NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

İran dronunun yaxınlığına düşdüyü Şəkərabad kənd tam orta məktəbindən reportaj

...

Məlum olduğu kimi, dünən səhər saatlarında İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları həyata keçirilib. Dronlardan biri Babək rayon Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşüb.

Dron hücumundan bir gün ötməsinə baxmayaraq, Şəkərabad kənd tam orta məktəbində tədris öz axarı ilə davam edir. Səhərin erkən saatlarından müəllim və şagirdlər təhsil ocağına tələsirlər. Yerişlərində əzm, inam hiss olunsa da, üzlərindəki narahatlıq hələ də qalmaqdadır.

Hadisədən təsirlənən məktəbin riyaziyyat müəllimi Leyla Həsənova deyir ki, dünən, təxminən, saat 11:30 radələrində dərslər normal qaydada davam edirdi. Anidən güclü partlayış səsi eşidildi: "Hava limanı məktəbə yaxın olduğu üçün partlayışın həmin ərazidə baş verdiyini gördük. Dərhal uşaqları təxliyə etdik və məktəbin həyətinə çıxardıq. Təxminən, 7-8 dəqiqə sonra uşaqların təxliyəsini tam başa çatdırmamışdıq, yalnız yarısını çıxarmışdıq ki, ikinci dəfə zərbə endirildi. Yaşadığımız panika, stres və qorxuya baxmayaraq, bütün bunları bir kənara qoyaraq uşaqların təhlükəsizliyini tam təmin etdik".

Təhsil ocağının ingilis dili müəllimi Aytəkin Babayevanın sözlərinə görə, yaşanan hadisə pedaqoji heyət və şagirdlərin yaddaşında travma buraxıb. Bütün yaşananlara baxmayaraq, müəllimlər vəziyyəti nəzarətdə saxlayıb və bütün şagirdlərin təhlükəsizliyi təmin edilib. Daha sonra uşaqlar valideynlərinə təhvil verilib. "Hazırda məktəbdə vəziyyət sabitdir. Tədris prosesi cədvələ uyğun şəkildə davam edir və şagirdlərə lazım olan psixoloji dəstək göstərilir", – deyə Aytəkin müəllim əlavə edir.

Hadisənin şahidi olan şagirdlərdən 8-ci sinifdə oxuyan Münəvvər İsgəndərli isə bildirir ki, hadisə baş verən vaxt müəllimləri çox diqqət nümayiş etdiriblər. Şagirdləri sürətli və ehtiyatlı şəkildə məktəbdən çıxarmağa başlayıblar: "Siqnal verildikdən sonra biz artıq məktəbin həyətində idik. Təxminən, 5-10 dəqiqə sonra məktəbimizin yaxınlığında yenidən partlayış səsi eşidildi. Bildirildi ki, bu da İran tərəfindən atılan dronlardan biridir. Həmin anda hamımız çox həyəcanlı və qorxmuş vəziyyətdə idik və nə edəcəyimizi belə bilmirdik".

Göründüyü kimi, İran dronunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşməsi müəllim və şagirdləri narahat etsə də, onları tədrisdən tam uzaqlaşdıra bilməyib. Dövlətimizin məsələyə dərhal həssas münasibəti, mülki vətəndaşların hüquqlarının qorunması istiqamətində ortaya qoyduğu kəskin, sarsılmaz mövqe məktəbin kollektivinin inam yerinə çevrilməklə onları bu çətin məqamdan daha asan çıxmağa, məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyə ruhlandırır. Onlar inanır ki, baş verən hadisə öz hüquqi qiymətini mütləq alacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 06.03.2026 15:33