Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Regionun siyasi, iqtisadi nəbzi Xankəndidə döyünür
Azərbaycanın sülhə, təhlükəsiz yaşayışa, faydalı əməkdaşlığa xidmət edən xarici siyasəti onun aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığı üçün mühüm perspektivlər açır. Bu xüsusda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində respublikamızın qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq siyasi, iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə isbatlayır. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv rol oynayır, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfələr verir. ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında IX və XII Zirvə görüşlərinə uğurla ev sahibliyi etməsi də respublikamızın bu platformadakı yeri və rolunun mühüm göstəricisidir. İyulun 3-4-də İƏT-in sayca 17-ci Zirvə görüşünün məhz tarixi Oğuz torpağı, qədim yurdumuz Xankəndidə reallaşdırılması isə özündə dərin siyasi məzmun, diplomatik nüfuz və mədəni, iqtisadi məna daşıyır.
Bu mötəbər Zirvə görüşünün Azərbaycanda təşkili hazırkı mürəkkəb geosiyasi vəziyyətdə ölkəmizin mövqeyinə dəstəyin ifadəsi olmaqla respublikamızın həm qurum çərçivəsində, həm də bu quruma üzv olan digər 9 dövlətlə münasibətlərində artan rolunun və fəallığının təsdiqidir. Eyni zamanda sözügedən tədbir ölkəmizin İƏT daxilində təşəbbüskar tərəfdaş olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir. Digər və ən vacib məqam isə, sözsüz ki, bayaq da qeyd etdiyimiz kimi, Zirvə görüşünün məhz Xankəndidə reallaşmasıdır. Zaman və məkan baxımından bu uzlaşma, təbii olaraq, yaddaşlarımızda hələ 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin dediyi və xalqımızın sonsuz güvən və inam yerinə çevrilən dəyərli fikirlər canlanır: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”. Eyni zamanda bu fikirlərin davamı kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ildə Şuşaya səfəri zamanı Prezident İlham Əliyevlə dialoqu bir daha gündəmə gəlir. Dövlət başçıları arasında maraqlı dialoq zamanı iki dağın arasından görünən Xankəndi şəhərini göstərmələrini, Türkiyə Prezidentinin “Hotel oradadırmı?” sualına cavab olaraqölkə başçımızın “Xeyr, xeyr. Amma orada da olacaq”, - deməsini xatırlayırıq. Bəli, həmin hadisədən cəmi iki il sonra sözü ilə imzası bir olan liderin rəhbərliyi ilə Xankəndi şəhəri də separatizmdən, işğalçılardan azad olundu və bu ilin əvvəlində qədim yurdumuzda “Bulud” hoteli istifadəyə verildi. İndi isə dünyada kifayət qədər hörmətə, nüfuza sahib liderlərin, ekspertlərin siyasi, iqtisadi maraqları burada kəsişir,beynəlxalq ictimaiyyətin diqqəti məhz bu torpağa - Xankəndiyə fokuslanıb, bu şəhərdəfaydalı əməkdaşlıqların yeni perspektivləri açılır. Zirvə görüşünün Xankəndidə keçirilməsi, birinci növbədə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasının bir daha qəti şəkildə dünyaya bəyan edilməsi, o cümlədən cəfəng fikirlərlə yaşayan anti-Azərbaycan qüvvələrin diqqətinə “Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki bu günə qədər alıb” mühüm mesajının çatdırılmasına xidmət edir. Eyni zamanda bu addım Qarabağda uğurla icra olunan Böyük Qayıdış Proqramının sanballı təqdimatı missiyasını daşıyır, iqtisadi əlaqələrin inkişafı üçün azad olunan torpaqlarda yeni investisiya imkanlarının ortaya çıxması, turizm potensialının gücləndirilməsi yönündə mühüm təşəbbüsdür. İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev həm 30 illik işğal dönəmində erməni vəhşiliyinin yaratdığı tükürpədən mənzərələri şərh etdi, həm də 2020-ci ildən bəri yenidən qurulan Qarabağda aparılan Böyük Qayıdış siyasətinə diqqəti çəkərək bu Zirvənin təşkilinin məkan baxımından xüsusi məna daşıdığını vurğuladı. Sitat: “Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim”. ECO-nun Xankəndi zirvəsində Ermənistandan deportasiya olunmuş qərbi azərbaycanlıların hüquqlarının təmin olunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayan ölkə başçımız keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirdi. “Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır”, – deyən respublikamızın rəhbəri qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylərin bundan sonra da davam etdiriləcəyini qəti şəkildə bildirdi.
İƏT-Azərbaycan əməkdaşlığı, əlaqələri barədə onu diqqətə çəkmək olar ki, təşkilat hər zaman respublikamızın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və üzv dövlətlər hələ mövcud Qarabağ münaqişəsi zamanı Ermənistandan öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmağı, BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsini yerinə yetirməyi tələb edib.Bu xüsusda onu da qeyd etmək yerinə düşər ki, 2011-ci ildə məhz təşkilata üzv ölkələrin fəal iştirakı və dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. 44 günlük Vətən müharibəsi dövründə respublikamız ECO-nun lazımi dəstəyini alıb və bu dəstək özünüişğaldan azad olunmuş torpaqlarda aparılan böyük quruculuq, bərpa işlərində də aydın şəkildə göstərir. Üzv ölkələrin sıx mədəni əlaqələri, fəal siyasi münasibətləri özünü iqtisadi sahədə birgə layihələrin icrasında, ortaq təşəbbüslərin reallaşmasında da təsdiqləyir. Azərbaycanın həm təşkilat vasitəsilə, həm də ayrılıqda İƏT dövlətləri ilə qurduğu iqtisadi əlaqələr ticarət dövriyyəsinin artımına, idxal-ixrac prosesinin gücləndirilməsinə təsir edir. Bir faktı qeyd etmək yerinə düşər ki, ötən il İƏT-ə üzv dövlətlərin Azərbaycan ilə birgə xarici ticarət dövriyyəsi 7,95 milyard ABŞ dolları təşkil edib. Belə ki, ölkəmizin İƏT ölkələri ilə xarici ticarətində Türkiyə 77,1, İran 8,1, Qazaxıstan 5,9, Türkmənistan 4,8, Özbəkistan 3,2, Qırğızıstan 0,5, Pakistan 0,3, Tacikistan 0,09 və Əfqanıstanın 0,006 faiz paya sahib olub. Respublikamız ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə İƏT daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir, müxtəlif sahələr üzrə yeni əlaqələrin qurulmasına imkanlar açır. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.Azərbaycanın yerləşdiyi coğrafi mövqe, mövcud potensialdan səmərəli istifadə onun Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağına, Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsinə gətirib çıxarıb. Bu da, təbii ki, birmənalı şəkildə sözügedən qitələrdə, regionda yerləşən İƏT ölkələri ilə əlaqələrin gücləndirilməsinə də təsirsiz ötüşmür, həmin dövlətlər respublikamızın yaratdığı imkanlardan faydalanırlar.Xankəndi Zirvəsində Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Biz bu göstəriciyə görə dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”.
Ümumilikdə, İƏT tarixində üç Zirvə görüşünün, eyni zamanda ötən il ilk dəfə ECO məkanında COP29 kimi nəhəng konfransın Azərbaycanda təşkili, o cümlədən 2026-cı il üçün Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi respublikamıza bu beynəlxalq təşkilat tərəfindən edilən hörmət və ehtiramın, etibarın bariz göstəriciləridir. Bu gün 10 ölkənin dünyada söz sahibi olan liderləri, rəhbər şəxsləri, nümayəndə heyətləri işğaldan azad olunmuş Qarabağ torpağına üz tutaraq regionun siyasi, iqtisadi mənzərəsinə aydınlıq gətirir, həmrəylik çağırışları edirlər. Başqa sözlə, regionun siyasi nəbzi Xankəndidə, Şuşada, Ağdamda, Laçında döyünür, iqtisadi mənzərəsi Qarabağdan görünür. Və bugünkü reallıq onu qəti şəkildə deyir ki, Prezident İlham Əliyev diplomatiyası alternativsizdir, Azərbaycanla hesablaşmayan gec-tez peşman olur və olacaq da. “Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə, peşman olublar” - sitatın sonu!
Nail ƏSGƏROV
Digər xəbərlər