NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Həyat mənbəyi olan yaşıllıqlar göz oxşayır

...

Hər bir insan ağac əkməlidir

Təbiətin yaratdığı gözəlliyi insan yarada bilmir. Amma onu qoruyub mühafizə edəndə, yaşıllıq zolaqlarını genişləndirəndə təbiət daha da zənginləşir. Heç təsadüfi deyildir ki, “Təbiət anadır, onu qoruyaq” sözləri həmişə bir deviz kimi səslənir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərin ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət sayəsində Vətənimizdə yeni meşələr salınıb, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb. Ümummilli Lider Heydər Əliyev yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir”. Bu müdrik tövsiyələr təbiətə, o cümlədən meşələrə qayğının bir nümunəsi kimi çox ibrətamizdir.  Dahi rəhbər yaşıllıqların salınmasına, ağacların qorunmasına xüsusi diqqət yetirib, özü də ağac əkilməsində iştirak etməklə hər kəsə nümunə göstərib. 
Əsası Ulu  Öndər tərəfindən qoyulan ekoloji siyasət bu gün ölkə başçısı  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq olunan dövlət proqramlarının həyata keçirilməsi sahəsində əməli tədbirlər görülür. Bütün bunlar muxtar respublikamızın da əlvan təbiətinin mühafizəsinə əsaslı təminat verir. Ana təbiətin köksünə illər öncə vurulan balta səslərinin yerini yaşıllıqlar qoynunda istirahət edən övladlarımızın şən səsləri əvəz edib. Qədim çağlardan yurdumuz bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Xalqımız yüzillik ağacı da, körpə fidanı da bir övlad kimi qoruyub qayğısına qalıb, qocaman ağacların yerini versin deyə yenilərini əkib, onları böyüdüb ərsəyə çatdırıb. Axı ağac da insan kimi qulluq istəyir. Elə buna görə də xalqımız ağacı yalnız yaşıllıq rəmzi deyil, həm də xalqın sağlamlığının, həyatının vacib şərti kimi qəbul edib. Onlar toplumun birliyi ilə ölkədə ağacların qorunması, onlara qulluq edilməsi arasında daxili əlaqənin olduğunu vurğulayıb. “Barlı ağacın başına dolanarlar” ideyası ilə ömür sürən babalarımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxıb, ağac əkməyi, ona qulluq etməyi özlərinə mənəvi borc biliblər. Görkəmli təbiətşünas-alim Həsən Əliyevin bu müdrik kəlamı isə  daim yaddaşlardadır: “Bəlkə də, toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”.    

Yaşıllıqlar göz nuru, həyat mənbəyidir

İnsanlıq naminə ağaclara qulluq etmək dinimizdə də savab iş sayılır. Bütün bunlarla yanaşı, gələcək nəsil qarşısında daşıdığımız məsuliyyət hissi təbiətə, ətraf mühitə vurulan zərərin azaldılmasını bizim hər birimizə aşılayır. İllərdir ki, ənənə halına gələn yaşıllaşdırma işlərinə hər bir sakin qoşulur və bunun nəticəsidir ki, artıq qədim diyar yaşıllıqlar yurduna çevrilib.  İllərdir, ənənə halına gəlmiş bu aksiyalar “Şəhərsalma və Memarlıq İli”ndə də davam etdirilir. 
Ötən həftə baş tutan aksiyada “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən avtomobil yolunun kənarında yerləşən Pürcüvar Dövlət Meşəsi ərazisində 6,5 hektar sahədə 6500 ədəd tut və aylant tingi əkilərək meşəsalma layihəsi həyata keçirilib. Bununla yanaşı, 0,3 hektar ərazidə tut toxmacarlığı və qələmkökləndirmə sahəsi yaradılıb, 4000 ədəd iydə və 1000 ədəd üzüm çiliyi əkilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlər, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq muxtar respublikada yaşıllaşdırma sahələrinin əhatə dairəsi genişləndirilir. Cari il ərzində muxtar respublika ərazisində 485,5 hektar sahədə 76 mindən çox tingin əkilməsi planlaşdırılır.

Ümumxalq işi

Müdriklərimiz deyiblər: “Ağac əkmək, bağ salmaq hünər deyil, onu qoruyub saxlamağı bacarasan gərək”, “Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar”. Onların bu kəlamlarına əməl edən muxtar respublika sakinləri  əsas diqqəti insan əlləri ilə ərsəyə gətirilmiş gözəllikləri qorumağa, onlara aqrotexniki qulluq göstərməyə yönəldiblər. Bu qayğının, bu qulluğun nəticəsidir ki, doğma Naxçıvanımız artıq yaşıllıqlar diyarına çevrilib. Bir vaxtlar yol kənarlarındakı  ağacları barmaqla saymaq mümkün idisə, bu gün tamam başqa mənzərənin şahidi oluruq. Təkcə Naxçıvan şəhərinin  illər öncəki vəziyyəti ilə bu gününü müqayisə etdikdə qeyd olunan faktlar açıq-aydın göz önünə çıxır. 
Vaxtilə yolboyu sıralanan ağac kötüklərinin yerində yaşıl, qollu-budaqlı, barlı ağaclar cərgələnir.

Ramiyə ƏKBƏROVA


 

Nəşr edilib : 26.03.2026 14:47