Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Ötən günlərdə xəbər verdiyimiz kimi, Sərhədçi İdman Mərkəzində MMA idman növü üzrə uşaqlar və yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. İki gün davam edən yarışda Naxçıvan Muxtar Respublikasını “Turan” Döyüş Klubu təmsil edib. Baş məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə yarışa 2 məşqçi və 20 idmançı qatılıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatda Naxçıvan təmsilçiləri, ümumilikdə, 12 medal qazanaraq uğurlu nəticəyə imza atıblar. Medallardan 4-ü qızıl, 4-ü gümüş, 4-ü isə bürünc əyarlı olub. Ölkə birinciliyindən sonra “Turan” Döyüş Klubu daha bir mötəbər yarışda qüvvəsini sınayıb. Azərbaycanda AIGA təşkilatının qrapplinq üzrə ilk Avrasiya çempionatı keçirilib. Yarışda klubun 15 idmançısı iştirak edib. Nəticədə, komanda çempionatı 2 qızıl, 1 gümüş və 7 bürünc medalla başa vurub. Biz də yarış iştirakçıları ilə həmsöhbət olaraq onların təəssüratlarını öyrəndik. Respublika birinciliyi və Avrasiya çempionatında uğur qazanan idmançılardan biri Həmid Əkbərlidir. Üç ilə yaxındır ki, MMA ilə məşğul olan gənc idmançı bu müddət ərzində bir sıra yarışlarda iştirak etdiyini bildirib. Onun sözlərinə görə, respublika birinciliyində 14-15 yaş kateqoriyası üzrə 71 kq çəki dərəcəsində mübarizə aparıb: “Yarışda iki rəqibim var idi. Hər iki görüşü xal fərqi ilə qazanaraq birinci yerə layiq görüldüm və respublika çempionu oldum”.
Həmid Əkbərli qeyd edib ki, Avrasiya çempionatında da uğurunu davam etdirib:
“Bu yarışda da iki rəqibim var idi. Onlardan biri qazaxıstanlı, digəri isə azərbaycanlı idmançı idi. Hər ikisinə qalib gələrək çempion adına layiq görüldüm”.
Qeyd edək ki, Həmid Əkbərli həm respublika birinciliyində, həm də Avrasiya çempionatında iştirak edərək hər iki yarışda qızıl medal qazanıb.
Respublika birinciliyi və Avrasiya çempionatında uğurlu çıxış edən idmançılardan biri də Rəhim Quluzadə olub. O, respublika yarışında göstərdiyi performansdan məmnun qaldığını bildirib: “Respublika birinciliyində bütün görüşlərə ciddi hazırlaşmışdım. Gərgin keçən mübarizədən sonra çempion olmağı bacardım. Bu qələbə mənim üçün böyük motivasiya oldu".
Rəhim Quluzadə Avrasiya çempionatındakı çıxışını da xüsusi vurğulayıb: “Avrasiya çempionatında qazaxıstanlı və azərbaycanlı rəqiblərimə qarşı mübarizə apardım. Hər iki görüş çətin keçdi, amma qələbə qazanaraq Avrasiya çempionu oldum. Bu uğur həm mənim, həm də komandamız üçün qürurvericidir”.
Rəhim qeyd edib ki, qazandığı nailiyyətlər gələcək yarışlara daha böyük həvəslə hazırlaşmasına stimul verir.
MMA üzrə isə Kamal Mustafazadə Azərbaycan birinciliyində iştirak edib.
O bildirib ki, ölkə birinciliyində 11 idmançı arasında mübarizə apararaq üçüncü yerə layiq görülüb: “Yarış kifayət qədər gərgin keçdi. Rəqiblər güclü idi, amma əlimdən gələni etdim və 3-cü yeri qazandım".
Kamal qeyd edib ki, bu onun respublika birinciliyində ikinci iştirakı olub. O, MMA üzrə hər iki yarışda bürünc medal qazanaraq sabit nəticə göstərib. İdmançı uğurunda müəlliminin və ailəsinin dəstəyinin böyük rol oynadığını vurğulayıb və gələcəkdə daha yüksək nəticələr əldə etməyi qarşısına məqsəd qoyduğunu bildirib.
Azərbaycan çempionatında çıxış edən idmançılardan biri də Əbulfəz Cəfərov olub.
O bildirib ki, ölkə çempionatında 5 rəqiblə qarşılaşıb: “Beş görüş keçirdim. Onlardan dördündə qalib gəldim, bir görüşdə isə məğlub oldum. Ümumilikdə, çıxışımdan razı qaldım və yaxşı təcrübə qazandım". Əbülfəz Cəfərov 13-15 yaş kateqoriyası üzrə keçirilən Avrasiya çempionatında da iştirak edib. Onun sözlərinə görə, həmin yarışda qazaxıstanlı rəqibinə məğlub olaraq üçüncü yerə layiq görülüb. İdmançı qeyd edib ki, bu yarışlarla yanaşı, bir çox turnirlərdə və Azərbaycan çempionatlarında iştirak edib, ölkə çempionu adına layiq görülüb və müxtəlif nailiyyətlər qazanıb. O, gələcək yarışlarda daha yüksək nəticələr əldə etməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb.
Zəhra VƏLİYEVA
Digər xəbərlər