NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Haçadağa qalxan gəncin görüntüləri izləyiciləri heyran etdi

...

Son günlər sosial şəbəkələrdə bir video, xüsusilə maraq doğurub, Naxçıvanın əzəmətli Haçadağına doğru addımlayan bir gəncin görüntüləri minlərlə baxış və rəğbət toplayıb.  Həmin gənc Şərafəddin Qafarov Babək rayonunun Nehrəm qəsəbəsində doğulub, uşaqlığını kəndin təbiəti ilə iç-içə keçirib. Biz də həmin gənclə görüşüb həmsöhbət olduq. Şərafəddinin sözlərinə görə,  təbiətə, macəraya, adrenalinə olan sevgisi onu illərlə uzaqdan seyr etdiyi Haçadağa qalxmaq arzusuna çatdırıb. Və bir gün o qərara gəlib ki, vaxtıdır, xəyalları gerçəyə çevirməyin zamanı yetişib: - Hər zaman Haçadağ mənə maraqlı gəlib. Düşünürdüm ki, nə vaxtsa, mütləq zirvəsinə çıxaram.  Dostumu da götürüb bu dağın sehrini daha yaxından görmək və düz zirvəsinə qalxmaq üçün Naxçıvana ikigünlük səfər planladım. İnsanlara qəribə gəlirdi ki, bu qədər yolu gəlmisən ki, dağa qalxasan? Mənim üçün bu yürüş illərin xəyallarına doğru atılan  addim idi. Dağa qalxmaq üçün ilk dayanacağımız məkan isə Culfa rayonunun Gal kəndi idi.  Zirvəyə gedən yol məhz buradan başlayır.

Uzaqdan baxanda bir başqa görkəm, yaxından isə tam fərqli əzəməti ilə insanı özünə valeh edən Haçadağ  sanki səssiz-səmirsiz dayanıb səni zirvəyə çağırır. Onun möhtəşəm görünüşü insanda izaholunmaz bir həyəcan və cazibə yaradır. Nəhayət, zirvəyə çatanda gördüklərim sözlə ifadə ediləsi deyildi. Qarşımda uzanan mənzərə möhtəşəm idi.  Həm əzəmətli, həm də inanılmaz dərəcədə gözəl. Uşaqlıqda xəyallarda gördüyüm mənzərə indi qarşımda  dayanmışdı. Dağa qalxmaq mənim üçün  həm fiziki, həm də ruhi bir sınaq oldu. Amma bu sınağın hər anı mənim üçün xüsusi idi. Hər kəsə tövsiyəm budur: əgər bir arzunuz varsa, onu gecikdirməyin. Haçadağa səyahətin hər anını, dağa doğru atdığım hər addımı, yaşadığım duyğuları görüntülərə köçürərək paylaşdım. Videom gözlədiyimdən də böyük maraqla qarşılandı.  Hədəfim növbəti zirvələrdir.

Biz də bu maraqlı və ruhlandırıcı hekayənin müəllifi Şərafəddin Qafarova gələcək səfərlərində uğurlar arzulayırıq. Arzularının ardınca gedən, zirvələri fəth etməklə insanlara ruh verən belə gənclər cəmiyyətimiz üçün nümunədir. İnanırıq ki, qarşıdakı hədəfləri onun həyatında yeni bir səhifə açacaq. 

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 26.10.2025 15:30