NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Laçın: qürur və zəfər günü

...

“Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizə keçdi. Laçın strateji əhəmiyyətə malikdir. Laçın Şəhəri Günü bayram tədbirində çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi”.

Bunu “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Şəhla Əhmədova bildirib.

O qeyd edib ki, Vətən müharibəsi bitəndən sonra qısa zamanda işğaldan azad edilmiş ərazilər sürətlə dirçəlməyə başladı: “Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanır, quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici diplomat, siyasətçi, jurnalist erməni vandalizmini, eyni zamanda azərbaycanlıların quruculuğunu əyani şəkildə görür. Heyrətlənməmək olmur, gözlərimizin önündə çox sürətlə, kəndlər, şəhərlər yenidən yaradılır. Laçın həm də xalqın məğrurluq,  mərdlik simvollarından biridir. Strateji baxımdan böyük əhəmiyyət kəsb edir. 30 ilə yaxın yolumuzu gözləyən düşmən əsarətindəki ərazilərimizin işğaldan azad edildiyi günlərin dövlət tərəfindən təsis edilməsi tarixi olduqca qürurverici və xoşdur. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı  ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 26 avqust “Laçın Şəhəri Günü” kimi müəyyən olub. Bu tarix artıq Laçının yenidən dünyaya gəlişi, inkişafı və dirçəlişi günüdür.  Azərbaycan xalqı, dövləti öz övladını bu ruhda, bu amalda tərbiyə edir”.

Deputat vurğulayıb ki, bu gün Laçında yüksək zövq və keyfiyyətlə genişmiqyaslı quruculuq işləri aparılır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəfələrlə Laçına səfər etmələri bu rayonun sürətlə və keyfiyyətlə yenidən qurulmasına yol açıb. Dövlətimizin başçısının hər bir səfəri rayonun həyatına canlanma gətirib, təməli qoyulan və açılışları olunan çoxsaylı layihələrlə zəngin olub.

“Laçın Şəhəri Günü hər birimizin qürur, fərəh günümüzdür. Hər bir qarış torpağımızın düşməndən azad edildiyi gün bizim üçün bayram, əziz gündür. İllərlə yurd, torpaq həsrəti çəksək də, öz əzəli, əbədi torpaqlarımızın bütövlüyünü bərpa etdik. Ötən illər ərzində çox ağladıq, həsrət çəkdik. Bu gün isə qürur, fərəh hissi ilə ərazilərimizin azadlığa qovuşduğu günləri qeyd edirik”-deyə deputat Şəhla Əhmədova bildirib.

Nəşr edilib : 25.08.2025 14:40