Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Prezident İlham Əliyevin ənənəyə çevrilən yerli televiziya kanallarına budəfəki dərinməzmunlu, genişkonsepsiyalı müsahibəsində də yaşadığımız qlobal dövrün gün ötdükcə daha da tündləşən geosiyasi mənzərəsinə aydınlıq gətirildi, respublikamızın dünya düzəninin nizama salınması prosesindəki rolu müxtəlif aspektlərdən təhlil edildi. Azərbaycan-Amerika, Azərbaycan-Çin, Azərbaycan-Mərkəzi Asiya ölkələri, Azərbaycan-Türkiyə strateji, ticari, iqtisadi tərəfdaşlıqlarına dair vacib nüanslar diqqətə çəkildi, ölkəmizin çoxvektorlu, balanslı xarici və sosial rifaha xidmət edən daxili siyasətinin əsas məqsədləri, hədəfləri açıqlandı. Dövlət başçısı Qarabağda, Şərqi Zəngəzurda aparılan Böyük qayıdış missiyasına geniş şərh verdi, işğaldan azad olunmuş ərazilərdə yaradılan yeni idaretmə strukturunun, innovativ layihələrin ölkəmizin digər yerlərində də uğurla tətbiq olunacağını diqqətə çatdırdı, Zəngəzur dəhlizinin birinci növbədə Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin əlaqəsi baxımından, eləcə də beynəlxalq dəhliz kimi əhəmiyyətli layihə olduğunu vurğuladı. Sitat: “Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar, təbii ki, Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək. Sözsüz ki, Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii ki, biz buna, ilk növbədə, Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq”.
Prezident İlham Əliyevin proqram xarakterli fikirlərindən, irəli sürdüyü tezislərdən də yola çıxaraq deyə bilərik ki, ötən ilin ən mühüm tarixi hadisələrindən, siyasi nailiyyətlərindən biri də məhz avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardır. Azərbaycan diplomatiyasının son 5 ildəki ən böyük uğur zirvəsi hesab olunan görüş bir sıra aspektlərdən həm region üçün, həm də qlobal miqyasda əhəmiyyət daşıyır. Dövlət başçımız bu tarixi səfərlə, ilk növbədə, uzun illərin ABŞ-Azərbaycan siyasi buzunu tamamilə əritdi, soyuq müharibəyə son qoydu fikrini əminliklə deyə bilərik. Dünyanın bir nömrəli siyasi ofisi – Ağ Evdə dünyanın bir nömrəli ölkəsinin rəhbəri Donald Trampın məhz Prezident İlham Əliyevin şəxsən iştirakı ilə 907-ci düzəlişə son qoyması ABŞ-nin anti-Azərbaycan siyasətinin sonunu gətirməklə Co Bayden “demokratiyası”nın məkrli planını tarixin arxivinə yuvarlatdı. Bu mütərəqqi addım, eyni zamanda uzun illərdir, dünyada “mənəm mənəmlik” edən erməni lobbisinin, bu qara çətir altında daldalanan siyasi oyunbazların hiylələrinin fiyaskayo uğraması deməkdir. Və təbii ki, Azərbaycan-Amerika münasibətlərində yeni səhifənin açılması, strateji tərəfdaşlıq yolunun əsas, düzgün yön, istiqamət kimi tutulmasıdır. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də dediyi kimi: “Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır”.
Azərbaycan Zəngəzur dəhlizinə, ilk növbədə, Naxçıvanla əlaqə kimi baxır
Vaşinqton görüşünü Azərbaycanın Vətən müharibəsində hərb meydanında qazandığı tarixi zəfərinin siyasi masada da qələbə ilə tamamlanması, Azərbaycan-Ermənistan münasibətlərinin müsbət yöndə inkişafına təkan verən hüquqi möhürün vurulması kimi dəyərləndirmək olar. Digər bir deyişlə, 8 avqust razılaşması 8 noyabr hərbi-siyasi qalibiyyətinin məntiqi sonluğu, son 5 ilin diplomatiya zirvəsidir. Bu tarixi addım, eyni zamanda respublikamızın regionda yaratdığı yeni reallıqların dünyada qəbul olunması, Qalib, qətiyyətli Liderin “Azərbaycandan-Azərbaycana maneəsiz keçid olmalıdır”, “Zəngəzur dəhlizi mütləq açılmalıdır” bəyanatlarının praktik təntənəsidir. Bəli, Azərbaycan Prezidenti düşünülmüş, uzaqgörən siyasi yanaşması, məharətli diplomatiyası ilə 30 illik Qarabağ həsrətinə son qoymaqla yanaşı, Naxçıvan Muxtar Respublikasının 30 illik ağır, çətin blokadasını da aradan götürür. Ölkəmizin digər ərazisi ilə birləşməsi, beynəlxalq ticarətin mərkəzinə çevrilməsi Naxçıvan üçün geniş iqtisadi-inkişaf qapılarını açır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngəzur dəhlizinə Azərbaycan dövləti, ilk növbədə, Naxçıvanla əlaqə yaranması nöqteyi-nəzərindən yanaşır, baxır. Eyni zamanda digər bir alternativ yol da icradadır ki, bu da İran ərazisindən keçməklə bağlantını yaradacaq Araz dəhlizidir. Bu bölgədən eyni vaxtda Qərb və Cənub istiqamətlərinə iki yolun açılması bir daha Naxçıvanın Azərbaycan üçün necə önəmli yerə və rola malik olduğunu göstərir. Bu, eyni zamanda Azərbaycan dövlətinin çoxvektorlu, balanslı siyasətinin göstəricisi olmaqla yanaşı, bölgədə davamlı sülh və əməkdaşlıq mühitinin formalaşmasına hesablanıb. Prezident İlham Əliyevin xarici siyasət doktrinasının da əsas prioritetlərindən biri məhz, qonşu, region ölkələri ilə mehriban münasibətlərin bərqərar edilməsidir ki, bu xüsusda da həm Zəngəzur, həm də Araz dəhlizinin rolu olduqca mühümdür, əhəmiyyətlidir.
Ümumilikdə, götürdükdə isə Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur kimi, Naxçıvan iqtisadi rayonu da dövlətimizin xüsusi diqqətindədir, bu 3 coğrafi ərazi yeni idarəetmə modelinin tətbiq edildiyi, müasir çağırışlara cavab verən layihələrin icrasına təşəbbüs göstərildiyi regionlardır. Bu baxımdan Prezident İlham Əliyevin müəllifi olduğu “yaşıl gündəlik”də də Naxçıvanın yeri, payı çoxdur və yaxın illərdə bu istiqamətdə praktiki addımların atılacağı plandadır. Eləcə də işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan digər mütərəqqi metodların muxtar respublikada reallaşdırılması gündəmdədir. Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər paketinin hazırlanması, həmin güzəştlərin 2026-cı ilin yanvarından tətbiqinin nəzərdə tutulması da bu sahədə atılan ilkin mütərəqqi addımdır. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Naxçıvanla bağlı gələcək məqsəd və hədəfləri geniş şərh etdi, bu istiqamətdə qəti addımların atıldığını və atılacağını vurğuladı: “Naxçıvanın Baş Planı da hazırlanır, həm şəhərin, həm də bütün şəhərlərin. Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər “yaşıl enerji” olsun, istər kənd təsərrüfatı, istər suvarma, – indi orada böyük suvarma layihələri icra ediləcək, – istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik”.
Türkiyə ilə yeganə quru yolu əlaqəsi kimi, Naxçıvan Muxtar Respublikasının rolu özünü həm də Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin güclənməsində, iqtisadi, ticari münasibətlərin dərinləşməsində göstərir. Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda bu istiqamətdə də böyük təşəbbüslər irəli sürülüb, yeni layihələrin icrasına başlanılıb. Bu xüsusda, sözsüz ki, Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı Türkiyə tərəfinin qərar qəbul etməsi də olduqca mühüm amildir. Sözügedən irimiqyaslı layihənin icrasının regiona, münasibətlərin tənzimlənməsinə verə biləcək faydaları onilliklərə, yüzilliklərə hesablanıb. Və şübhəsiz ki, həm Qars-Naxçıvan dəmir yolunun inşası, həm də Zəngəzur dəhlizinin reallaşması yaxın gələcəkdə Naxçıvanın Türk dünyasının qapısı statusunu daha da gücləndirməklə həm də TDT-nin nüfuzuna yeni nüfuz qatacaq. Beləliklə, respublikamızın bu mühüm coğrafi regionu həm Azərbaycan-Çin, həm Azərbaycan-ABŞ, həm də Azərbaycan-Mərkəzi Asiya ölkələri, o cümlədən də Azərbaycan-Türk dünyası üçün vahid siyasi, iqtisadi maraq kəsişməsi yaratmaqla etibarlı beynəlxalq ticarət, əməkdaşlıq körpüsü rolunu oynamaqdadır. Və yaxın gələcəkdə bütün bu fikirlərin praktiki təzahürünün şahidi olacağıq.
Ümumilikdə, Prezident İlham Əliyevin qalib lider kimi artıq ənənəyə çevrilən ilin ilk müsahibəsində müasir dövrümüzdə dünyada baş verən qlobal proseslər müfəssəl şəkildə təhlil edildi, bu gedişatda Azərbaycan yeri, rolu və mövqeyi ortaya qoyuldu, gələcək hədəflər açıqlandı. Respublikamızın fəal siyasi, iqtisadi aktor kimi beynəlxalq münasibətlərin tənzimlənməsində, regionlararası, qitələrarası yeni əməkdaşlıq körpülərinin qurulmasında mühüm təşəbbüslərlə çıxış etdiyi bir daha əksini tapdı. Bu tarixi müsahibə dövlət başçısının insanların sosial rifahının yaxşılaşdırılmasının bir nömrəli məsələ kimi daim diqqətində olduğunu, dövlətçiliyin əsas atributlarından sayılan Azərbaycan dilinin qorunmasının, tarixi yaddaşımızın unudulmamasının vacibliyini ön plana çıxartdı. Və qalib lider tərəfindən gələcəkdə qarşıya qoyulan bütün hədəf və məqsədlərə çatmaq üçün respublikamızın kifayət qədər siyasi iradəyə, iqtisadi qüdrətə malik olduğu qəti şəkildə bəyan edildi. “İqtisadiyyatın həcmi, təxminən, 70-80 milyard ABŞ dolları olduqda hər bir faiz artımı, demək olar ki, 1 milyard dollar edir. Bu 1 milyard dolları cəmi bir il ərzində əldə etmək isə asan məsələ deyil. Bununla belə mən hesab edirəm ki, göstəricilər daha yaxşı ola bilər. Neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi düşünürəm. Amma yenə də mənim üçün bu, nə rəqabətdir, nə də yarış. Əsas odur ki, iqtisadiyyatımız bizə inkişaf etməyə, əhali üçün daha yaxşı yaşayış şəraiti yaratmağa, azad edilmiş əraziləri bərpa etməyə, müdafiə qabiliyyətinə investisiya qoymağa və ümumilikdə, iqtisadiyyatımızı daha da gücləndirməyə imkan versin” – sitatın sonu!
Nail ƏSGƏROV
Digər xəbərlər