NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Fuad Nağıyev: Qarabağ Türk dünyasının ortaq turizm platformasına çevrilə bilər

...

Son illərdə Azərbaycan turizm sahəsində çox ciddi və müsbət inkişaf dinamikası nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə turizmin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu inkişafın yeni və strateji mərhələsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm dövriyyəsinə daxil edilməsidir.
"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ankarada keçirilən VII Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər mədəni, sağlamlıq və termal turizm istiqamətlərinin, eləcə də ekoturizmin inkişafı üçün zəngin potensiala malikdir.
F.Nağıyev vurğulayıb ki, ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda turizm prioritet inkişaf istiqamətlərindən biri kimi göstərilir.
“Qarabağda beynəlxalq hava limanlarının, dəmir yolunun istifadəyə verilməsi, müasir avtomobil yolları, tunellər və logistika xətlərinin yaradılması turizmin dayanıqlı inkişafı üçün əsas baza rolunu oynayır. Hazırda Qarabağ regionunda 11 hotel və bölgə sakinləri ilə qonaqların yerləşməsi üçün 31 alternativ yerləşdirmə obyekti fəaliyyət göstərir”, – deyə agentliyin sədri bildirib.
O qeyd edib ki, hazırda yerli və xarici turistlərin bölgəyə səfərləri “Yolumuz Qarabağa” platforması vasitəsilə tənzimlənir ki, bu da təhlükəsizliklə yanaşı, turizm təcrübəsinin effektiv idarə olunmasına imkan yaradır.
“Türk dövlətlərinin Qarabağda turizmin inkişaf etdirilməsində rolu xüsusi əhəmiyyət daşıyır. Bu mənada ilk olaraq “Türk dünyası turizm marşrutu” ortaq turizm marşrutlarının formalaşdırılması geniş imkanlar aça bilər”, - deyə F.Nağıyev söyləyib.
Agentliyin sədri investisiya və maliyyə əməkdaşlığı layihələri vasitəsilə Qarabağda yüksəkkeyfiyyətli turizm infrastrukturunun formalaşdırılmasının mümkünlüyünü bildirib: “Bu baxımdan Qarabağda əlverişli investisiya mühiti və uzunmüddətli inkişaf perspektivləri mövcuddur”.
Sədr, həmçinin söyləyib ki, Orta Dəhliz çərçivəsində nəqliyyat və bağlantı imkanlarının genişləndirilməsi, birgə tur paketlərin hazırlanması və hava əlaqələrinin inkişafı regionun əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaq imkanına malikdir.
 Eləcə də insan kapitalının inkişafı, turizm təhsili, xidmət standartları və destinasiya idarəçiliyi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir.
“Ortaq mədəni irs və dəyərlər əsasında formalaşan layihələr Qarabağı yalnız bir turizm məkanı deyil, eyni zamanda Türk dünyasının ortaq mədəni platformasına çevirə bilər. Nəticə etibarilə Qarabağ regionunun turizmə açılması yalnız milli deyil, həm də regional miqyasda yeni bir inkişaf modelidir. Bu model dayanıqlılıq, innovasiya və əməkdaşlıq prinsiplərinə əsaslanaraq gələcəkdə daha geniş coğrafiyada tətbiq oluna biləcək nümunə rolunu oynaya bilər”, – deyə F.Nağıyev fikrini yekunlaşdırıb.

Nəşr edilib : 15.04.2026 18:44