DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məza...
12:42 09.05.2026
0
0
0
NAXÇIVAN :
09 May 2026, Şənbə
Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ümummilli Lider xalqımızı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Buna görə də O, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanmışdır.
Xalqımızın böyük oğlu Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıdan, onu sevərək hifz edən, milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirən qüdrətli bir şəxsiyyətdir. Taleyin hökmü ilə iki dəfə bu missiyanı üzərinə götürən Ümummilli Liderimiz hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi böyük bəlalardan qurtarmışdır. Dahi şəxsiyyət özündən sonra gələcək nəsillər üçün çox zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq, həmrəylik və milli dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz görkəmli dövlət xadimi Heydər Əliyevə məxsusdur.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. Ulu Öndərin əminliklə xalqa dediyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” fikri bu gün realdır. Dövlət başçısı İlham Əliyev xalqın ondan istədiklərini, xalq qarşısında götürdüyü bütün öhdəlikləri içdiyi andına sadiq qalaraq verdiyi sözü tutmaqla ləyaqətlə yerinə yetirdi. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin böyük zəhmət bahasına müəyyən etdiyi, Azərbaycanın hərtərəfli inkişafına və xoşbəxt gələcəyinə hədəflənmiş siyasi kursunu şərəflə davam etdirir.
Artıq təsdiqini tapmış faktdır ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsi rolunu oynayıb. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə, daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan və uğurla davam etməkdə olan islahatlar dövlətimizin və xalqımızın bu günü, gələcəyi üçün həlledici amil rolunu oynayır. Bugünkü Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib. Ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Uğurlu daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqlarının qorunmasında, həm də ölkəmizin dünyanın siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Sözsüz ki, bu, xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi, müstəsna siyasi hadisədir. Bu həm də dövlətçilik tariximizdə bənzəri olmayan zəfər salnaməsi, Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir.
Gülxarə TARVERDİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər