Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Qədim Oğuz elində bir yurd var, qeyrətin, igidliyin dastanının yazıldığı bir yurd. Həmin yurd ki adının sahibinin şəninə layiq inkişaf edir, gözəlləşir. Oranın sakinləri düşmənin beş addımlığında yaşasalar da, bir an belə qorxu hissi keçirmir. Sədərəyi dövrəyə alan dağlar onların zirvələrində dayanan oğulların sayəsində yarılmaz bir səddir. Sədərək rayonunun mərkəzi olan Heydərabad qəsəbəsi illər əvvəl hələ sovetlər dönəmində dahi rəhbərin istəyi ilə salınmış, Sədərəyin Ermənistanla sərhədinə lap yaxın yerdə mənzillər inşa edilmiş və sakinlərin burada məskunlaşmasına şərait yaradılmışdır. Uzaqgörən rəhbərin adını daşıyan qəsəbə 90-cı illərin əvvəllərində mənfur düşmənin hücumları zamanı tamamilə dağıdılmış, amma insanlar öz mətanətini qorumuş və düşmənin hücumlarının qarşısı alınmışdır. Həmin günlərdə insanların bir çoxunun evinə mərmilər düşüb əzizlərini qanına qəltan etsə də, səngərdə döyüşənlərin cəsarəti qırılmadı. Sədərək qorundu qədim yurdun hər tərəfindən gələn oğulların canları bahasına. Həmin günlər qədim yurdun hər kəndindən, şəhərindən oğullar axışdı Sədərəyə, bu torpağı müdafiə etdilər, can qurban verdilər Vətən dediyimiz bir ovuc torpağa. Kimisi canından, kimisi sağlamlığından keçdi, amma bir ovuc torpaqdan keçmədik. “Vətəndən pay olmaz”, – dedik. Dahi rəhbərin qayıdışı insanlara güc verdi. Ulu Öndər Heydər Əliyevin Onu canı qədər sevən, Ona özü kimi inanan insanların qarşısında “Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qədər də sadiq olacağam. Azərbaycan dövlətinin müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır”, – deməsi onlarda qələbə, inam əzmini gücləndirdi. Sədərək döyüşlərində bütün Naxçıvan diyarının qeyrətli, igid oğulları mərdliklə vuruşurdular və qalib gəldilər. Dahi rəhbərin gəlişi səngərdəki əsgərə də, evindən didərgin düşən Sədərək camaatına da güc və ümid verirdi. Onun Sədərəkdə döyüş mövqelərindəki oğullarla və “Dəhnə” adlandırılan ərazidə çadırlarda yaşayan sakinlərlə görüşü hələ də yaddaşlardadır, indi də qürurla xatırlanır.
İndi həmin günlərdən bir qərinədən artıq vaxt ötür. Bu gün müasir görünüşü ilə düşmənə gözdağı olan Heydərabadda olan hər bir insan həmin çətin vaxtları düşündükcə qürur hissi keçirir. Ötən illər ərzində rayon mərkəzi Heydərabad qəsəbəsində yeni binalar tikilib, küçələr salınıb, yaşıllıq zolaqları yaradılıb. İndi qəsəbəyə xüsusi gözəllik və yaraşıq verən həmin obyektləri saymaqla qurtarmaq olmaz: Heydər parkı, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi, şahmat məktəbi, qəsəbə tam orta məktəbi, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının inzibati binası, Sədərək Rayon Məhkəməsi, prokurorluq, Polis Şöbəsi üçün inzibati binalar və sair. Heydərabad qəsəbəsində inşa olunan yeni yaşayış binası Ermənistanla sərhəddən cəmi bir kilometr məsafədə yerləşir. Zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan binada 48 mənzil sədərəklilərin istifadəsinə verilib. Bayraq Meydanının, Teleötürücünün istifadəyə verilməsi yeni su-kanalizasiya sisteminin çəkilişi də dövlət qayğısının daha bir nümunəsidir. Mənfur düşmənlə cəmi bir neçə yüz metr məsafədə yerləşən bu qəsəbədə bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları, istirahət parkı göz oxşayır. Buradakı bütün yollar öz rahatlığı ilə seçilir. Qəsəbədaxili yollara asfalt döşənib, işıqlandırma sistemi quraşdırılıb. Ətrafda yaradılmış yaşıllıq zolaqları və gülkarlıqlar bu gözəlliyi daha da artırır. Səliqə-sahman və sakitlik isə buranın daimi həyat tərzinə çevrilib. Bütün mənzillərin pəncərəsindən düşmən postlarının göründüyü bu qəsəbədə həyat normal tərzdə davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il oktyabrın 5-də muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsinə gəlib, burada istifadəyə verilən yeni obyektlərin açılış mərasimində iştirak edib. Ölkə başçısı qəsəbə sakinləri qarşısında çıxış edərək deyib: “Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır. Siz düşmənlə üz-üzəsiniz, sərhəddəsiniz və vaxtilə buralar dağıdılmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı siyasəti bu bölgələri də əhatə etmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin fəaliyyəti və qətiyyəti, müdrikliyi nəticəsində Naxçıvan özünü qoruya bilmişdir... Əgər o vaxt Heydər Əliyev Naxçıvana gəlməsəydi və burada bütün işləri lazımi səviyyədə görməsəydi, Naxçıvanın aqibəti çox acınacaqlı ola bilərdi. Biz qədim torpağımızı itirə bilərdik”.
Bu gün müasir görkəmdə olan bu qəsəbədə 90-cı illərdə evlər düşmənin ağır silahlardan atdığı mərmilərlə tamamilə dağılmışdı. Dövlətimizin qayğısı ilə həmin xarabaya dönmüş evlərin yerində yeni evlər inşa olundu sahiblərinə verildi. Bu gün hər bir sakin öz evində çırağını yandırır, əkir-biçir, rahat yaşayır.
Əsası 1982-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Heydərabad 23 mart 2000-ci ildə qəsəbə statusu alıb. Heydərabad qəsəbəsi özünəməxsus gözəlliyi ilə düşmənə gözdağı, bizə isə qürur yaşadır. O, adına layiq məğrurluqla dayanıb düşmənin qarşısında. Necə ki belə qəlbi dağlardan da böyük insanlarımız var, bu Vətən daim var, qürur yerimizə çevrilən yurd yerlərimizin gələcəyi daha da firavan və işıqlı olacaq.
Ramiyə Əkbərova
Digər xəbərlər