NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Hamı eyni sualı verir: qripdir, yoxsa başqa bir virus?

...

Bu günlərdə əhali arasında qripə bənzər simptomlarla müşahidə olunan xəstəliklərin artması insanlarda narahatlıq yaradıb. Bu xəstəliyin hansı virus tərəfindən  yarandığı, adi soyuqdəymədən fərqləri və ondan qorunma yolları ilə bağlı suallarımıza Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər mərkəzinin İnfeksion Xəstəliklər və Kliniki Mikrobiologiya üzrə mütəxəssis həkimi Dilrubə Qaraşova aydınlıq gətirib.

– Son zamanlar yayılan xəstəlik barədə ümumi məlumat verərdiniz.

Hazırda əhali arasında daha çox yayılan xəstəlik mövsümi qrip influenza infeksiyasıdır. Bu, virus mənşəli xəstəlikdir və əsasən, payız-qış aylarında aktivləşir. Qrip qəfil başlayır, yüksək hərarət, halsızlıq və bədən ağrıları ilə müşayiət olunur. Əksər hallarda yüngül keçir, lakin bəzi insanlarda ağırlaşmalar yarana bilər.

– Bu xəstəliyi tez-tez adi soyuqdəymə ilə qarışdırırlar. Fərqlər nələrdir?

– Doğrudur, qrip çox vaxt soyuqdəymə ilə qarışdırılır. Əsas fərq ondadır ki, qrip qəfil və daha ağır başlayır. Yüksək hərarət, güclü halsızlıq, əzələ və oynaq ağrıları müşahidə olunur. Qrip virusu tənəffüs yollarına daxil olaraq boğazın selikli qişasında iltihab yaradır. Bu da boğazda yanma, quruluq və ağrı hissinə səbəb olur. Xüsusilə udqunma zamanı ağrı daha da artır. Soyuqdəymədə isə, əsasən, burun axıntısı və asqırma olur, hərarət ya olmur, ya da çox zəif olur. Qrip insanı bir neçə gün yatağa da sala bilər.  

– Bu xəstəlik yoluxucudurmu və kimlər risk altındadır?

– Bəli, qrip yoluxucudur. Öskürək, asqırma və yaxın təmas zamanı asanlıqla yayılır. Risk qrupuna aşağıdakılar daxildir: uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar, immun sistemi zəif olan şəxslər

– Xəstəliyə yoluxduğumuzu hiss etdiyinizdə hansı qabaqlayıcı tədbirləri görə bilərik?

– İlk əlamətlər hiss edildikdə: evdə qalmaq və istirahət, bol maye qəbul etmək, hərarət olduqda sadə hərarətsalıcı dərmanlardan istifadə etmək tövsiyə olunur. Əgər hərarət 3 gündən çox davam edərsə, nəfəs darlığı, sinə ağrısı, davamlı qusma və ya vəziyyətin ağırlaşması müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.

– Bu xəstəlik özünü göstərdiyi müddətdən insanların çoxu özbaşına dərman qəbul edir bəs bu hansı fəsadlara yol aça bilər?

– İlk öncə bildirim ki, ən çox edilən səhvlərdən biri antibiotiklərin özbaşına istifadəsidir. Qrip virus xəstəliyidir və antibiotiklər bu halda təsirsizdir. Lazımsız antibiotik qəbulu allergiya, mədə-bağırsaq problemləri və antibiotiklərə davamlılıq yarada bilər. Dərmanlar yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. Bundan əlavə, immuniteti gücləndirmək vacibdir. Bunun üçün xüsusi dərmanlara ehtiyac yoxdur. Gündəlik olaraq: balanslı qidalanmaq, meyvə və tərəvəzlərə üstünlük vermək, kifayət qədər yatmaq, yüngül fiziki aktivliklə məşğul olmaq, stressdən uzaq durmaq, bol maye qəbul etmək kifayətdir.

– Xəstəliyin yayılmasının qarşısını necə almaq olar?

– Xəstəliyin yayılmaması üçün: öskürərkən və asqırarkən ağzı salfetlə örtmək, əlləri tez-tez yumaq, xəstə insanın evdə ayrı qalmasına diqqət etmək, otaqları tez-tez havalandırmaq, ictimai və izdihamlı yerlərdə maskadan istifadə etmək, xəstə halda işə və ya məktəbə getməmək vacibdir. Bunu da qeyd edim ki, uşaqlarda və böyüklərdə simptomlar bir qədər fərqli olur. Uşaqlarda yüksək hərarət, halsızlıq, iştahasızlıq, bəzən qusma və ishal müşahidə oluna bilər. Böyüklərdə isə daha çox əzələ və oynaq ağrıları, baş ağrısı və güclü halsızlıq ön planda olur. Uşaqlarda xəstəlik daha sürətli başladığı üçün diqqətlə izlənməlidir.

Müsahibə üçün sağ olun.

                  Zəhra VƏLİYEVA

Nəşr edilib : 02.02.2026 15:49