NAXÇIVAN :

13 Iyun 2025, Cümə

"Gənc xilasedici və yanğınsöndürən” yarışının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə muxtar respublikanın orta və ümumi təhsil müəssisələrinin şagirdləri arasında Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illik yubileyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev, təhsil naziri Elxan Babayev, gənclər və idman naziri vəzifəsini icra edən Məcid Seyidov iştirak edib.
"Şərq qapısı" xəbər verir ki, “Gənc xilasedici və yanğınsöndürən” yarışının keçirilməsi  haqqında Əsasnaməyə uyğun olaraq yarışda Naxçıvan şəhəri və rayonlardan seçilmiş 8 komanda iştirak edib. Yarışın keçirilməsində əsas məqsədlər yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin,  gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, həmçinin məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarət olub.
Yarış təşkilat komitəsi sədrinin Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yarışa hazırlıq barədə məruzəsi ilə başlayıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general mayor Şahin Mirzəyev yarışın əhəmiyyətindən danışıb və komandalara uğurlar arzulayıb. 
Proqrama uyğun olaraq komandaların təqdimatı və tribunanın önündən təntənəli marşla keçidi nümayiş etdirilib. 
Yarışın ikinci mərhələsində mülki müdafiə qoşunlarının 14 maneədən ibarət maneələr zolağının dəf edilməsi və kombinə edilmiş yanğın estafeti üzrə komandaların yarışı keçirilib. 
Yüksək həvəs və dözümlülük nümayiş etdirməklə yarışan komandaların göstərdiyi nəticələr Hakimlər Kollegiyasının üzvləri tərəfindən hesablanıb. Gərgin mübarizə şəraitində keçən yarışda komandalar minimum xal fərqi ilə yarışı başa vurublar.
Beləliklə, Naxçıvan şəhərinin komandası daha yüksək nəticə göstərərək birinci, Culfa rayonunun komandası ikinci, Şərur rayonunun komandası üçüncü yerə layiq görülüblər. 
Qalib komandalar Fövqəladə Hallar, Təhsil, Gənclər və İdman nazirliklərinin fəxri fərmanları, diplomları və kuboklarla mükafatlandırılıblar.
Qeyd edək ki, yarışda birinci yeri tutan Naxçıvan şəhər 1 nömrəli məktəbin komandası “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Nəşr edilib : 11.06.2025 18:36