2026-cı il fevralın 15-də keçiriləcək. İmtahan zamanı bakalavrların məntiqi təfəkkürü, informatika üzrə bilikləri və xarici dil bacarıqları yoxlanılacaq. Xarici dil bloku çərçivəsində test tapşırıqları ilə yanaşı, namizədlərə esse yazmaq üçün mövzu təqdim olunacaq. Qiymətləndirmə zamanı test tapşırıqlarında hər düzgün cavab 1 balla qiymətləndirilir və səhv cavablar ümumi nəticəyə təsir göstərmir. Esse yazısı maksimum 5 balla dəyərləndirilir. Ümumilikdə, imtahanda toplana bilən maksimal nəticə 100 bal təşkil edir. İmtahanın test mərhələsinə 3 saat vaxt ayrılır. Bu mərhələdən sonra cavab kartları yığılır və namizədlərə esse yazısı üçün xüsusi vərəqlər paylanılır. Yazı işinin yerinə yetirilməsi üçün isə əlavə olaraq 30 dəqiqə vaxt verilir.

Dövlət İmtahan Mərkəzinin müdiri vurğulayıb ki, esse yazısının məcburi tələblər sırasına daxil edilməsi magistratura təhsilinə qəbul prosesində daha obyektiv və əhatəli qiymətləndirmənin aparılmasına imkan yaradacaq.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 21.01.2026 16:04