Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Gənclik illəri həyat məktəbinin hər gün yeni yaradıcılıq həvəsi, yaratmaq ruhu aşılayan, insanı xoşbəxt gələcəyə aparan sinfidir. Düşüncənin və təfəkkürün daha sürətli inkişaf etdiyi, yeni ideyaların formalaşdığı bu dövr gələcək həyat mərhələlərinin taleyini müəyyənləşdirən həlledici məqamlarla yadda qalır. Əlbəttə, hər bir uğurun və nailiyyətin arxasında zəhmət dayanır.Bu mənada, muxtar respublikamızın gəncləri çox şanslı və xoşbəxtdirlər. Çünki onların qarşısında geniş imkanlar və uğura aparan yollar açılıb. Təsadüfi deyil ki, bu gün müxtəlif sahələrdə bacarığını və potensialını göstərən onlarla gəncin uğur hekayəsinə şahidlik edirik.
“Şərq qapısı” qəzetinin əməkdaşları olaraq bu dəfə ailəsinə dəstək üçün kiçik sahibkarlıq sahəsində ilk addımlarını atan daha bir gəncdən bəhs edəcəyik. Bu məqsədlə həmkarlarım Səhnə Tağızadə və Zülfüqar Qurbanlı ilə birlikdə Babək rayonunun Zeynəddin kəndinə üz tutduq. Bu qədim yurd yerinin həm yaşlı, həm də gənc sakinləri zəhmətsevərlikləri ilə seçilirlər. 23 yaşlı Elmin Quliyev də onlardan biridir. O, qısa müddət ərzində kiçik sahibkarlıq sahəsində öz dəst-xətini formalaşdırmağa başlayıb.Elmin kənd təsərrüfatı və yerli məhsulların istehsalı sahəsində “Sümbülüm” markası ilə fəaliyyətə başlayıb. O deyir ki, mənim üçün bu yola çıxmaq, sadəcə, qazanc əldə etmək məqsədi daşımırdı. Uşaqlıqdan torpağa, kənd həyatına böyük bağlılığım var idi. Zeynəddinin təbiəti və insanlarının zəhməti mənə həmişə ilham verib. Elə bu səbəbdən də kəndimizin adını, ruhunu əks etdirən bir işə başlamaq qərarına gəldim.
Elminin sözlərinə görə, bu işə ailəsinin dəstəyi ilə başlayıb. İlk məhsullar kompot, turşu, təbii cemlər və digər ev konservləri anası və bacılarının köməyi ilə hazırlanıb. Niyə məhz “Sümbülüm” adı? – sualımıza cavab olaraq Elmin bildirdi ki, bu ad təsadüfi seçilməyib, bu adla markaya doğmalıq, səmimiyyət və yerli ruh qatmaq istədim. Sümbül bolluğun, zəhmətin və halal qazancın rəmzidir.
Gənc sahibkar gələcək planlarından da danışır: –Məqsədim təkcə sahibkar kimi uğur qazanmaq deyil. Eyni zamanda kəndimizdə digər gənclərə də ilham vermək istəyirəm. Düşünürəm ki, biz öz torpağımıza bağlı olaraq təbii məhsullarla yerli marka yaratmalı və gələcək karyeramızı bu istiqamətdə qurmalıyıq. Hələlik işə yeni başlamışıq, amma artıq öz həyətimizdə yetişən məhsullardan bir neçə çeşiddə qablaşdırma hazırlamışıq.Bu işin əsas yükünü isə onunailə üzvləri daşıyır. Onların fədakarlıqla çalışmasının yaxından şahidi oluruq. Əziyyət çəksələrdə, yorulsalar da,Elminin sevinci mənə güc verdi. Məhsulların hazırlanmasında təmizlik və səliqəyə xüsusi önəm verdiklərini deyirlər. Elminin hekayəsi bir daha sübut edib ki, gənclik enerjisi, zəhmət və düzgün yanaşma bir araya gələndə uğur qaçılmaz olur. O, nəinki öz həyatında yeni bir yol açır, həm də başqalarına nümunə olur. Bizdə Elminə bu yolda uğurlar arzu edirik.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər