NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Kiçik ürəyin böyük xəyalları

...

Bəzən güc yaşla ölçülmür. Bəzən güc kiçik bir ürəyin içində böyük arzularla döyünür. Xədicə Bayramova da elə o balaca, amma iradəsi böyük olan qızlardandır. O, idmana cəmi 7 yaşında başlayıb. Bu yaşda bir çox uşaqlar oyuncaqlar arasında seçim edərkən Xədicə artıq öz yolunu seçmişdi, karate yolunu. Onun üçün bu seçim artıq gələcəyə atılan ilk inamlı addım idi.
Karate onun üçün yarışdan, ya da məşqdən daha çoxudur. Bu, nizam-intizam, səbir və özünə inamın onda formalaşmasının səbəbidir. Hər məşqdə atdığı addım, vurduğu zərbə, etdiyi hərəkət onun xarakterini bir az da möhkəmləndirir. Kiçik əllərində böyük bir güc, baxışlarında isə qətiyyət yaradır. Məhz bu mübarizə onu daha da böyüdür, daha da gücləndirir.
Bu gün Xədicə qarşısına daha böyük hədəf qoyub. O, aprel ayında keçiriləcək dünya çempionatına hazırlaşır. Bu yarış vasitəsilə əzmini və inamını bir daha sınaqdan keçirəcək. Yorulduğu anlar olsa da, geri çəkilməyi düşünmür. Çünki o artıq anlayır ki, uğur zəhmətin bəhrəsidir və onun zəhməti artıq öz bəhrəsini verib. 12 aprel 2024-cü ildə Xədicə dünya çempionu adını qazanaraq adını qaliblər sırasına yazdırıb. Bu qələbə o kiçik qızın böyük iradəsini göstərir, əslində. O gün tatamidə dalğalanan bayraq, səslənən alqışlar və gözlərindəki sevinc illərlə çəkilən zəhmətinin ən gözəl mükafatı olub, bəlkə də. Xədicə kimi balaca xanım idmançıların varlığı bir daha sübut edir ki, Azərbaycan qızları həm zərif, həm də güclüdürlər. Onların arzuları böyük, addımları isə inamlıdır. Bu balaca karateçi gələcəyin çempionu olmaq üçün bu gündən əzmlə çalışır və hər zərbəsində zərifliyin gücünü, iradəsini və qürurunu daşıyır. Onun hekayəsi göstərir ki, böyük uğurlar məhz kiçik, amma cəsarətli addımlarla başlayır. 

Elnurə CƏFƏROVA
 

Nəşr edilib : 08.03.2026 19:23