Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu gün Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib. Tədbirdə yalnız rəhbər şəxslər deyil, eyni zamanda gənclər və tələbələr də diqqət mərkəzində olub. Biz də tədbir çərçivəsində layihələr hazırlayan bir neçə tələbə ilə həmsöhbət olduq.
Həmin tələbələrdən biri Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Zərrin Məmmədlidir. Onun tədbir çərçivəsində təqdim etdiyi layihə iştirakçıların diqqətini cəlb edib.
Layihə çərçivəsində istifadəçilərə Möminə xatun türbəsi, Culfa ərazisində yerləşən Əlincəqala, Gülüstan türbəsi, Ordubaddakı Qeysəriyyə binası və Cümə məscidi kimi tarixi məkanlar haqqında səsli məlumatlar təqdim olunub. Bu yanaşma həm yerli sakinlərin, həm də turistlərin abidələr haqqında daha əlçatan və maraqlı formada məlumat əldə etməsinə imkan yaradıb. Zərrin Məmmədli qeyd etdi ki, layihənin əsas məqsədi Naxçıvanın zəngin tarixi irsini müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya çatdırmaq və rəqəmsal mühitdə bu dəyərlərin tanıdılmasına töhfə verməkdir.
Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin Energetika mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Elnur Tağıyev isə “4 fəsil enerji sistemi” adlı layihəsi ilə çıxış etdi. Layihə ilin müxtəlif fəsillərində alternativ enerji mənbələrindən səmərəli istifadə imkanlarını əhatə edir.
Elnur Tağıyev bildirdi ki, layihənin əsas ideyalarından biri qış mövsümündə enerji əldə olunması ilə bağlıdır. Belə ki, çöldəki soyuq hava ilə daxili mühitdəki isti hava arasındakı temperatur fərqindən istifadə etməklə enerji əldə olunması nəzərdə tutulur. Bununla yanaşı, layihədə alternativ enerji mənbələri kimi su, külək və günəş enerjisindən istifadə imkanları da yer alır. Tələbə qeyd edib ki, məqsəd müxtəlif təbii resurslardan istifadə etməklə dayanıqlı və ekoloji cəhətdən təmiz enerji sisteminin formalaşdırılmasına töhfə verməkdir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Kompüter mühəndisliyi ixtisasının II kurs tələbələri Ayxan Həsənzadə və Əli Quluzadə isə birgə hazırladıqları layihə ilə iştirak etdilər. Onların təqdim etdiyi “Root AI” adlı layihə kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş innovativ prototipdir.
Layihə torpağın bir sıra mühüm göstəricilərini ölçə bilən çoxfunksiyalı cihazın hazırlanmasını əhatə edir. Belə ki, cihaz vasitəsilə torpağın pH dəyəri, maqnezium və dəmir tərkibi, eləcə də nəmlik və temperatur göstəriciləri müəyyən olunur.
Layihə müəllifləri bildirdilər ki, bu tip çoxfunksiyalı cihazlara həm yerli, həm də dünya bazarında çox nadir hallarda rast gəlinir. Onların əsas üstünlüyü məhz bir neçə funksiyanı eyni anda yerinə yetirə bilən sistem hazırlamalarıdır.
Zəhra VƏLİYEVA
Digər xəbərlər