Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
İsveçli sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda yeni film layihəsinin çəkilişlərinə başlayıb. Bununla bağlı yerli media nümayəndələri ilə keçirilən görüşdə rejissor həm əvvəlki yaradıcılıq təcrübəsindən, həm də üzərində çalışdığı yeni sənədli film barədə geniş və əhatəli məlumat verib. Çıxışına təşəkkürlə başlayan rejissor Naxçıvan Muxtar Respublikasında yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. O, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilova, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə göstərilən səmimi qonaqpərvərlik və layihəyə verilən dəstəyə görə təşəkkürünü bildirib. Rejissor vurğulayıb ki, Naxçıvana artıq üçüncü dəfə səfər edir və hər səfər onun üçün yeni təəssüratlar, yeni kəşflərlə yadda qalır. Onun sözlərinə görə, bu möhtəşəm diyarın zəngin tarixi və mədəni irsi hər dəfə daha dərindən öyrənilməyə imkan yaradır.
Mikael Silkeberq qeyd edib ki, onun Naxçıvanla ilk tanışlığı əvvəlki sənədli filmi “Nuhun ayaq izləri” ilə başlayıb. Təxminən, 40 dəqiqə davam edən bu film Naxçıvanı insan sivilizasiyasının qədim beşiklərindən biri kimi təqdim edir. Rejissor bildirib ki, həmin ekran əsərində tarix və əfsanənin bir-birinə qovuşduğu, mədəni yaddaşın isə minilliklər boyu qorunub saxlanıldığı bir məkan təsvir olunub. O, Naxçıvanı bu filmdə canlı arxiv kimi təqdim etməyə çalışdığını qeyd edib. Burada təbiət, tarixi abidələr və mədəni yaddaş bir-birini tamamlayır.
Filmin çəkilişləri zamanı regionun bir sıra mühüm məkanları lentə alınıb. Rejissor, xüsusilə “Azərbaycanın Maçu Piçusu” adlandırılan Əlincəqala kimi möhtəşəm qalaları, Ordubadın tarixi şəhər mühitini və burada yerləşən unikal Qeysəriyyə kompleksini, insan yaradıcılığının ən qədim izlərini özündə daşıyan Gəmiqaya qayaüstü təsvirlərini, eləcə də mənəvi dəyərlərin bu gün də yaşadıldığı Əshabi-kəhf ziyarətgahını xüsusi vurğulayıb. Bununla yanaşı, film Naxçıvanın zəngin intellektual və bədii irsini də əhatə edib. Bu kontekstdə Hüseyn Cavidin fəlsəfi irsi və Bəhruz Kəngərlinin incəsənətdəki həssas yanaşması ekran işində əks olunub.
Rejissorun sözlərinə görə, “Nuhun ayaq izləri” filmi təkcə Azərbaycanda deyil, Avropa ölkələri də daxil olmaqla müxtəlif məkanlarda nümayiş etdirilib və bu unikal regionun beynəlxalq auditoriyaya tanıdılmasına mühüm töhfə verib. O bildirib ki, həmin film vasitəsilə Naxçıvanı uzaq və aztanınan bir məkan kimi deyil, dərin tarixi davamlılığa, zəngin mədəniyyətə və çoxqatlı insan hekayələrinə malik bir diyar kimi təqdim etməyə çalışıb.
Mikael Silkeberq hazırda üzərində işlədiyi yeni sənədli filmin “Yaddaşda yaşayan Vətən” adlandığını diqqətə çatdırıb. Bu layihə Cənubi Qafqazda məcburi köçkünlük yaşamış azərbaycanlıların mədəni irsinə həsr olunub. Rejissor bildirib ki, film, əsasən, mədəniyyətin yaddaş vasitəsilə necə qorunduğunu, sənət və ənənələrin insanların həyatında hansı rolu oynadığını araşdırır.
Onun sözlərinə görə, Naxçıvan bu film üçün xüsusi əhəmiyyət daşıyan çəkiliş məkanıdır. Bu seçim yalnız coğrafi yaxınlıqla deyil, eyni zamanda regionun zəngin mədəni, musiqi və kulinariya ənənələri ilə bağlıdır. Çəkilişlər zamanı qeyri-maddi mədəni irsin bir sıra mühüm elementləri xüsusi diqqət mərkəzində saxlanılır. Bunlara yallı rəqsi– birlik və kollektiv yaddaşın ifadəsi, ənənəvi mətbəx kimliyin nəsildən-nəslə ötürülməsinin bir forması kimi, aşıq sənəti, xüsusilə Aşıq Ələsgərin yaradıcılığı, həmçinin təsviri incəsənət sahəsində Mirzə Qədim İrəvaninin irsi daxildir.
Rejissor vurğulayıb ki, bu layihə onun üçün yalnız sənədli film deyil, həm də dərin insani məna daşıyan bir araşdırmadır. O qeyd edib ki, əsas məqsədi insanların doğma torpaqlarından ayrı düşdükləri halda belə mədəniyyətlərini necə qoruyub saxladıqlarını anlamaqdır. Onun fikrincə, mədəni kimlik yalnız fiziki məkanla bağlı deyil, o, musiqidə, poeziyada, rəqsdə, sənətkarlıqda və gündəlik həyatın müxtəlif elementlərində yaşayır.
Mikael Silkeberq çıxışında Skandinaviya ilə Cənubi Qafqaz regionu arasında müəyyən oxşarlıqların da mövcud olduğunu bildirib. O qeyd edib ki, hər iki məkanda insanlar təbiət, tarix və yaddaş arasındakı əlaqəni dərindən dərk edir. Bu baxımdan, hər iki regionda mədəniyyətin formalaşmasında təbii mühit və tarixi yaddaş mühüm rol oynayır.
Sonda rejissor yeni sənədli filmin daha geniş bir mədəni dialoqun tərkib hissəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu layihə Şimal və Cənub arasında, Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq. Rejissor bildirib ki, film vasitəsilə beynəlxalq auditoriya Azərbaycanı yalnız xəbərlər prizmasından deyil, onun zəngin mədəniyyəti, insanları və insani hekayələri vasitəsilə tanıyacaq. O əlavə edib ki, bu hekayələr təkcə bir xalqa deyil, bütün bəşəriyyətə aid olan universal dəyərləri əks etdirir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər