NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Magistratura səviyyəsi üzrə muxtar respublika birincisi

...

Xəbər verdiyimiz kimi magistraturaya qəbul imtahanlarının nəticələri açıqlanıb və muxtar respublika üzrə ən yüksək nəticəni Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Aysu Qasımova əldə edib. O, 95 baldan 85 bal toplayaraq Naxçıvan üzrə birinciliyi təmin edib.

Bu uğuru böyük qürurla qarşıladığını deyən Aysu Qasımova bildirib ki, nəticə onun üçün həm motivasiya, həm də gələcək üçün təşviq mənbəyidir: “Uğura çatmaq üçün uzun müddət planlı və əzmkar şəkildə çalışmışam. Hazırda magistratura təhsilini harada davam etdirəcəyim barədə qərar veməmişəm. Qarşımda bir neçə seçim var və ən doğru qərarı vermək üçün diqqətlə düşünürəm. Əsas məqsədim təhsilimi keyfiyyətli şəkildə davam etdirmək və seçdiyim sahədə peşəkar mütəxəssis olmaqdır”.

Aysu Qasımova bu uğurun əldə olunmasında ailəsinin və müəllimlərinin dəstəyinin əhəmiyyətini də qeyd edib. O bildirib ki, çətin məqamlarda ruhdan düşməyib və məqsədinə çatmaq üçün səbir, əzm göstərib. Həmçinin magistratura imtahanına hazırlaşan digər abituriyentlərə tövsiyələrini çatdırıb. “Məqsədli olmaq, düzgün plan qurmaq və özünə inanmaq uğurun əsas açarıdır. Zəhmət və ardıcıl çalışma insanı istədiyi nəticəyə aparır”, – deyə Aysu Qasımova əlavə edib.

O, gələcəkdə magistratura təhsilini seçdiyi sahədə davam etdirərək elmi fəaliyyətlə məşğul olmaq və biliklərini daha da genişləndirmək niyyətindədir. O bu mərhələnin yalnız şəxsi uğur olmadığını, həm də gələcək karyerasında uğurlu addımlar atmaq üçün vacib təkan olduğunu vurğulayıb.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 18.02.2026 15:37