Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Mart ayında 11 illik orta təhsil səviyyəsi üzrə Azərbaycanın müxtəlif bölgələrində buraxılış imtahanları keçirilib. Keçirilən imtahanların çətin olduğu ilə bağlı sosial şəbəkələrdə və abituriyentlər arasında geniş müzakirələr aparılır. Bir çoxları sualların gözlədiklərindən daha mürəkkəb olduğunu bildirir. Bəs belə hallarda imtahanda uğurlu nəticə əldə etmək üçün abituriyentlər nə etməlidir? Təhsil üzrə ekspert Orxan İsayev mövzu ilə bağlı fikirlərini “Şərq qapısı” ilə bölüşüb. O, hesab edir ki, buraxılış imtahanının cəmiyyətdə bu qədər rezonans doğurması tam əsaslı deyil. Onun sözlərinə görə, əvvəlki illərdə keçirilən imtahanlar daha çətin və mübahisəli olub: “2022-2023-cü tədris ilində keçirilən buraxılış imtahanları bu ilin imtahanlarından daha çətin idi. Ümumiyyətlə, məsələyə yalnız 9 mart imtahanı üzərindən deyil, 2019-cu ildən ölkəmizdə tətbiq edilən yeni buraxılış və qəbul imtahanı modeli çərçivəsində baxmaq lazımdır. Bu model üzrə bəzi məsələlər hələ də müzakirə olunmalıdır”.
Müəllim qeyd edir ki, bəzi test tapşırıqlarının cavablarında “mümkün doğru cavab”, “və sair” kimi ifadələrin yer alması düzgün yanaşma deyil. Onun fikrincə konkret cavabı olmayan sual şagirdin bilik səviyyəsini ölçmək üçün tam uyğun meyar sayıla bilməz. Əgər imtahan çətindirsə, bu, bütün iştirakçılar üçün eyni dərəcədə çətin olur. Bu isə ümumi nəticələrin aşağı düşməsinə və ixtisaslar üzrə keçid ballarına da təsir göstərir. Buraxılış imtahanlarında Azərbaycan dili və xarici dillər üzrə təqdim olunan mətnlər, eləcə də dinləyib-anlama tapşırıqları bəzən şagirdləri həddindən artıq yorur. Qeyd edir ki, bu tapşırıqların həcmi və mürəkkəbliyi bəzən elə olur ki, üçsaatlıq vaxt belə, kifayət etmir. Şagird imtahanın sonuna doğru yorulduğu üçün yaxşı bildiyi fənni belə, tam tətbiq edə bilmir. Qeyd etmək lazımdır ki, imtahana hazırlıq yalnız nəzəri biliklərlə məhdudlaşmamalıdır. Abituriyentlər həm də praktiki və psixoloji baxımdan hazır olmalıdırlar. Praktiki hazırlıq o deməkdir ki, abituriyent mümkün qədər çox test tapşırığı işləməli və sınaq imtahanlarında iştirak etməlidir. Bu, real imtahan mühitinə alışmağa kömək edir. Bundan əlavə, hər bir şagirdin sabit dərs çalışma cədvəli olmalı və hazırlıq prosesi yalnız motivasiyaya buraxılmamalıdır.
Bu prosesdə psixoloji hazırlıq da az əhəmiyyət kəsb etmir. İmtahan ərəfəsində şagirdlərin özünə inamının artırılması və stressin azaldılması olduqca vacibdir. Bu prosesdə məktəb psixoloqları və valideynlərin üzərinə böyük məsuliyyət düşür. Ekspert qeyd edir: “Biz şagirdlərə daim aşılayırıq ki, imtahan nəticəsi onların dəyərini müəyyən etmir. Hər bir şagird topladığı baldan asılı olmayaraq, müəllim və valideynləri üçün eyni dərəcədə qiymətlidir. Bu yanaşma onların üzərindəki psixoloji təzyiqin azalmasına kömək edir. Abituriyentlər imtahan zamanı düzgün strategiya seçməlidirlər. Sualları təsadüfi cavablandırmaq düzgün yanaşma deyil. Şagirdlər əvvəlcə ən yaxşı bildikləri mövzulardan başlamalıdırlar. Bu həm özünə inam yaradır, həm də vaxtdan daha səmərəli istifadə etməyə imkan verir. Əks halda, çətin suallardan başlamaq həm vaxt itkisinə, həm də motivasiyanın azalmasına səbəb ola bilər”.
Sonda müəllim bütün abituriyentlərə uğurlar arzulayaraq qeyd edib ki, qəbul imtahanları əvvəlki illərdə olduğu kimi şəffaf şəkildə keçiriləcək. Dövlət İmtahan Mərkəzi bu prosesdə kifayət qədər operativ və şəffaf fəaliyyət göstərir. Hər bir abituriyentin apellyasiya hüququ da mövcuddur. Ona görə də şagirdlər həyəcan və stresə qapılmadan imtahana hazırlaşmalıdırlar.
Zəhra VƏLİYEVA
Digər xəbərlər