Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu gün dəyərini itirən nələr var? Suallar çoxdur. Amma cavablar da bir o qədər ağırdır. Gözümüzün önündə bəzən bir xalqın yüzillərlə yaşatdığı tarixi ənənələri, milli yaddaşı, əcdad mirasını unudan nəsil yetişir. Sanki kökündən qopan bir budaq kimi… Ənənələr yalnız keçmişin izləri deyil. Onlar bir millətin şəxsiyyətidir, kimliyidir, ruhudur. Milli geyimimizi, musiqimizi, folklorumuzu, bayramlarımızı, ailə münasibətlərimizi yaşadan bir xalq zamanla ayaqlaşa bilər, amma özündən imtina edərsə, onu dünya tanımaz.
Nəyi itiririk, fərqindəyikmi?
Toylarımızda sazın yerini səssiz DJ-lər alır, qədim adətlərimiz “çox köhnəlib” kəlməsi ilə silinir. Dədə-babalarımızın məclisdəki oturuşu-duruşu, ailə böyüyünə hörmət, halal zəhmət anlayışı – bunlar “nostalji” deyil, yaşadılmalı dəyərlərdir. Bəzən milli bayramlarımızı belə internet trendlərinin kölgəsində xatırlayırıq. Keçmişindən, ənənəsindən xəbərsiz gənclik, hansı istiqamətdə irəliləyə bilər? Hansı yolla getməyi seçsə, özünü axtarmağa məhkum olacaq.
Biganəlik – səssiz düşmənimiz
Biganəlik qışda donmuş torpaq kimidir – nə toxum tutur, nə də məhsul verir. Tarixi ənənələrə laqeyd yanaşmaq bizə görünməyən, amma dərin yaralar vuran bir zərbədir. O, ailədən başlayır, məktəbdə böyüyür, cəmiyyətdə kök salır. Bu gün bir övlad “Niyə papaq atılır?”, “Niyə bayram tonqalı qalayırıq?”, “Niyə Novruzda səməni cücərdirik?” –deyə sual verirsə və bu suallar cavabsız qalırsa, artıq zəng çalır. Təkcə keçmişin zəngi deyil, gələcəyin təhlükə siqnalı...
Çarə dəyərlərə qayıdışdır
Biz gələcəyi inşa etməyə çalışırıq, amma bəzən özümüzdən o qədər uzaqlaşırıq ki, kimliyimizi itiririk. Süni zəka, texnologiya, sürətli internet bütün bunlar var, amma bir sual cavabsız qalır: bəs biz bu gələcəkdə kim olaraq davam edirik? Ənənələrdən imtina edərək “müasir” görünmək istədiyimiz hər an özümüzü yox edirik, amma fərqinə varmırıq. Halbuki həll yolunu irəlidə deyil, öz keçmişimizdə axtarsaq, bəlkə də, ən doğru gələcəyi tapacağıq. Çünki çökən millət keçmişini itirən xalqdır.Tarixi ənənələr nəfəs aldığımız, danışmadan danışan dəyərlərdir. Əgər bir xalq öz nağılını unudursa, onun gələcəyi də əfsanəyə dönər. Unutmayaq ki, ənənə yalnız keçmiş deyil, o gələcəyə uzanan gizli körpüdür. Əgər biz tarixi ənənələrimizi sevgi ilə yaşatmasaq, başqaları tariximizi bizə unutduracaq. Tarixi unutmaq yaddaşsız yaşamaqdır. Ənənəni yaşatmaq isə keçmişlə gələcəyin əl-ələ verməsidir. Bu vəzifəni yerinə yetirmək hər birimizin borcudur.
Günay HACIYEVA
Digər xəbərlər