NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Hər baxışda zəhmətin izi – Şərur bazarından reportaj

...

Bu dəfə yolumuzu Naxçıvanın özünəməxsusluğu ilə seçilən Şərur rayonuna saldıq. Həmkarım Əhməd Əhmədovla birgə Şərur bazarına üz tutduq. Əlimizdəki mikrofon hər kəsin diqqətini çəkirdi. Satıcılar gülümsəyir, öz aralarında “Şərq qapısı”ndan gəliblər, bizi çəkəcəklər”, – deyə pıçıldaşırdılar. “Yaşıl bazar”ın içinə daxil olan kimi “Xoş gəlmisiniz, gəlin bizi də çəkin”, – deyən insanlar bizi qarşıladı. Havanın soyuq olmasına baxmayaraq, bu cür zəhmət adamlarının üzündəki mehribanlığı, səmimiyyəti görmək qəlbimizi isidirdi. Bölgənin ən böyük və ən canlı bazarlarından biri kimi tanınan Şərur bazarı həm yerli sakinlərin, həm də ətraf rayonlardan gələn alıcıların əsas ünvanına çevrilib. Biz də bu zəhmət adamları ilə salamlaşıb bazarın səs-küyünə qarışmağa başladıq. Elə giriş hissəyə göz gəzdirdiyimizdə yerli məhsullardan olan meyvə-tərəvəz bizi qarşıladı. Hər biri səliqə ilə düzülüb alıcılarını gözləyirdi. Ətrafa nəzər saldığımız zaman bu ilin məhsulunun bol olduğu açıq-aydın görünürdü. Rəngarəng tərəvəzlər, təzə meyvələr, alıcı-satıcı arasındakı canlı ünsiyyət bazara xüsusi canlanma qatırdı. Görünən odur ki, Şərur bazarında həm məhsul bol, həm də əhvali-ruhiyyə yüksəkdir. Bazarı gəzərkən rəngarəng piştaxtalarda səliqə ilə düzülmüş meyvələr də diqqətimizi çəkdi. Elə həmin piştaxtalardan birinə yaxınlaşarkən satıcı Elşən Rzayev bizi gülərüzlə qarşıladı. Gülümsəyərək “Gəlin, sizə müsahibə verim”, – deməsi söhbətimizin başlamasına səbəb oldu. Hal-əhval tutduqdan sonra ilk sualımız məhsulların mənşəyi ilə bağlı oldu:

“Bu meyvələr yerli məhsuldur, yoxsa idxal?” Satıcı gülümsəyərək bildirdi ki, piştaxtada satılan meyvələrin hamısı yerli məhsullardır. Onun sözlərinə görə, məhz yerli istehsal olduğu üçün qiymətlər də alıcılar üçün daha münasibdir. “Alıcılar, əsasən, qış mövsümünə uyğun meyvələrə üstünlük verir. Hazırda alma, portağal  və üzümə tələbat daha çoxdur”, – deyə satıcı vurğuladı. Söhbətimizi sonlarına doğru satıcı ilə sağollaşıb bazarı gəzməyə davam etdik. Qarşıda isə bizi daha bir piştaxta və yeni bir müsahibə gözləyirdi. Həmkarlarımızla birlikdə bazarı gəzərkən diqqətimizi fərqli bir piştaxta cəlb etdi. Ətrafda hər kəs rəngarəng təzə meyvələr satdığı halda, qarşımıza çıxan yaşlı bir sakin qurudulmuş meyvələr satırdı. Piştaxtasına yaxınlaşdığımızı görən baba utancaq, amma səmimi bir ifadə ilə bizə gülümsədi. Salamlaşdıqdan sonra onunla söhbətə başladıq.  Özünü təqdim etməsini xahiş etdikdə sakit səslə bildirir ki, onun adı Zahir Məmmədovdur və Şərur rayonunun Qarxun kəndində yaşayır. “Bu gördüyünüz meyvə qurularının hamısı öz həyətimizdən yığılıb qurudulur”, – deyə Zahir baba qeyd edir. Onun sözlərinə görə, alça, ərik, qara üzüm, alma, armud və digər meyvələri qurudaraq satışa çıxarırlar. Piştaxtaya diqqətlə baxdıqda meyvə qurularından əlavə müxtəlif turşular, mürəbbələr və tutdan hazırlanmış doşablar da gözümüzə dəyir. Məlum olur ki, bu məhsulların hamısını Zahir baba özü hazırlayır. Baba ilə söhbətimiz davam edərkən qulağımıza kənardan bir səs gəlir: “Bu balıq sümüksüzdür, narahat olmayın”. Biz də Zahir baba ilə sağollaşıb səsin gəldiyi tərəfə yönəldik.

Bazarın içərisində balıq satışı üçün ayrıca bir yer ayrılıb. Daha bir diqqətçəkən məqam isə alıcılara balıqların yerində, səliqəli şəkildə təmizlənərək təqdim edilməsi idi. Biz də salamlaşıb satıcı Natiq Qasımov ilə söhbətə başladıq. Söhbət zamanı öyrənirik ki, balıq satıcısı əslən şərurlu deyil. O, təxminən, 35 il əvvəl Neftçala rayonundan ailəsi ilə birlikdə buraya köçüb. Balıqçı bildirir ki, artıq uzun illərdir, bu sahə ilə məşğuldur. Piştaxtada satılan balıqların isə, əsasən, Araz çayından gətirildiyini deyir. Karas, çapak, xanı balığı, çəki balığı və forel alıcıların daha çox maraq göstərdiyi növlər sırasındadır. “Demək olar ki, 30 ilə yaxındır bu işlə məşğulam. İşimi çox sevirəm”, – deyə satıcı əlavə edir. Söhbətimiz davam edərkən içəri bir alıcı daxil olur və satıcı dərhal işinin başına qayıdır. Biz isə yenidən bazarın səs-küyünə qarışırıq.

Bazarın sonlarına doğru gəldiyimiz zaman qarşımızda çörəkçi dayanmışdı. Bizi görən kimi gülümsəyərək dedi: “Gəlin, sizə isti çörəklərimdən verim”. Bu  sözlərin səmimiyyəti dərhal bizi sevindirdi. Yanına yaxınlaşanadək alıcılar bizdən qabaq çörək almaq üçün yaxınlaşırlar. Amma o hamının arasında bizi görüb salamlaşdı. Piştaxtaya göz gəzdirdiyimizdə isə təzə çörəklər və onların qoxusu insanı valeh edirdi. Buradakı alıcıların çoxluğu da təsadüfi deyildi, hər kəs bu isti, əl əməyinin məhsulunu almaq üçün növbə gözləyirdi.

Alıcıların azaldığını gördüyümüzdə söhbətə başlayırıq və öyrəndik ki, Səttar Seyidovun anası təndir çörəklərini özü hazırlayır, oğlu isə bazara çıxararaq bu zəhmət nəticəsi məhsulları alıcılara təqdim edir. Ailə hazırda Şərur rayonunun Maxta kəndində yaşayır və bu kiçik ailə işi onlar üçün həm dolanışıq, həm də fəxr mənbəyidir. Söhbətimiz zamanı piştaxtanın ətrafına baxdıqda müxtəlif çörək növlərinin səliqə ilə düzülməsi diqqət çəkir. Hər bir çörək özünəməxsus forma və ətri ilə fərqlənir. Alıcılar bir-bir yaxınlaşır. Səttar isə onları gülümsəyərək qarşılayır və soruşur: “Hansı çörəkdən istəyirsiniz?” Biz növbəti piştaxtalara doğru yol alırıq. İsti çörəklərin ətri, meyvələrin təravəti və satıcıların səmimi gülüşü uzun müddət yaddaşımızdan silinməyəcəkdi. Oxucularımızın diqqətinə onu da çatdıraq ki, bazarın sonlarına yaxınlaşdıqca ağlımızda yalnız bir düşüncə yarandı ki, bu məkan, sadəcə, satılan məhsuldan ibarət deyil, burada insanların zəhməti, ailə bağlılığı və əməyə olan hörmət də hiss olunurdu. Bununla da reportajımızı yekunlaşdırdıq. Günün sonunda hər bir satıcının üzündəki səmimiyyət və zəhmət ilə qurduqları kiçik dünyalar gözümüzün önündə canlanırdı. İnanırıq ki, yaxın gələcəkdə yenidən bu səmimi və zəhmətkeş insanlarla qarşılaşacağıq.

Zəhra VƏLİYEVA

Əhməd ƏHMƏDOV

Nəşr edilib : 28.12.2025 17:00