NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Qadın hüquqlarının təsbiti və təminatı”

...

“Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  
Azərbaycan qadını tarixən cəmiyyətin möhkəm təməli, ailə institutunun qoruyucusu və milli-mənəvi dəyərlərin daşıyıcısı olmuşdur. O, yalnız ailəsinin deyil, bütövlükdə, xalqının və dövlətinin inkişafına töhfə vermiş, öz fədakarlığı, zəhməti və müdrikliyi ilə tarixin müxtəlif dövrlərində mühüm rol oynamışdır. Azərbaycan qadını həm ana, həm müəllim, həm də cəmiyyətin fəal üzvü kimi ictimai həyatın müxtəlif sahələrində yer almış, elmi, mədəni, siyasi və sosial proseslərin ayrılmaz hissəsinə çevrilmişdir. Onun hüquq və azadlıqlarının qorunması, cəmiyyətdə fəal iştirakına geniş imkanların yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Tarixən fərqli sahələrdə önəmli nailiyyətlər qazanan Azərbaycan qadını bu gün də öz bilik və bacarığı, zəngin mənəvi dünyası ilə ölkənin sosial-iqtisadi və mədəni inkişafına mühüm töhfələr verməyə davam edir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq və seçki hüququnu təsbit etdi. 1919-cu il iyulun 21-də parlamentin qəbul etdiyi qanunla qadınlara seçib-seçilmək hüququ verildi. Azərbaycan Xalq Cümhuriyyəti bu addımla müsəlman Şərqində qadınlara ilk seçki hüququ verən ölkə kimi tarixə düşdü. Bu, ABŞ, Fransa, İspaniya və digər Avropa ölkələrindən əvvəl atılmış demokratik addım idi. Azərbaycan qadınının bu hüquqa sahib olması, onun mədəni və intellektual potensialının parlaq göstəricisidir.
Qadınlarımız ilk səsvermə hüququnu qazandıqları gündən bu günə qədər mənəvi dəyərləri və fəallıqları ilə ölkənin mədəni, ictimai və siyasi həyatında mühüm rol oynayırlar.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan qadını dövlətin ictimai-siyasi, iqtisadi, mədəni həyatın iştirakçısına çevrilmiş və bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmasına ciddi diqqət göstərilmişdir.
Azərbaycan Respublikasında qadın hüquqları ilə əlaqədar möhkəm, dayanıqlı hüquqi baza yaradılmış, ölkəmiz müvafiq sahə ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşdur. Belə ki, müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləmiş, qadınların demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratmışdır. Ümummilli Lider qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət edirdi. Müstəqilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Həmçinin “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli Sərəncam və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanın Ulu Öndər tərəfindən imzalanması ölkədə uğurla həyata keçirilən dövlət qadın və gender siyasətinin nə qədər önəm kəsb etdiyindən xəbər verir.
Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də xalqımız üçün bir mayak olmaqla inkişaf və tərəqqi yolumuzu müəyyənləşdirir. Onun siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin atdığı addımlar da hər bir azərbaycanlıda qürur və fərəh hissi yaradır.
“Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır” ,–deyən ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən hazırda müstəqil ölkəmizdə dövlət qadın və gender siyasəti uğurla həyata keçirilir. Qadınların hüquqlarının qorunması, sosial problemlərinin həlli ilə əlaqədar qanunvericilik bazası təkmilləşdirilir, Dövlət proqramları qəbul edilir. Ölkəmizdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranması və müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, həmçinin müvafiq sahədə qanunvericilik aktlarının qəbul edilməsi, xüsusən də 2006-cı il 10 oktyabr tarixində “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində və həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Gender siyasətinin tələblərinə uyğun olaraq hazırda ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunur, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dərin bilik və intellektə malik ziyalı, peşəkar siyasətçi və humanist qadın obrazını dünyaya təqdim edir. O, sosial məsələlərin həlli, xüsusi qayğıya ehtiyacı olan ailələrə, qadınlara və uşaqlara dəstək istiqamətində xeyirxahlıq missiyasını həyata keçirir. Mehriban xanım həm də beynəlxalq nüfuza malik ictimai-siyasi xadim və əsl Azərbaycan qadını nümunəsidir.
Dövlət qadın və gender siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının müdafiə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm göstəricilərindən biridir. 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Müvafiq Dövlət proqramında sosial sahələrin inkişafı ilə bağlı bir çox layihələrin icrası nəzərdə tutulmuşdur ki, bu da muxtar respublikada ailə, qadın və uşaq məsələlərinin həll olunmasına yaradılan şərait və eyni zamanda onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.  
Naxçıvan qadınları muxtar respublikanın sosial-iqtisadı, mədəni, ictimai həyatında fəal iştirak edirlər. Onlar dövlət quruculuğu, hüquq-mühafizə, elm, səhiyyə, təhsil,  mədəniyyət, idman, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərirlər. Bunu statistik rəqəmlər də təsdiq edir. Belə ki, muxtar respublika əhalisinin 50.08%-i, işləyən təbəqənin 39.60%-i qadınların payına düşür. Təhsil sahəsində işləyənlərin 70.16%-ni, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin 80.38%-ni, istirahət, əyləncə– incəsənət sahəsində işləyənlərin isə 61.30%-ni qadınlar təşkil edir. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 35.55%-ni qadınlar təşkil edir. Muxtar respublikada     Ali Məhkəmənin sədri, Ombudsman, komitə sədri və müavini, həmçinin icra başçısının müavinləri, hakim, vəkil və Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində çalışan qadınlarımız da vardır. Muxtar respublikanın idarə və təşkilatlarında onlarla qadın rəhbər vəzifələrdə işləyir. Muxtar respublikada 6 mindən artıq qadın idmanla məşğul olur ki, bu da idmanla məşğul olanların 24.06 faizi deməkdir.
Muxtar respublikada təhsilin inkişafına xüsusi qayğı göstərilir. Yaradılan şəraitdən istifadə edərək yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran gənc nəsil yetişir və onlar arasında hər sahədə olduğu kimi, qızlarımızın da rolu diqqətəlayiqdir. Belə ki, 2023-2024-cü tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 49.7 faizini, yəni 917 nəfərini qızlar təşkil etmişdir ki, bunların içərisində 500-700 intervalında bal toplayanların 186-si, yaxud 20.28 faizi qızlar olmuşdur.
Maarifpərvər sələflərinin irsini uca tutan qadınlarımız bu gün də sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətin inkişafına töhfə verirlər.
Naxçıvan qadınları professor, elmlər doktoru, dosent, fəlsəfə doktoru kimi elmi dərəcələrə yiyələnərək, elmi fəaliyyətləri ilə Azərbaycan elminə mühüm töhfələr verir. Belə ki, muxtar respublikada 1 professor,  8 elmlər doktoru,  60-dan artıq dosent, 120-dən artıq fəlsəfə doktorları olan qadın  vardır.
Məlumdur ki, qadın siyasətinin nüvəsini təşkil edən amillərdən biri də qadın sağlamlığıdır. Qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsi daim nəzarətdə saxlanılır.
  Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirir, onların ictimai həyatda da iştirakını təmin edir. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların rifah hallarının yüksəldilməsi üçün istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların sənət əsərləri nümayiş etdirilir. Ötən il komitə tərəfindən özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 347 şəxsin 22643 manat dəyərində 2553 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilmişdir.
Həmçinin muxtar respublikada tənha, ahıl qadınlara sosial xidmətlər göstərilir, şəhid, əlil, aztəminatlı, tək ailə başçısı olan qadınların problemlərinın həlli ilə əlaqədar tədbirlər görülür, onların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün peşə kursları təşkil olunur,  peşəyönümlü təlimlərə cəlb olunurlar. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan qadını daima ailə dəyərlərinin qorunması, ailəsinin sağlamlığının təmin olunması, üzərinə düşən vəzifələrin istər ailədə, istər sə də cəmiyyətdə həyata keçirilməsi ilə bağlı əlindən gələni əsirgəməmişdir. Bunun nəticəsidir ki,  Azərbaycan qadının böyüdüb tərbiyə verdiyi igid, vətənpərvər, mərd oğulları sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu, torpaqlarımız işğaldan azad edildi. İnanırıq ki, bundan sonra da Azərbaycan qadını bu dəyərləri qoruyub saxlayacaq, vətənimiz üçün əllərindən gələni əsirgəməyəcəklər.  
Bütün dövrlərdə, xüsusən də ölkəmiz müstəqillik qazandığı ötən müddət ərzində muxtar respublika qadınlarının fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir, fəxri adlara, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, 188 qadın Azərbaycan Respublikasının, 208 qadın Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, 195 qadın isə orden, medal və nişanlarla təltif olunmuşdur.
İnanırıq ki, Naxçıvan qadınları həmişə olduğu kimi, “Konstitusiya və Suverenlik İli”ndə də ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, onlara göstərilən etimadı doğruldacaq, müstəqillik salnaməsini yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir.

Nəşr edilib : 08.03.2025 12:19