NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Laçın Hava Limanı – doğma torpağa qayıdışın ən uca ünvanı

...

Biz bu gün Laçının səmasındayıq... Bəli, uzun illər nisgillə baxdığımız, azadlıq üçün dua etdiyimiz, hər qarışına can verdiyimiz o müqəddəs torpağın səmasında... Göylə yer arasında qəribə bir səssizlik var – qürurun səsi. Duyğuların səsi. Sözlər boğazımızda düyünlənib, baxışlarımız buludlara dəyib geri dönür, gözümüzdə yaş, qəlbimizdə sonsuz sevinc.

Laçın bu gün bir ev kimi sinəsini geniş açıb. Qürurlu ev sahibi kimi qarşılayır qonaqlarını – bu torpağın azadlığı uğrunda canından keçənlərin ruhu ilə, yenidən doğulan Qarabağın nəfəsi ilə. Tədbirə qatılanlarla birlikdə biz də bu mübarək diyara yola çıxdıq. Amma bu, sadəcə, bir yol deyildi, bu, tarixə addım, yaddaşa səfər, şəhid ruhlarına bir səcdə idi. Laçın artıq təkcə coğrafi deyil, mənəvi bir simvoldur. Dirçəlişin, iradənin, mübarizənin və qadın gücünün təcəssümüdür.

Laçın Beynəlxalq Hava Limanına enəndə sanki yeni bir terminala deyil, tarixə enirdik. 

Bura vaxtilə ağrıların, ayrılığın, hicranın rəmzi idi. İndi isə dirçəlişin, yenidənqurmanın, azad nəfəsin ünvanıdır. Laçının səmasında yüksələn hər təyyarə bir xalqın illərlə içində yaşatdığı ümidlərin qanadlanmış halıdır. Hər uçuşda bir dua, hər enişdə bir tarix yatır. Bu hava limanı sabaha açılan qapıdır. Qarabağın qəlbində tikilən bu möhtəşəm məkan bir millətin yenidən doğuluşunun şahididir. Burada çəkilən hər yol, ucaldılan hər bina xalqımızın səbrinin, şəhidlərimizin qanı ilə suvarılmış iradənin canlı sübutudur.

Və bu qapıdan içəri keçərkən – Laçının səmasından ayaq basarkən gözlərim doldu. Qəlbimdə bir-birinə qarışmış sevinc, hüzn və dərin minnətdarlıq vardı. Bu torpağın azadlığı üçün canından keçən şəhidlərimizin ruhu bu gün rahatdır. Onlar bizi görür. Onlar bilir ki, idealları, arzuları, mübarizələri hədər getməyib.

Laçın – bir zamanlar yad əllərdə olan o doğma diyar bu gün Azərbaycan dövlətinin gücünü, liderinin iradəsini, xalqının birliyini dünyaya göstərən bir rəmzdir. Buradan qalxan hər təyyarə, sadəcə, istiqamət deyil, tarix dəyişir. Bu, yeni Qarabağın göydəki qapısıdır – azadlığın göy üzündə çəkdiyi imzadır.

Və biz bu imzanın şahidiyik. Bu torpaqda dayanmaq tarixin öz nəfəsini hiss etməkdir. Qəlbimizin ən dərin qatlarında bir səs səslənir:

Yaşasın Azərbaycan!
Yaşasın xalqımızın qüruru – Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyev!
Yaşasın Laçın – doğulduğu yerdə yenidən dirçələn Vətənin səmadakı simvolu!

Sara ƏZİMOVA
 "Şərq qapısı" qəzetinin baş redaktoru

Naxçıvan-Bakı-Laçın
1 iyul 2025-ci il

Nəşr edilib : 01.07.2025 16:09