Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
7 aprel... Baharın bu isti və yağışlı günlərindən birində, 1906-cı ildə Tiflisdə, “Qeyrət” mətbəəsinin kiçik, lakin canla dolu otaqlarında bir möcüzə baş verdi. Azərbaycan xalqının ürəyindən, düşüncəsindən və gülüşündən doğan “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü. Bu, sadəcə, bir jurnalın yaranması deyildi, bu, bir xalqın öz qaranlıqlarına, cəhalətinə və geriliyinə qarşı açdığı ən parlaq, ən isti və ən cəsarətli sevginin ifadəsi idi. Təsəvvür edin o anı: Cəlil Məmmədquluzadə və sadiq dostu Ömər Faiq Nemanzadə gecədən səhərə qədər yorulmadan çalışırlar. Bir tərəfdən mürəkkəb qoxusu, kağızların xışıltısı, digər tərəfdən isə gələcəyə olan böyük ümid. Jurnalın ilk nömrəsi min tirajla nəzərdə tutulmuşdu. Mirzə Cəlil sonralar bu barədə yazacaqdı ki, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı. Amma, əslində, onu yaradan xalqına dərin, sarsılmaz və romantik bir məhəbbət idi…
Bu sevgi adi bir hiss deyildi. O həm ağrılı, həm də şirin idi. Çünki “Molla Nəsrəddin” cəmiyyətin yaralarını açıb göstərirdi, amma bunu edərkən heç vaxt kinli və ya qəddar olmurdu. O gülürdü. Hazırcavab lətifələrlə, iti satira ilə, rəngli karikaturalarla gülürdü. Bu gülüşün içində böyük bir ümid yatırdı: xalq maariflənsin, azad olsun, güclü olsun, öz dilində, öz mədəniyyətində yüksəlsin. Jurnal müsəlman Şərqində ilk şəkilli, ilk satirik nəşr kimi doğuldu və qısa zamanda yalnız Azərbaycanın deyil, bütün Qafqazın, Türk dünyasının və Yaxın Şərqin ən oxunan səsi oldu. Cəlil Məmmədquluzadə və onun ətrafında toplaşan ziyalılar – Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əzim Əzimzadə və başqaları bilirdilər ki, gerçək dəyişiklik gülüşlə başlayır. Çünki gülüş insanı azad edir. Gülüş qorxunu dağıdır, ikizlülüyü ifşa edir, cəhaləti utandırır. Amma bu gülüşün arxasında dərin bir romantizm dayanırdı...
İdeal bir cəmiyyətə, maarifli, ədalətli və gülən bir xalqa olan inam. Onlar xalqı sevirdilər, istər onun gözəl tərəfləri ilə, istərsə də qüsurları ilə. Sevgi elə bu idi, gerçəkliyi olduğu kimi görüb, onu daha yaxşı etmək üçün əlindən gələni etmək. “Molla Nəsrəddin” 25 il ərzində – Tiflisdə, Təbrizdə, Bakıda, ümumilikdə, müxtəlif fasilələrə, çətinliklərə, təqiblərə baxmayaraq nəşr olundu. 748 nömrəsi çıxdı. Hər nömrədə bir az daha çox işıq, bir az daha çox cəsarət, bir az daha çox sevgi var idi. O, sadəcə, satirik jurnal yox, o həm də bir ədəbi məktəb yaradıb, “mollanəsrəddinçilik” hərəkatını doğurdu. Bu hərəkat Azərbaycan mətbuatının, ədəbiyyatının və düşüncəsinin sonrakı inkişafına güclü təsir göstərdi.
Bu gün, 120 il sonra, hələ də o bahar gününün isti nəfəsi üzümüzü oxşayır. “Molla Nəsrəddin” bizə xatırladır ki, əsl sevgi susmur. O həm tənqid edir, həm gülür, həm də ümid verir. O deyir: “Qorxma düşünməyə, qorxma gülməyə, qorxma dəyişməyə... Çünki gülüş azadlığın ən gözəl səsidir”.
Molla Nəsrəddin jurnalı romantik idi, çünki o romantiklik xalqının gələcəyini sevirdi. Cəlil Məmmədquluzadə romantiklik və ideallığın təcəssümü idi, çünki o, gülüşlə maarif yolunu açmağa inanırdı.
Bu gün “Molla Nəsrəddin”in yaranma günüdür.
Bu gün Azərbaycan yumorunun, azad sözün və ürəkdən gələn sevginin bayramıdır.
Molla Nəsrəddin kimi...
Mirzə Cəlil kimi...
Və özümüz kimi, ən səmimi qəlblərin bayramıdır...
Rafiq TƏHMƏZ
Digər xəbərlər