Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Ali təhsil müəssisələrinin ixtisas seçimi başlayıb
Artıq ölkənin ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başlayır. Minlərlə gəncin həyatı üçün həlledici mərhələ olan bu proses 11-19 avqust tarixlərini əhatə edəcək. Bu seçim abituriyentlərin yalnız hansı təhsil müəssisəsində təhsil alacağı ilə bağlı deyil, hansı peşədə çalışacağına, necə bir həyat yaşayacağına və gələcəkdə özlərini harada görəcəklərinə qərar vermək deməkdir.
Odur ki, bu günlərdə bir sıra suallar ortaya çıxır: abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? Gənclər bu məqamda seçim edərkən hansı çətinliklərlə qarşılaşırlar? Valideynlərin təzyiqi, cəmiyyətin gözləntiləri və sair. Məhz bu suallar ətrafında təhsil eksperti Ramin Nurəliyevlə həmsöhbət olduq.
O, abituriyentlərin seçim zamanı doğru qərar verməsi üçün vacib məqamları bizimlə bölüşdü. Bildirdi ki, ixtisas seçimi bütün abituriyentlərin üzərində ciddi düşünməli olduğu bir mərhələdir.
Ekspertin sözlərinə görə, ixtisas seçimindən əvvəl mütləq statistik analiz aparılmalıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən yayımlanan “Abituriyent 4” jurnalında ixtisas qrupları üzrə plan yerləri, keçid balları və dövlət sifarişli yerlər haqqında ətraflı məlumat verilir. Bu resurslardan istifadə olunmadan verilən qərarlar abituriyenti riskli nəticələrlə üz-üzə qoya bilər: “Hər bir abituriyent topladığı bala uyğun olaraq həm dövlət sifarişli, həm də ödənişli ixtisasların plan yerlərinə diqqət etməlidir. Plan yerlərinin keçən illərlə müqayisəsi aparılmalı, hansı ixtisaslarda artım və ya azalma olduğu araşdırılmalıdır. Statistikaya əsaslanmayan seçim böyük riskdir,” – deyə Ramin Nurəliyev vurğuladı.
O, həmçinin bildirdi ki, abituriyentlər keçənilki keçid ballarına baxmaqla kifayətlənməməlidirlər. Çünki hər il imtahan nəticələrində dəyişikliklər baş verir və bu da keçid ballarına ciddi təsir göstərir: “Bəzən abituriyentlər düşünürlər ki, keçən il hansı ixtisasa 420 balla qəbul olubsa, bu il də, təxminən, eyni olacaq. Amma bu yanlış yanaşmadır. Məsələn, ötən il I ixtisas qrupunda ciddi eniş baş verdi, əvvəlki il isə artım müşahidə olunmuşdu. Bu o deməkdir ki, yalnız keçənilki nəticəyə baxıb seçim etmək olmaz. Hər il yeni statistikaya əsaslanaraq doğru uyğunlaşdırma aparmaq lazımdır”.
Ramin Nurəliyev abituriyentlərin qarşılaşdığı əsas çətinliklərdən birini də valideyn təzyiqi kimi qeyd edir. Onun sözlərinə görə, bəzi hallarda valideynlər öz istəklərini önə çəkərək övladlarını istəmədikləri sahəyə yönəldirlər: “Əgər bir abituriyent jurnalist olmaq istəyirsə, lakin valideyn onu hüquqşünaslıq və ya tibb sahəsinə yönləndirirsə, burada gələcək narazılıq və peşə təəssüfü qaçılmazdır. Peşəni sevən və seçən abituriyentdir. Onun bu yolda motivasiyası yoxdursa, o sahədə inkişaf etməsi də çətin olacaq. Ona görə valideynlərə tövsiyəmiz budur ki, övladlarının seçimlərinə hörmətlə yanaşsınlar, onlara dəstək olsunlar”.
Ekspert əlavə edir ki, bəzi sahələrin spesifikliyi ilə bağlı məlumat çatışmazlığı da var. Bu hallarda mütəxəssislərdən məsləhət almaq, ixtisasların iş imkanları ilə tanış olmaq və seçimləri daha ağıllı formada aparmaq olduqca vacibdir.
Ramin Nurəliyev abituriyentlərə xatırladır ki, qəbul olunduqdan sonra ali məktəbə portal üzərindən rəsmi qeydiyyat da mütləqdir. Əks halda, gənc qəbul olunsa belə, tələbə statusu qazanmır: “Hər il bəzi abituriyentlər qəbul sevincinə qapılaraq və ya texniki səbəblərdən portalda qeydiyyatdan keçməməklə öz yerlərini itirirlər. Bu, çox ciddi məsələdir. Qəbuldan sonra sistemdə təsdiq mərhələsi tamamlanmasa, təhsil müəssisəsinə abituriyentin adı göndərilmir və bu da onun qəbul edilməmiş hesab olunmasına gətirib çıxarır. Belə hallar artıq yaşanıb, nəticədə, peşmançılıq yaranıb”.
Onun sözlərinə görə, ali məktəblərə qəbuldan sonra avqustun son günlərində kollec ixtisas seçimi mərhələsi də başlayacaq. Bu proses də eyni qaydalarla həyata keçiriləcək və portal üzərindən seçim və təsdiq forması ilə icra olunacaq.
Ramin Nurəliyevin ixtisas qrupları üzrə rəqabət səviyyəsi ilə bağlı verdiyi məlumatlar, abituriyentlər üçün vacib xəbərdarlıqdır: “1-ci ixtisas qrupunda (Rİ alt qrupu) ciddi rəqabət olacaq. 4-cü ixtisas qrupunda da çox böyük rəqabət olacaq, xüsusilə də tibb ixtisaslarında. Buna görə də abituriyent seçim zamanı statistik analiz aparmalıdır.
2-ci ixtisas qrupunda bir o qədər böyük problem müşahidə etmirəm. Əgər abituriyentlər düzgün seçim etsələr, 2-ci qrupda rahatlıqla qəbul imkanları olacaqdır.
3-cü ixtisas qrupunda vəziyyət bəzi ixtisaslarda gərgin, bəzilərində isə çox ciddi problem olmayacaq kimi görünür.
Blok imtahanı nəticəsi 50-100 bal olan abituriyentlər var ki, qruplarına aid, sadəcə, məhdud ixtisaslara müraciət edə bilərlər. Yəni DİM-də qayda belədir ki, abituriyent qəbul imtahanının ikinci mərhələsində əgər 50-100 arası bal toplayırsa, bu abituriyentlər ixtisas qrupuna uyğun olaraq bütün ixtisaslara müraciət edə bilməzlər, sadəcə, məhdud ixtisaslara edə bilərlər.
Məsələn, 1-ci ixtisas qrupu üçün kənd təsərrüfatı ixtisasları, meşəçilik, şərabçılıq, aqronomluq tipli ixtisaslar, 2-ci ixtisas qrupu üçün isə marketinq, biznesin idarə edilməsi, turizm ixtisasları tipli ixtisaslar, 3-cü ixtisas qrupunda sosial iş, muzey, arxiv işi, abidələrin qurulması, 4-cü ixtisas qrupunda isə ekologiya, bitki mühafizə və sair kimi ixtisaslara abituriyentlərin qəbulunda ciddi rəqabət olacaq. Çünki bu qəbul ilində blok imtahanında 100 balı keçməyən abituriyentlərin sayı kifayət qədər çoxdur.
2-ci və 4-cü qruplarda ciddi problem görmürəm, lakin 1-ci və 3-cü ixtisas qruplarında böyük rəqabət olacaq.
5-ci qrupda da rəqabəti təxmin edə bilirəm. İdman ixtisaslarında ciddi rəqabət gözlənilir, həmçinin dizayn və qabiliyyət tələb etməyən dizayn ixtisaslarında çox böyük rəqabət ehtimal olunur. Çünki buraxılış imtahanında 5-ci ixtisas qrupunda, ancaq qabiliyyət tələb etməyən ixtisaslara müraciət olunacaq. Bu isə balların hardasa 180+ olacağı deməkdir. Regionlarda bu bal daha aşağı ola bilər. Abituriyentlərə tövsiyəm düzgün seçim etmələridir, lazımdırsa, mütəxəssislərlə də məsləhətləşsinlər. Həmçinin bu haqda elmi jurnalları, mətbuatda dərc olunan yazıları oxusunlar və seçim etsinlər”.
Unutmayaq ki, ali məktəbə qəbul olmaq bir mərhələdirsə, doğru sahəyə qəbul olmaq ömürlük rahatlıqdır. Həyatın bir dönüm nöqtəsində dayanarkən gənclər özlərinə bu sualı verməlidirlər: “Mən gələcəkdə nə etmək istəyirəm?” Bu sualın cavabı onların ixtisas seçimlərini müəyyən etməlidir. Bu yolda atılan hər addım isə bir az inam, bir az cəsarət və xeyli düşüncə tələb edir.Əgər düzgün seçim edilərsə, ixtisas, sadəcə, diplom deyil, bir ömrün sevinci və uğurunun başlanğıcı ola bilər.
Elnurə CƏFƏROVA
Digər xəbərlər