NAXÇIVAN :

18 Iyun 2025, Çərşənbə

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir

...

“Konstitusiya, birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Müxtəlif inkişaf mərhələlərindən keçən müasir dünyada insan hüquq və azadlıqlarının təmin edilməsi demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilmişdir. Ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanan insan hüquqları, cəmiyyətin demokratikliyinin sübutu və vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcа meyarı sayılır.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi ön plana çıxmışdır. Konstitusiyanın üçdəbir hissəsini bu sahədəki mövcud beynəlxalq hüquq normalarına əsaslanan müddəalar təşkil etməkdədir. Əsas Qanunumuzda insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq bütün hakimiyyət orqanlarının vəzifəsi kimi müəyyən edilmiş, onun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur.

Müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. Bu mənada, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının qorunması olmuşdur. Ümummilli Liderimiz özünün proqram xarakterli çıxışlarının birində “Vəzifəli şəxslərin fəaliyyətini onların insan hüquqlarının qorunmasındakı xidmətlərinə görə qiymətləndirmək lazımdır” deməklə insan hüquqlarının müdafiəsinə daim böyük önəm verdiyini diqqətə çatdırmışdır.   

Qısa müddət ərzində Ulu Öndər tərəfindən insan hüquq və azadlıqlarının təmini məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, müvafiq olaraq qanunvericilik aktları qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır.

Əsas Qanunun ardınca qəbul edilən qanunvericilik aktları Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatının hüquqi əsasda qurulması, hüquqi islahatların həyata keçirilməsi üçün mühüm addım olmaqla, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi daim ön plana çıxarmışdır.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra humanizm ənənələrinin təməli qoyulmuş, əfvetmə və amnistiya institutları təşəkkül tapmış, 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması və Milli Məclisin 10 fevral 1998-ci il tarixli qərarı ilə həmin cəza növünün ləğv edilməsi də insan hüquqlarının qorunması sahəsində atılan mütərəqqi addımlardan olmuşdur.

Yaşamaq, şəxsi toxunulmazlıq və azadlıq hüquqlarının təmin edilməsi baxımından ölkəmizdə dəfələrlə tətbiq olunmuş əfv və amnistiya aktları xüsusi əhəmiyyət kəsb edir. Əfvetmə institutunun formalaşması istiqamətində də real addımlar atmaqla ölkəmizdə cəzanın humanistliyi və adekvatlığını, tərbiyəvi əhəmiyyətini daim önə çəkən Ümummilli Lider 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının tarixində ilk əfv fərmanını imzalamış və həmin ildən etibarən Azərbaycanda əfv institutu bərpa olunmuşdur.

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış bir sıra fərman və sərəncamlar ölkəmizin Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha səmərəli təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Azərbaycanın müxtəlif inkişaf mərhələlərində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində mühüm sənədlər qəbul olunmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman imzalanmış və daha sonra həmin il 18 iyun tarixində ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir.

Ötən müddət ərzində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər uğurlu həllini tapmış, ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənmiş, respublikamız bir sıra beynəlxalq müqavilələrə qoşulmuş, yeni məhkəmə sistemi formalaşmış, konstitusion nəzarət mexanizmi olan Konstitusiya Məhkəməsi yaradılmışdır. 2001-ci il dekabr ayının 28-də isə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmiş, ölkəmiz üçün yeni bir qurum olan Müvəkkil təsisatı yaradılmış, hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 2002-ci il 24 dekabr tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanunu isə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi çox mühüm əhəmiyyət kəsb etmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasətini və onun strateji inkişaf konsepsiyasını hərtərəfli reallaşdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasəti nəticəsində Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün hərtərəfli təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, xalqımızın maddi rifahı yaxşılaşdırılmış və ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemində islahatlar və yeniləşmə prosesləri dərinləşmişdir.

Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daim diqqət yetirilir, yeni idarəçilik mexanizmi formalaşdırılır. Muxtar respublikada hüquq institutlarının təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi məqsədilə ölkə başçısı İlham Əliyev tərəfindən 2 noyabr 2006-cı il tarixdə “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Fərman imzalanmışdır. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikamızda hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsi təmin edilmiş, vətəndaşların hüquq institutlarına inamı artırılmış, onların müraciət etmək imkanları asanlaşmışdır.

Muxtar respublikada insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm tədbirlərdən biri də Müvəkkil təsisatının yaradılması olmuşdur. Müvəkkil təsisatı bu gün fəaliyyətini preventiv və müstəqil monitorinq mexanizmi funksiyalarının icrası, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması, beynəlxalq təcrübə mübadiləsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə, bu sahədə dövlət orqanları və bələdiyyələrlə, media subyektləri ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi istiqamətində quraraq davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2022-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis edilməsi Naxçıvan Muxtar Respublikasında effektiv idarəçiliyin təmin edilməsinə, idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına xidmət etmiş, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi hüquq institutlarına, o cümlədən Ombudsman təsisatına inamı artırmışdır.

Həmçinin muxtar respublikada vəkillik sahəsində mühüm islahatlar aparılmış, muxtar respublikanın rayonlarında vəkil büroları yaradılmış, gənc hüquqşünaslardan ibarət gənc hüquq korpusu formalaşdırılmış, vəkillərin sayı ötən illərlə müqayisədə artmışdır. Ölkə Prezidenti tərəfindən həyata keçirilən bu kimi tədbirlər məhz insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edir.

Dövlət idarəçiliyində yeni düşüncə tərzinin formalaşdırılması məqsədilə muxtar respublikada “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasına, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə, şəffaflığın artırılmasına, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə müsbət təsir göstərmiş, vətəndaş məmnunluğu təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş siyasi, iqtisadi və diplomatik nailiyyətlər, ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl həyata keçirilən məqsədyönlü siyasət nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasına nail olunmuşdur. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

Ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında Konstitusiyada təsbit edilən fundamental hüquq və azadlıqlar, həmçinin əhalinin müxtəlif sosial qruplarının hüquqlarının daha səmərəli təmin olunması və müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir, onların hüquq bərabərliyinin davamlı təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

Günay RZAYEVA

Naxçıvan Muxtar Respublikasının İnsan   Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Nəşr edilib : 18.06.2025 09:03