NAXÇIVAN :

13 Iyun 2025, Cümə

Konstitusiya və Suverenlik İli: siyasətdə hər zaman Konstitusiyaya, beynəlxalq hüquqa və ədalətə söykənən dövlətimiz bütün dünyaya nümunə təqdim edir

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr  tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik, tariximizin öyrənilməsi, qüdrətli Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəlməsi, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin əhəmiyyətini və mahiyyətini ön plana çıxarmaqda əvəzsiz rol oynayır. Çünki Azərbaycanın uğurlu inkişafının, dövlət siyasətinin əsasını insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi təşkil edir.

XX əsrin son onilliyində Azərbaycan xalqı 2-ci dəfə dövlət müstəqilliyini “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktı ilə bərpa etməyə nail olsa da, bu Aktda Konstitusiya haqqında Azərbaycan Respublikası vətəndaşlarının real hüquq və vəzifələri, dövlətimizin məram və məqsədləri tam mənada öz əksini tapmamışdır. Belə bir vəziyyətdə ölkədə Konstitusiya boşluğu açıq-aydın görünürdü. Bu tarixi zərurəti nəzərə alaraq Ulu Öndər Heydər Əliyev yeni milli Konstitusiyanın hazırlanması qərarına gəldi. Milli Məclisin 1995-ci il 2 may tarixli Qərarı ilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 33 nəfərdən ibarət Konstitusiya komissiyası yaradıldı. Ümummilli Liderimiz Heydər Əliyev yeni milli Konstitusiyanın mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək deyirdi: “Biz elə bir Konstitusiya qəbul etməliyik ki, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin etsin, Əsas Qanun tarixi sənəd olsun. Müstəqilliyimizin əsas atributu olan bu sənəd dövlət və hüquq tarixində xüsusi yer tutan mühüm hadisədir”.

Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkəmizin milli, demokratik, hüquqi dövlət quruculuğunun əsasını qoymuş, yeni dövlətin gələcək inkişafına təkan vermişdir. Əsas Qanunumuzda insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyin göstəricisidir. Sonrakı illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər müasir çağırışları və yenilikləri özündə əks etdirməkdədir. 24 avqust 2002-ci il, 18 mart 2009-cu il, 26 sentyabr 2016-cı ildə keçirilən referendumlarda vəsiqə alan əlavə və dəyişikliklər qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb etdi. Azərbaycan Respublikasının Konstitusiyasında, BMT-nin 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları ilə yanaşı, vətəndaşların əsas vəzifələri də öz əksini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək: “Bu gün qarşımızda duran əsas vəzifələrdən biri Konstitusiyamızın təbliği, onun əsas prinsip və müddəalarının dərindən öyrənilməsi və hər bir vətəndaşın yaşayış normasına çevrilməsidir”.

Azərbaycan Respublikası Konstitusiyasının 4-cü fəsli vətəndaşların əsas vəzifələrinə həsr olunub. Qanunumuzda qeyd edilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız Azərbaycan Respublikasının Konstitusiyası ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməlidir. Çünki hər bir şəxs həm dövlət qarşısında, həm də cəmiyyət qarşısında müəyyən öhdəliklər daşıyır. Hər bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. Vətənini sevməlidirlər. Vətəni qorumaq öz elini, obasını, ana torpağını, yurdunu, şərəfini qorumaqdır. Vətəni qorumaq xalqımızın tarixini, mənəviyyatını, əsrlərboyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu şərəfli yoldur, şərəfli vəzifədir. Çünki Vətən millətin və xalqın yer üzərindəki ünvanıdır. Belə bir müdrik kəlam var: “Vətənini ən çox sevən vəzifəsini ən yaxşı yerinə yetirəndir”. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi: “Gərək nəbzin Vətənin nəbzi ilə vursun... Vətənpərvərlik insanın daxilindəki duyğulardır”. Çünki hər birimiz yaşadığımız cəmiyyətin bir üzvü kimi müəyyən öhdəliklər daşıyırıq.

Konstitusiyada təsbit olunmuş digər bir vəzifə isə dövlət rəmzlərinə hörmətdir. Hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Azərbaycan Respublikasının dövlət rəmzləri – Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir. Çünki dövlət rəmzləri hər bir dövlətin varlığını təcəssüm etdirən əsas amildir. Ulu Öndərin söylədiyi kimi: “Xalqımız üçün qürur yaradan, iftixar hissi verən odur ki, o artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var”. Xalqımızın imzası onun dövlət rəmzlərində ifadəsidir. Hər bir şəxs cəmiyyət qarşısında öz məsuliyyətini dərk edərək vətəndaşı olduğu dövlətin əbədiliyi, mənsub olduğu xalqın tərəqqisi naminə öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası yolundakı ən mühüm mərhələ 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi ilə başlanıb. Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri işğal altında qalmış torpaqlarımızı geri qaytarmaq üçün hərbi əməliyyatlara başladı. Bu müharibə yalnız Azərbaycan xalqının torpaq uğrunda apardığı mübarizə deyil, həm də Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin qorunması uğrunda böyük bir mücadilə idi. 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında müqəddəs Vətən torpaqlarını işğaldan azad etdi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə “Zəfər Günü” kimi yazıldı. 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyi bu ərazilərdə tam şəkildə bərpa edildi. Xankəndi şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə dövlət suverenliyimiz tam şəkildə bərqərar oldu. Bu zəfər Ulu Öndər Heydər Əliyev yolunun və cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin təntənəsinə çevrildi. Bu zəfər bir daha onu göstərdi ki, cənab İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinə xidmət edir.

Ölkə başçısı cənab İlham Əliyevin ötən il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı tarixboyu öz xüsusi əhəmiyyəti ilə seçiləcək. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si imzalanan Sərəncama əsasən hər il ölkəmizdə “Dövlət Suverenliyi Günü” kimi qeyd edilir.

“Konstitusiya və Suverenlik İli” Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı olacaq, həmçinin ölkəmizin beynəlxalq arenada daha güclü mövqeyə sahibliyini və öz suveren hüquqlarını qorumaq istiqamətində prinsipal mövqe tutacağını bir daha nümayiş etdirəcəkdir. Atılacaq yeni addımlar nəticəsində Azərbaycan yeni hədəflərinə də çatacaq. Bu gün qürur hissi ilə deyə bilərik ki, dövlətimiz atdığı addımlarda, apardığı uğurlu siyasətdə hər zaman Konstitusiyaya, beynəlxalq hüquqa və ədalətə söykənərək bütün dünyaya nümunə təqdim edir.

 Səfiyar ABIŞOV

Naxçıvan Dövlət Unversitetinin 

Beynəlxalq münasibətlər və

hüquq fakültəsinin müəllimi

Nəşr edilib : 11.06.2025 14:42