NAXÇIVAN :

03 May 2025, Şənbə

Göz rəngimizi haradan alırıq?

...

Gözlərimiz bir növ dünyaya açılan pəncərəmizdir ki, bu pəncərə vasitəsilə ətrafdakıları görür və gördüklərimizi beynimizə həkk edirik. Ona görə də gözlər ən vacib orqanlarımızdan biri sayılır. Hər bir insan müxtəlif göz quruluşuna və rənginə malikdir. Xalq şairi Bəxtiyar Vahabzadə “Gözün dili” adlı şeirində deyir:

Qara gözlər, ala gözlər, qonur gözlər

Nə qədər sözlər deyilmiş mədhinə gözəl gözlərin  

Şairlər, indi də mənə söz verin ...

Bəli, uzun illər gözlərin mədhinə çoxlu şeirlər yazılmış, mahnılar bəstələnmişdir. Bəs, gəlin görək bizə bəxş edilmiş ən dəyərli nemətimiz olan gözlərimizin rəngini haradan alırıq? Niyə hər birimiz eyni deyil də fərqli göz rənglərinə  sahibik? Göz rəngimizi sevmədiyimiz halda bunu dəyişə bilərikmi? Suallar çoxdur. Əlbəttə, bu  suallarımıza ən yaxşı cavabı oftalmoloqdan əldə edə bilərik. Bu səbəbdən Naxçıvan Muxtar Respublika Xəstəxanasına yollanır, bizi maraqlandıran sualları cərrah-oftalmoloq  Kəmalə Əliyevaya ünvanlayırıq.

“Gözün rəngini gözün qüzehli qişasında yerləşən melanin piqmenti təyin edir”, – deyən Kəmalə xanım bildirir ki,  həmin melanin piqmentinin  çoxluğundan, azlığından asılı olaraq gözün rəngi təyin olunur. Əgər melanin piqmenti azdırsa, o zaman açıqrəngli, əgər çoxdursa,  daha tündrəngli gözlərə sahib oluruq.

Müsahibimin sözlərinə görə,  bu xüsusda irsi meyilliliyin də  rolu böyükdür. Hər iki valideynin gözü mavidirsə, doğulan uşağın 98 faizinin gözünün mavi,  yerdə qalan 1-2 faiz uşağın gözünün isə yaşıl olacağına dəlalət edir. Ancaq tünd- qəhvəyi rəngdə olacağına dəlalət etməz. Bu, çox nadir hallarda baş verə bilər.

–  Bəzi insanlarda bir göz rəngi digər göz rəngi ilə eyni olmur. Bunu necə izah edə bilərsiniz? – sualımıza Kəmalə xanım belə aydınlıq gətirdi: “Melanin piqmentinin paylaşmasına görə, bəzən, sektorial olaraq və yaxud da misal üçün qüzehli qişanı tort kimi təsəvvür etsək, onun bir diliminin rəngi və ya bir gözlə digərinin rəngi fərqli olarsa, bu “heteroxromiya”  adlanır. Bu əksərən anadangəlmə olur və yunancadan tərcümədə “müxtəlifrənglilik” deməkdir. Bu da melanin piqmentinin paylanmasından asılı olaraq baş verir. Heteroxromiya xəstəlik deyil. Əgər xəstələrdə kompleks yaradırsa, bunu kontakt linza ilə kosmetik olaraq düzəltmək olur”.

Kəmalə xanım bildirir ki, göz rəngi dəyişilə bilir. Bəzən yenidoğulmuşlarda göz rənginə el arasında “süd göyü” deyilən  ifadə işlədilir ki, sonradan bu rəng tündləşə bilir. 6 aydan sonra melanin piqmenti harada ki, yığılmağa başlayır, qüzehli qişada çoxalır, bu zaman yığıntılar artdıqca tündləşmə də artır. Yaşıl, mavi, yaxud tünd- qəhvəyi və ya açıq-qəhvəyi rəngə qədər dəyişilə bilir. 3 yaşında uşağın tam rahat  göz rəngini təyin etmək mümkün olur.

Müsahibimin sözlərinə görə, göz rəngini əməliyyatla da dəyişmək olar. Belə ki, zəmanəmizdə artıq FLAAK əməliyyatı  dəb halını aldığından tez-tez belə xəbərlər eşidirik. Lakin müəyyən bir zaman keçdikdə, məsələn, 15-20 ildən sonra  elmi tədqiqatlara görə, göz rənginin çaları əvvəlki icra edilən kimi olmur, bozarır və  bunun üçün də təkrar əməliyyata ehtiyac duyulur.

Bəzən  hamilə qadınlar tez-tez mavi göz rənginə sahib uşaq şəkillərinə baxaraq doğulacaq körpənin də eynən elə olacağına inanırlar. Kəmalə xanım isə qeyd edir ki, bu, təbii ki, mifdir. Və bir də göz rəngini dəyişən qidalar olduğu deyilsə də, təbii ki, bunun da heç bir elmi əsası yoxdur.

                                                                                      Türkanə ƏSƏDOVA 

Nəşr edilib : 30.04.2025 14:40