Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu gündən etibarən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasına start verilib.
Yarmarkanın keçirilməsində məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliği, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılmasıdır. Burada qadın əllərinin zərif toxunuşu, milli dəyərlərlə yoğrulmuş sənət nümunələrinə çevrilib. Biz də Heydər Əliyev Sarayında təşkil olunan sərgi-satışda iştirak edib, həm bacarıqlı insanlarla, həm də buraya üz tutan qonaqlarla həmsöhbət olduq.
Sərgi-satışın fəal iştirakçısı Xuraman Səfərovanın dediklərindən: “Artıq 30 ilə yaxındır ki, muncuqdan əl işləri hazırlayıram. Hər il bu cür sərgi-satışlarda fəal iştirak edirəm. Bu gün isə sərgiyə təkcə hazırladığım qurama işləri deyil, həm də parçadan tikilmiş milli çantalar, parça üzərində Zəfər tariximizi əks etdirən təsvirlər və müxtəlif ev aksesuarlarından ibarət nümunələr gətirmişəm. Sərgidə xüsusilə diqqətçəkən, bərəkət rəmzi adlandırdığım qəpikdən hazırladığım dekorlardır. İnanıram ki, satışlar da uğurlu olacaq və təqdim etdiyim əl işlərinin bir hissəsi öz alıcılarını tapacaq”. Qeyd edək ki, Xuraman xanım sərgidə üç minə yaxın əl işi ilə iştirak edir.
Zərif toxunuşlarla hazırlanmış əl işlərini təqdim edən xanımlar, eyni zamanda onların hazırlanma prosesini də qonaqlara nümayiş etdirirdilər. Həmin sənətkarlar arasında Naxçıvan Dövlət Universitetinin müəllimi, istedadlı qadın Əzizə Məmmədova da var. Onunla söhbət zamanı bildirdi ki, ölkəmizdə qadınlara hər zaman yüksək dəyər verilir. Əlavə edir: “Biz mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkalarında iştirak edirik. Bu sərgilər bizim yaradıcılığımızın inkişafına həm də maddi baxımdan böyük dəstək olur. Mən dekorativ-tətbiqi sənət növü ilə məşğulam. Hazırda Naxçıvanın daş duzundan oyma işləri görürəm və qadın aksesuarlarının hazırlanmasına da xüsusi diqqət yetirirəm. Hətta duzdan hazırladığım qadın zinət məhsullarını Avrasiya ölkələrində tanıtmaq üçün sənədlər toplayıram”.
Əzizə Məmmədova sərgidə 50-yə yaxın əl işini nümayiş etdirdiyini bildirdi. Onun təqdim etdiyi sənət nümunələri arasında milli-mənəvi və ailə dəyərlərini özündə əks etdirən, muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən, eləcə də yerli və təbii daşlardan hazırlanmış bəzək əşyaları da yer alır. Əzizə xanım qeyd etdi ki, bu dəyərləri qorumaq və onları yaradıcılığında yaşatmaq onun üçün xüsusi önəm daşıyır.
Sərginin ən gənc və zərif iştirakçılarından biri olan 20 yaşlı Aysel İsmayılova fiziki imkanlarının məhdud olmasına baxmayaraq, böyük istedadı və zəhməti ilə diqqət çəkirdi. Onun əl işlərindəki dəqiqlik, rəng ahəngi və zövq incəliyi hər kəsin marağına səbəb oldu. Aysel söhbət zamanı bildirdi ki, sərgi üçün uzun müddətdir hazırlaşır: “Rəsmlər və maketlər üzərində işləməyi çox sevirəm. Bu sərgidə 7 ədəd əl işim nümayiş olunur. Hər birini sevgi və səbirlə hazırlamışam...” Ayselin sözlərindən onun sənətə olan dərin marağı və peşəkar yanaşması hiss olunurdu. O, gələcəkdə bu sahədə daha da inkişaf edərək yeni və fərqli sənət nümunələri yaratmaq istədiyini də vurğuladı.
Sərgi-satışda əl işlərinə maraqla baxan qonaqlardan Səbinə Həsənovanın fikirlərini də öyrəndik. O bildirdi ki, həm təşkilatçılıq, həm də sərgilənən əl əməyi, göz nuru olan işlər onun çox xoşuna gəlib. O, xüsusilə işlərin təkrarsızlığının diqqətini çəkdiyini vurğuladı. Ailə üzvlərinə və rəfiqələrinə bu əl işlərindən hədiyyə kimi almaq istədiyini də qeyd etdi. Müsahibimiz sonda əlavə etdi ki, qadınların yaradıcılığının bu cür dəyərləndirilməsi bir qadın olaraq onda dərin təəssürat yaradıb. O həmçinin sərgidə nümayiş olunan kosmetoloji məhsullardan da satın aldığını vurğuladı.
Bəli, keçirilən sərgi-satışlar bir daha təsdiq edir ki, muxtar respublikada bacarıq və qabiliyyəti ilə seçilən qadınlarımız çoxdur. Onların istedadı xalqımızın soykökü, genetik xüsusiyyətləri ilə bağlıdır. Bu gün muxtar respublika qadınları xalqımıza xas adət-ənənələrin, qədim el sənətinin qorunub saxlanmasına və təbliğinə öz layiqli töhfələrini verirlər. Müvafiq sahədə həyata keçirilən belə tədbirlər qadınların cəmiyyətin bütün sahələrində, ölkənin idarəçilik sistemində və inkişafında yaxından iştirak etmələri üçün gələcəkdə daha da uğurlu nəticələrin əldə olunmasına öz təsirini əhəmiyyətli dərəcədə göstərəcəkdir. Dövlətin qayğısını daim üzərlərində hiss edən zərif cinsin nümayəndələri muxtar respublikanın ictimai həyatında fəal iştirak edir, sosial-iqtisadi və mədəni inkişafa layiqli töhfələr verirlər. Bu cür sərgilər həm də fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaqla yanaşı, onların maddi rifahını da yaxşılaşdırmağa xidmət edir.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər