NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Gəncə İdman Kompleksindən dünya arenasına

...

Azərbaycan 2025-ci ildə mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. III MDB Oyunları 28 sentyabr-8 oktyabr tarixlərdə ölkəmizdə keçiriləcək. Bu qərar təkcə idman yarışlarının təşkili deyil, həm də Azərbaycanın regional əməkdaşlıq, idman diplomatiyası və turizm sahəsində artan rolunu nümayiş etdirir.
sentyabrın 28-də, yəni bu gün saat 19:00-da Gəncə Şəhər Stadionunda baş tutacaq açılış mərasimində Azərbaycan bayraqdarı karateçi Asiman Qurbanlı və taekvandoçu Zemfira Həsənzadə olacaq.  Oyunların coğrafiyası diqqətəlayiqdir. Belə ki, Gəncə əsas mərkəz kimi seçilib və açılış həm də bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda baş tutacaq. Bununla yanaşı, yarışların digər şəhərlərdə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə keçirilməsi qərara alınıb. Bu, Azərbaycanın regionlarının inkişafına və idman infrastrukturunun paytaxtdan kənarda gücləndirilməsinə verilən önəmin göstəricisidir.

 Yarışların, ümumilikdə, 12 idman məkanında təşkili planlaşdırılıb ki, bu da logistika və təşkilati baxımdan ciddi hazırlıq tələb edir.
Müsabiqələrdə 23 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Bu idman növləri üçün, ümumilikdə, 246 medal dəsti uğrunda mübarizə aparılacaq. Faktın özü göstərir ki, turnir yalnız dostluq və əməkdaşlıq rəmzi deyil, həm də idman baxımından kifayət qədər yüksək rəqabət mühitidir. Azərbaycan üçün bu, gənc idmançıların beynəlxalq təcrübə toplaması baxımından vacib fürsət olacaq.
Mənbələrin göstərdiyi rəqəmlər maraqlı nüansı ortaya qoyur. Məsələn, iyul ayında, təxminən, 1846 idmançının iştirak edəcəyi bildirilmişdi. Digər hesabatlarda bu rəqəm 1605 kimi göstərildi. Sentyabrın 25-də verilən məlumatlara görə isə artıq 13 ölkədən 1624 idmançının iştirakı rəsmən təsdiqlənib. Bu dəyişikliklər, əslində, beynəlxalq yarışların təşkilinə xas olan prosesdir: qeydiyyat, təsdiqləmə və logistika səbəbindən rəqəmlər son ana qədər dəqiqləşdirilir. Burada vacib məqam odur ki, müxtəlif rəqəmlər təqdim edilsə də, Azərbaycan ev sahibi kimi iştirakçı ölkələrin təmsilçiliyini təmin edib. Təşkilatçı ölkə olaraq Azərbaycan özü də güclü heyətlə çıxış edir. Ölkəmizi oyunlarda 340 nəfərlik milli komanda təmsil edəcək. Bu yalnız yarışlarda iştirak deyil, həm də ev sahibi ölkənin nüfuzunun qorunması, yüksək idman göstəricilərinin nümayişi baxımından önəmlidir. Digər heyətlərə nəzər saldıqda isə Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Omanı isə 4 idmançının təmsil edəcəyi göstərilib. 

Bu oyunda Azərbaycanın ev sahibliyi təsadüfi qərar deyil. Oyunlardan öncə Bakı şəhərində Təşkilat Komitəsinin iclasları keçirildikdən sonra burada həm infrastrukturun hazır vəziyyətə gətirilməsi, həm də beynəlxalq tələblərə cavab verən təşkilati planlamalar müzakirə olunub. Bu iclaslar göstərir ki, oyunlara hazırlıq yalnız idman obyektlərinin tikintisi deyil, həm də idarəçilik, təhlükəsizlik və logistik məsələlərin həllini əhatə edir. Turnirin rəsmi açılışından öncə artıq bəzi yarışlara start verilib. Futbol üzrə ilk oyunlar sentyabrın 28-də Qəbələ stadionunda keçirilib. Azərbaycan U-16 komandasının iştirakı ilə keçirilən matçlar göstərir ki, turnir, sadəcə, rəsmi mərasimlərlə yox, real yarış həyəcanı ilə başlayıb. Bu həm idmançılar, həm də tamaşaçılar üçün turnirin motivasiyaedici tərəfidir. Oyunların vizual tərəfi də diqqətdən kənarda qalmır. Rəsmi maskotlar olaraq Qafqaz faunasının simvolu olan “Bəbir” və “Leyla” (erkək və dişi bəbir maskotlar) təqdim olunub. Bu seçim Azərbaycanın təbiətini və mədəniyyətini beynəlxalq arenada tanıtmaq məqsədi daşıyır. İdman yarışları yalnız stadionlarda deyil, həm də simvolik ünsürlər vasitəsilə yadda qalır. Bunun ən bariz nümunəsini Bakı şəhərində keçirililən minifutbol üzrə dünya çempionatında olan Maralzadə simvolunda da müşahidə edirdik. 

III MDB Oyunları Azərbaycanın idman diplomatiyası üçün strateji əhəmiyyət daşıyır. Bir tərəfdən bu oyunlar regional əməkdaşlığı gücləndirir, digər tərəfdən isə ölkənin regionlarının inkişafı üçün yeni imkanlar açır. Gəncə, Mingəçevir, Qəbələ və digər şəhərlərin seçilməsi mərkəzləşmədən kənar idman siyasətinin göstəricisidir. Yarışlardan əvvəl faktların göstərdiyi dəyişkən iştirakçı rəqəmləri isə real təşkilati prosesin dinamikliyini göstərir. Əsas məqam odur ki, yarışlar beynəlxalq standartlara uyğun şəkildə təşkil olunur və Azərbaycan bunun üçün həm infrastruktur, həm də idarəçilik potensialını səfərbər edib. Bu mənzərədə III MDB Oyunları yalnız idman yarışları kimi yox, həm də Azərbaycanın regional güc mərkəzi kimi mövqeyini təsdiqləyən hadisə kimi görünür.

MDB Oyunlarının budəfəki formatı diqqətəlayiqdir. Bir nüansa diqqət etmək lazımdır ki, yarışlar təkcə paytaxtda deyil, Azərbaycanın müxtəlif bölgələrinə yayılıb. Rəsmi məlumatlara görə, oyunlar 7 şəhərdə, 12 idman məkanında təşkil edilir. Bu həm regional idman infrastrukturunu sınaqdan keçirmək, həm də turizm və iqtisadi canlanmaya təkan vermək məqsədi daşıyır. Yarışlarda keçiriləcək ümumi oyunlara nəzər saldıqda Gəncə  şəhərində üzgüçülük, atıcılıq, voleybol, qılıncoynatma və 3×3 basketbol, Qəbələ stadionunda stolüstü tennis və futbol (U-16), Mingəçevir şəhərində avarçəkmə və kanoe yarışları, Naftalanda sərbəst güləş, qadın güləşi və yunan-Roma güləşi, Şəkidə çovqan və ritmik gimnastika (oyunların bağlanışı) kimi oyunlar baş tutacaq.
Azərbaycan ev sahibi kimi rekord sayda heyətlə – 340 nəfərlik idmançı kontingenti ilə çıxış etməsi idman sahəsində olan inkişafın göstəricisidir. Bu rəqəm həm oyunların miqyasını, həm də ölkəmizin idman potensialını göstərir. Bu statistikanı ayrı-ayrılıqda idman sahələri üzrə bölsək, görərik ki, ən geniş heyət cüdo və qılıncoynatma üzrə, hər birində 32 idmançı olmaqla ölkəmizi təmsil edəcək. Bundan başqa, taekvondo və voleybol sahələrində isə 28 idmançı ilə təmsil olunuruq. Komanda idmanları arasında Azərbaycan futbol (U-16), çovqan, voleybol və 3×3 basketbol yarışlarında iştirak edir. Ev sahibi ölkə olaraq Azərbaycan bəzi idman növlərində, judo, taekvondo, fencing, badminton və karate üzrə iki komanda ilə çıxış etmək hüququ qazanıb.
Futbol yarışları Qəbələdə keçirilir və Azərbaycanın U-16 komandası Group A-da Tacikistan və Qırğızıstanla qarşılaşır. Group B isə Belarus, Rusiya və Özbəkistandan ibarətdir. İlk oyun sentyabrın 27-də Tacikistan və Azərbaycan arasında baş tutub. Bu yarışlar həm gənc futbolçuların beynəlxalq təcrübə toplaması, həm də ölkəmizin futbol infrastrukturunun MDB məkanında nümayişi baxımından əhəmiyyətlidir.  Azərbaycan idmançıları tennisdən futbola, güləşdən gimnastikaya qədər müxtəlif sahələrdə ölkəmizi təmsil etməklə həm medal uğrunda mübarizə aparır, həm də ölkənin idman nüfuzunu daha da möhkəmləndirirlər.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 28.09.2025 19:22