Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Siyasi masadakı qələbə
27 il ərimədi Murovun qarı. Buz kəsdi Ömər aşırımı. 27 il yuxuları qarışdı Kəlbəcərin, ta ki həmin ilə kimi. Şuşa dağları səs edib xəbər gətirmişdi ona: “Hazır ol! İgid oğullar gəlir, səni də mənim kimi azad edəcəklər”, – deyə. Şuşa dağlarından çəkilən dumandan sonra doğulan günəşin istisi Kəlbəcəri də isidirdi artıq. Və bir səhər qırılan ağacların səsi, tüstülənən evlərin alovunun istisi onu yuxudan oyatdı. Həmin gün dərindən bir ah çəkdi Kəlbəcər. Yenə eyni mənzərə var idi, evlər od tutub yanır, meşələr qırılır, insanlar onu tərk edirdi. Yox, burada bir fərq var idi. Bu dəfə gedənlər çağırılmamış qonaqlar idi. Gəldikləri kimi də getdilər, yenə dağıdıb, yandırıb. Amma bir şeyi unudurdular ki, torpaq öz sahibinin əlində olanda cənnətə dönür. Bundan əmin idi, bu dağlar cənnəti. Əmin idi, ona görə də qəlbi heç kədərlənmədi evləri, ağacları yandırıb gedəndə çağırılmamış qonaqlar. Əksinə, sevindi ki, od-alov düşmənin izini sildi qoynundan. Artıq bu torpaqda bir ayaq izi var, o da Azərbaycan əsgərinin ayaq izidir. Payızın son günlərindən birində – 25 noyabrda Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi öz sahibinə qaytarıldı. Qəhrəman Azərbaycan əsgəri 44 gündə elə bir igidlik göstərmişdi ki, Kəlbəcəri bir güllə atmadan azad etmişdi. Şad xəbəri Ali Baş Komandan xalqa müraciətində verərək dedi: “Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. ...Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan. Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik”. Müzəffər Sərkərdənin Kəlbəcərin qəlbində zəfər bayrağını göylərə çəkdiyi gün dağların başındakı cənnət öz xoşbəxt gələcəyinə qədəm qoydu. Azad edilən ərazilərə həyat qayıtdıqca bahar çiçəkləri daha gözəl açmağa başladı. Dağların zirvəsindəki cənnətin – İsti suyunun şöhrəti özünə qayıtdı. Yeni-yeni yaşayış binaları inşa edildi. Artıq öz çırağımız yanmağa başladı Kəlbəcərdə.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü. Nəticədə, 60 min kəlbəcərli ölkənin 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və sair talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
Biz isə qurub-yaradanıq
İşğaldan azad olunduqdan sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Kəlbəcər zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Relyefi dağlıq olan rayon ərazisi faydalı qazıntılarla zəngindir. Rayonun gözəl təbiəti, əlverişli relyefi, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafını şərtləndirir. Kəlbəcər rayonu həm də turistlərdə maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Şanlı qələbə nəticəsində işğaldan azad edilən digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət daşıyır.
Kəlbəcərin azad olunmasından sonra dəfələrlə bu cənnət şəhərə səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir çox təməlqoyma və açılış mərasimlərində də iştirak ediblər. İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Kəlbəcərə də Böyük Qayıdışla bağlı həyata keçirilən bütün işlər birbaşa dövlət başçısı İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Kəlbəcərə ilk səfərini 2021-ci il avqustun 16-da edən ölkə başçısı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunellərin təməlini qoyub, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasını işə salıb, uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinin gedişi ilə maraqlanıb. 2022-ci il 26 iyunda Kəlbəcərə səfər edən dövlət başçısı Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, Kəlbəcər Zəfər və İşğal muzeylərinin təməlini qoyub. Həmin gün Kəlbəcərin rəmzi sayılan “İstisu” sanatoriyasının və “İstisu” Mineral Su Zavodunun da təməlləri atılıb. Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edən dövlət başçısı Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında olub.
Kəlbəcər şəhəri ilə bərabər rayonun kəndlərinin də inkişafı dövlətimizin xüsusi nəzarətində saxlanılır, çətin relyefli olan bu ərazidə infrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər çəkilir, su elektrik stansiyaları qurulur, bir sözlə, kompleks işlər görülür.
Prezident İlham Əliyevin 2023-cü ilin mayın 27-də Kəlbəcərə növbəti səfəri də mühüm açılışlarla, yeni bünövrələrin qoyulması ilə əlamətdar oldu. Həmin gün Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub. Bu yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Məhəllədə dördmərtəbəli üç və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə, ümumilikdə, 460 nəfərdən çox sakin yaşayacaq. Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməli də həmin gün atıldı. Bu səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini də qoydu. Kənddə, ümumilikdə, 421 ailənin məskunlaşması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılıb.
Həmin ilin avqustunda isə dövlət başçısı Kəlbəcər rayonunun Zar kəndinin də təməlini qoydu. Kənddə, ümumilikdə, 855 ailənin məskunlaşması nəzərdə tutulub. Təməlləri qoyulan hər iki kənddə əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.
Vətənimizin ən gözəl guşələrindən biri olan Kəlbəcər həm də su elektrik stansiyalarının tikintisi üçün çox əlverişli bölgədir.
Dövlət başçısının sözügedən tarixdəki səfəri zamanı rayonda iki su elektrik stansiyasının – “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının və “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışı həyata keçirildi.
Həmçinin səfər çərçivəsində ölkə Prezidenti uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək, ümumilikdə, bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu.
I, II və III texniki dərəcəli Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.
Kəlbəcər-Laçın avtomobil yolu isə mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq. 2 sentyabr 2024-cü ildə rayona səfər edən dövlət başçısı Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və modul tipli məktəbin layihəsi, 524 ailəlik yaşayış kompleksinin, Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, inzibati binanın təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” Mineral Su Zavodunun, “İstisu” Yarımstansiyasının, “Zar” KSES-in açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını edib. Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.
Cari ilin avqust ayının 21-də Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu ailələr Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində məskunlaşıblar. Ölkə başçısı Kəlbəcər şəhərində salınacaq 4-cü yaşayış kompleksinin də təməlini qoyub. Qeyd edək ki, kompleksin ümumi ərazisi 10 hektara yaxındır. Burada 807 ailənin məskunlaşdırılması planlaşdırılır. Tikiləcək 26 yaşayış binasının hər biri 4 mərtəbədən ibarət olacaq. Ümumilikdə, 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı və 82 dördotaqlı mənzil nəzərdə tutulur. İlk mərtəbələrdə məişət və ticarət obyektləri yerləşəcək ki, bu da sakinlərin gündəlik ehtiyaclarının elə yaşadıqları məkan daxilində təmin olunmasına imkan verəcək. Lakin layihə yalnız yaşayış binaları ilə məhdudlaşmır. Burada uşaqlar üçün oyun meydançaları, idman sahələri, velosiped yolları, istirahət guşələri və söhbətgahlar inşa ediləcək. Kəlbəcərdə salınacaq müasir məhəllə həm şəhərin simasını dəyişəcək, həm də burada yeni ictimai həyatın başlanğıcını qoyacaq. Ümumilikdə, Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla, 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.
Artıq Kəlbəcərdə yeni həyat qaynayır, 4 ildir ki, heyvandarlıqla, arıçılıqla məşğul olan təsərrüfatçılarımızın Kəlbəcər yaylaqlarına köç etməsi isə buna ən parlaq nümunələrdəndir. Hələ 2021-ci ilin 16 avqustunda Kəlbəcərdə səfərdə olan ölkə başçısı buraya köç edən arıçılarla görüşüb söhbət edərkən demişdi: “Bizim balımız da çox keyfiyyətlidir. İndi Kəlbəcər balı, yəqin ki, bütün digər yerlərdən daha da keyfiyyətli olacaq”.
Kəlbəcər həm də Azərbaycanın qərb qapısıdır. 1993-cü ildə bu rayonun işğal altına düşməsi nəticəsində digər rayonlarımızın da asanlıqla düşmən əlinə keçməsi ilə nəticələnmişdi. Buna görə də strateji mövqeyə malik Kəlbəcərdə dövlət sərhədlərimizin toxunulmazlığı, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində hərtərəfli işlər həyata keçirilir. Kəlbəcərin diplomatik masada qazanılan zəfər sayəsində geri qaytarılması dövlət başçısının düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi idi.
Xatırladaq ki, 26 iyun 2022-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərdə yeni yaradılmış komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdi. 2023-cü ilin mayın 27-də isə qalib lider Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak etdi, burada yaradılan şəraitlə tanış oldu. Müzəffər Sərkərdə deyib: “İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.
Bizim ordumuz bunu 44 gündə və sonrakı əməliyyatlarda bir daha sübut etdi. Və 27 il öz yurdundan uzaq düşməyə məcbur olan 60 min kəlbəcərlinin ümidləri 25 noyabr 2020-ci ildə gerçəyə döndü. “Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”, – deyən Ulu Öndərin arzusu da yerinə yetdi həmin gün. Və bu gün dağların incisi Kəlbəcər öz gözəl günlərinə geri dönür. Dağlar qol açıb doğmalarını qucaqlayır.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər