NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Gələcəyə hesablanmış siyasət – uzunmüddətli su təhlükəsizliyinin təmini

...

Alın təri ilə sulanan torpaq

Qədim Naxçıvan... Tanrının səxavətini əsirgəmədiyi gözəl diyar. Yayda günəşin qucağına sığınan, qışda yerin-göyün buz tutduğu dözümlü torpaq. Sərtdir iqlimi, insanları mülayim, mehriban, zəhmətkeş. Ətəyində sakit axan xan Arazın laylası duyulan, sinəsində Arpaçayın, Gilançayın sədası eşidilən qədim yurdda torpaq kimi su da qızıldan qiymətlidir. Alın təri ilə sulanır bu yurdun hər qarışı. Bu torpaqda ağac əkib bağ salmaq təbiətin sərt üzü ilə mübarizə aparmaq kimidir. Elə ki torpaq suya, insan zəhmətinin bəhrəsinə qovuşdu, hamının üzü gülür. Axı torpaq da canlıdır, onun da dili var. Bu yurda bahar gələndə çaylar da öz ağuşuna sığmır, coşub-daşır, torpağa, onun sinəsində kök salan ağaclara, bitkilərə qovuşmağa can atır.

Təbiətin bizə bəxş etdiyi...

Naxçıvan Muxtar Respublikasında səth sularının əsasını çaylar və göllər təşkil edir. Belə ki, ərazidə Araz çayı istisna olmaqla səth suları il ərzində 0,61 km3 təşkil edir. Naxçıvan Muxtar Respublikasında çay şəbəkəsi bərabər inkişaf etməyib. Naxçıvançaydan qərbə olan zonada çay şəbəkəsi olduqca zəifdir. Ondan şərqdə isə Zəngəzur dağlarından axan çaylar nisbətən sıx şəbəkə təşkil etsə də, həmin çaylar az suludur. Ərazinin əsas çaylarının ümumi uzunluğu 1750 km, çay şəbəkəsinin sıxlığı isə 0,33 km/km2-dir. Təbiətin bizə bəxş etdiyi çaylar ərazinin suvarma suyuna olan ehtiyacını ödəmədiyi üçün dövlətimiz tərəfindən bir çox böyükhəcmli layihələr həyata keçirilir. 

Baxmayaraq ki...

Qədim diyar səth sularının ehtiyatına görə Azərbaycan Respublikasının digər ərazilərindən geridə qalmasına, çay şəbəkəsinin bərabər inkişaf etməməsinə baxmayaraq, dövlətimiz bu ərazidə yaşayan insanların təsərrüfatla məşğul olması üçün hər cür şərait yaradıb və yaradır. Çay sularından istifadə etmək üçün muxtar respublikada suvarma sahəsində bir sıra tədbirlər həyata keçirilərək, mühüm əhəmiyyət kəsb edən çaylar üzərində müxtəlif həcmdə su anbarları və sututarlar yaradılıb, kanallar çəkilib, su nasos stansiyaları tikilib istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında olan təsərrüfatlardakı əkin yerlərini suvarmaq məqsədilə irili-xırdalı otuza yaxın su hövzələri vardır. 

Dövlət qayğısı ilə insan əlinin yaratdığı

Qədim Şərur diyarında Ulu Öndərin yadigarlarından biri, “Gümüşgöl” adlanan Arpaçay dəryaçasının sahilində dayanmışam. Küləyin xəfifcə tərpətdiyi ləpələrə, dəryaçanı dövrəyə alan təpələrə baxıram. Düşünürəm, oxuduqlarım, gördüklərim haqqında...
70 illik sovet dönəmində xalqımız və onun sərvətlərinin amansızcasına istismar edilməsinə baxmayaraq, götürülən mənfəətdən ölkəmizin inkişafına heç bir vəsait sərf olunmadığı üçün doğma Azərbaycanımızın bir parçası olan qədim Naxçıvanımızın ucqar dağ kəndləri, indi sərhəd yaşayış məntəqəsi olan yurd yerləri gözdən uzaq, könüldən iraq qalmışdı. Ögey münasibət, laqeydlik üzündən evlərin sırası seyrəlmiş, düzəni pozulmuş, şənliyi dağılmışdı. Ən adi məişət qayğıları məngənəsində əziyyət çəkən adamlar üzü şəhərə və nisbətən həyat ahəngi olan kəndlərə üz tutmuşdular. Ta ki Tanrı o dahini – Heydər Əliyevi bizə bəxş edənə kimi. Ulu Öndərin dövlət idarəçiliyinə gətirildiyi illərdən sonra hər sahədə gözlə görüləcək inkişaf başladı. Bax elə kənd sakinlərinin haqqında əfsanələr danışdığı, hər qarışında insan əməyi, zəhməti, torpaq üçün həyat mənbəyi olan, Arpaçayın sinəsinə qurulan bu dəryaça da dahi rəhbərin uzaqgörənliyi nəticəsində yaradılıb. Həmin dövrdə buna nail olmaq çətin olsa da, o belə bir əhəmiyyətli layihənin həyata keçirilməsinə nail oldu. Bu dəryaça təkcə Şərur rayonuna yox, Kəngərli yurdunun torpağına da nəfəs verir illərdir. 30 ildən artıq bir müddətdə şimal tərəfi düşmənin nəzarətində olsa da, 2018-ci ildə dövlət başçısının “Uğurlu Naxçıvan əməliyyatı” adlandırdığı Günnüt əməliyyatı ilə tamamilə ordumuzun nəzarətinə keçib. Həmin gün həm də Ulu Öndərin yadigarı tamamilə azadlığa qovuşdu. Ulu Öndərin hakimiyyətdə olduğu illərdə Naxçıvanda əkin və içməli suya olan tələbatın ödənilməsi üçün bir neçə böyükhəcmli layihə həyata keçirilib. Belə ki, 1971-ci ildə Araz çayı üzərində Araz dəryaçası, 1977-ci ildə Arpaçay üzərində su tutumu 140-150 milyon m³ olan Arpaçay dəryaçası inşa olunub. 
Babək rayonunun Sirab kəndi ərazisində yerləşən Sirab su anbarı isə 1980-ci ildə istismara verilmişdir. Qidalanma mənbəyi Naxçıvançaydan kanal vasitəsilədir. Heydər Əliyev su anbarı istifadəyə verildikdən sonra, əsasən, sol sahil kanalı vasitəsilə qidalanır. Su anbarının ümumi həcmi 12,7 mln m3dir. Anbarın suvardığı sahə 2700 hektardır. Məzrə gölü 1980-ci ildə tikilib istismara verilmişdir. Gölün həcmi 1 mln m3 təşkil edir. Məzrə gölünün suyu ilə 200 hektardan çox əkin sahələri su ilə təmin olunur. 1987-ci ildə Əlincə çayı ilə qidalanan su tutumu 19 milyon m³, sahəsi 6 min hektar olan Bənəniyar gölü inşa olunmuşdur. 
Naxçıvançay üzərində tikilən Vayxır su anbarının (indiki Heydər Əliyev su anbarı) layihəsi 1981-ci ildən hazırlanmış, 1983-cü ildə inşaat işlərinə başlanılmışdır. Lakin həmin zaman yaranmış şəraitlə əlaqədar olaraq tikinti işləri başa çatdırılmamışdır. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Vayxır su anbarının tikintisini də gündəliyə gətirmiş və 2002-ci ildə tikinti işlərinin davam etdirilməsinə başlanmışdır. 2005-ci ilin dekabrın 19-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev su anbarı istifadəyə verilib. Diqqət etsək görərik ki, Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə gələnə kimi Naxçıvan Muxtar Respublikasının ərazisində cəmi dörd süni göl yaradılsa da, dahi rəhbərin birinci və ikinci dəfə hakimiyyətə gəldiyi illərdə süni göllərin həm sayı, həm də su tutumu artırılıb. Uzaqgörən liderin nəzarəti ilə inşa olunan sututarları bu gün də zəhmətkeş naxçıvanlıların əkin sahələrinin su ilə təmin olunmasında mühüm rol oynayır. 

İçməli su ilə təminat artıq 100 faiz təşkil ediləcək

Dövlət başçısının 2019-cu il 6 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması həyata keçirilib. Naxçıvan Muxtar Respublikasında içməli su ilə təminat sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində görülən işlər nəticəsində Naxçıvan şəhəri, Şərur, Şahbuz, Culfa, Ordubad şəhərində əhalinin içməli suya olan təminatı tam ödənilib.
Prezident İlham Əliyev 2021-ci il may ayının 10-da “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışından sonra ictimaiyyət nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib: “Şadam ki, Naxçıvan Muxtar Respublikasında artıq bir neçə şəhər içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edilib – Naxçıvan şəhəri, Şərur, Şahbuz, Culfa, indi də Ordubad şəhəri. Növbəti mərhələdə daha üç şəhərdə – Kəngərli, Babək və Sədərəkdə də içməli su layihələri icra ediləcək. Beləliklə, içməli su ilə təminat artıq 100 faiz təşkil ediləcək. Necə ki vaxtilə təbii qazla və elektrik enerjisi ilə təminat 100 faizə çatdı, bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq”. 
Bu il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. 24 fevral 2026-cı ildə bu tədbirlərin davamı olaraq Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncam “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə imzalanıb. 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusu qazılıb əhalinin istifadəsinə veriləcək. Bu sərəncamlar qədim diyarda dayanıqlı su mənbələrindən istifadənin genişləndirilməsi və mövcud resurslardan daha səmərəli yararlanmaq, su təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Tanrının heç nəyi əsirgəmədiyi bu diyarda zəhmətkeş insanların torpağa qarışan alın təri ilə torpağa atılan hər toxum cücərib böyük qollu-budaqlı ağaca dönür. Bu yerin sakinləri onlara lütf olunan hər nemətin qədrini bilir, bunu özünə borc hesab edir. Akademik Həsən Əliyevinin dediyi kimi: “Saf su, bol günəş, quru iqlim, təmiz hava və ləzzətli meyvələr təbiətin muxtar respublikaya bəxş etdiyi zəngin sərvətidir. Həmin sərvətin qədrini bilmək və ondan səmərəli istifadə olunmasını təmin etmək isə bizim borcumuz və vəzifəmizdir”.
1990-cı ildən muxtar respublika blokadaya salınsa da, Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə su mənbəyinin qarşısı kəsilsə də, dözümlü və səbirli naxçıvanlılar müqəddəs, əziz torpağını qorudu, Vətənin hər qarışı uğrunda düşmən qarşısında igidliklə dayandı. Ərazi blokada şəraitində olsa belə naxçıvanlılar nikbinliklə yaşayaraq, təbii sərvətlərini qoruyaraq, onlardan səmərəli surətdə istifadə etməyi bacardılar və bu gün də bu missiya davam edir. Çünki burada yerin altı da, üstü də xəzinədir. Bu dəyərli sərvəti isə gələcək nəsillərə çatdırmaq üçün dövlətimiz muxtar respublikada lazımi tədbirləri görür. Bunları görmək isə hər bir naxçıvanlını sevindirir, dövlətimizə minnətdarlıq hissini artırır. 
Yurdumuza baharın ilk qədəmlərini atdığı və günəşin suyu, torpağı, yeli  isitdiyi, kəndlinin ilin ruzisi üçün torpağa toxum atdığı, ting basdırmağa hazırlaşdığı bu günlərdə dövlət başçısının qədim diyarın su təminatı ilə bağlı imzaladığı bu sərəncamlar insanların ürəyinə, necə deyərlər, “su səpdi”. Hər bir zəhmətkeş naxçıvanlının dilindən bu kəlmə eşidildi: “Ömrün su qədər olsun, Ulu Öndərin layiqli davamçısı!”

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 29.03.2026 15:16