NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Fırçanın rəngi və kəmərin gücü: bir tələbənin uğur hekayəsi

...

Bəzən bir insanın daxilinə bir neçə dünya sığar: rənglərin sakitliyi, idmanın intizamı, təhsilin sonsuz axtarışı... Bu gün sizə həm fırçası ilə kətan üzərində möcüzələr yaradan, həm tatamidə iradəsini nümayiş etdirən, həm də geniş maraq dairəsi ilə seçilən gənc bir simadan bəhs edəcəyik. Budəfəki qonağımız Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq ixtisası üzrə III kurs tələbəsi Günay Zamanovadır.

İnsanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə bölüşməyin ən maraqlı yollarından biri rəssamlıqdan keçir. Günay qeyd edir ki, məktəb illərində bu sahədən bir qədər uzaq olsa da, daxilindəki qabiliyyəti kəşf etdikdən sonra rəssam olmağa qərar verir. Hazırda o öz bacarığını daha da təkmilləşdirərək tanınmış fırça ustalarından biri olmağı hədəfləyir. Dünyaca məşhur rəssamlardan Salvador Dali və Vinsent van Qoqun yaradıcılığını bəyənən gənc rəssam, ən çox portret janrına müraciət etsə də, mənzərə işləməyə daha çox üstünlük verir. Onun fikrincə, janrdan asılı olmayaraq, hər bir əsərdə mütləq bir həyat hekayəsi olmalıdır.

Gəncimizin yaradıcılığını fərqli qılan əsas məqam rəssamlıqla idmanın daxili harmoniyasıdır. Karate üzrə yaşıl kəmər sahibi olan Günayın fəlsəfəsi olduqca dərindir:

“Rəssam kimi bəzən ən incə nüanslara toxunsam da, fırça ilə kətan üzərinə vurduğum zərbələrin qətiyyəti sanki tatamidəki sərtliklə birləşir. Karate mənim üçün, sadəcə, döyüş sənəti deyil, daxili bir nizamdır. Hər gün öz üzərimdə işləyirəm və daha yaxşısı olmaq üçün çalışıram. Hətta yaxın zamanlarda cüdoya da başlamışam. Düşünürəm ki, eyni anda bir neçə sahədə tam peşəkarlaşmaq çətin olsa da, vaxtı və enerjini düzgün idarə edərək buna nail olmaq mümkündür. Hər sahədəki uğur digərini qidalandırır”.

Onun üçün tələbəlik illəri, sadəcə, auditoriya divarları ilə məhdudlaşmır. Günay biliklərini beynəlxalq müstəvidə də sınayaraq, Türkiyənin köklü təhsil ocaqlarından olan Ərzurum Atatürk Universitetində bir semestrlik təhsil hüququ qazanıb. O bu təcrübəsini belə bölüşür:

“Bu müddət həm rəssamlıq dünyagörüşümü genişləndirdi, həm də akademik bazamı möhkəmləndirdi. Səyahət zamanı yeni dostluqlar qazandım, tarixi yerləri kəşf etdim. Həmçinin bu imkan özümə olan inamımı artıraraq problemlərimlə təkbaşına başa çıxmağı mənə öyrətdi”.

Ərzurumda birgə təhsil aldığımız müddətdə mən onun həm emalatxanadakı sarsılmaz səbrinə, həm də dərslərindəki məsuliyyətinə yaxından şahidlik etmişəm. Geri döndükdən sonra o, yenə əzmlə  fəaliyyətini davam etdirib, semestr ərzində yüksək imtahan nəticələri, elmi və sosial aktivliyi ilə fərqlənərək təqaüdçü tələbələrdən biri olmağı bacardı. Qəhrəmanımızı həmyaşıdlarından fərqləndirən mühüm cəhət həm də onun paylaşmaq eşqidir. O, tələbə olmasına baxmayaraq, rəssamlığa yeni addım atanlara rəhbərlik edərək onların potensiallarını kəşf etmələrinə köməklik göstərir.

Günay, həmçinin könüllülük fəaliyyəti ilə də məşğul olur: “Könüllülük insanlara faydalı olmağın verdiyi mənəvi rahatlığı bəxş edir”, – deyir. Boş vaxtlarında isə dostları ilə voleybol oynayaraq komanda ruhunu hiss etməyi sevir. Çoxşaxəli həyat ritminin onu yorub-yormadığını soruşduqda isə cavabı qəti olur:

“Əslində, hamısı bir-birini tamamlayır. Bir sahədə yorulanda digəri mənim üçün enerji mənbəyinə çevrilir. Məncə, insanı iş yox, monotonluq yorur. Mənim həyatımda isə monotonluğa yer yoxdur. İnsan nə qədər çox sahəyə toxunsa, rəng palitrası bir o qədər zəngin olar”.

Günay Zamanova sübut edir ki, istedad zəhmətlə birləşəndə ortaya heyranedici mənzərə çıxır. O həm fırçası ilə dünyanı rəngləyir, həm də iradəsi ilə gələcək uğurlarının möhkəm bünövrəsini qoyur. İnanırıq ki, bu gəncimizin adını hələ çox böyük sərgilərdə və beynəlxalq arenalarda eşidəcəyik.

Səmayə RƏSULOVA

Naxçıvan Dövlət Universitetinin Jurnalistika

ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 17.04.2026 15:50