NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Fırça ilə öz dünyasını quran Aysu

...

Culfa rayonu, Yaycı kəndində yaşayan sağlamlıq imkanları məhdud Aysu Zeynalovanın boyalarla yaratdığı möhtəşəm əl işləri, sadəcə, rəsm deyil, tükənməz ümidin, sarsılmaz iradənin rənglərlə yazılmış hekayəsidir. O, fiziki çətinliklərə baxmayaraq, rənglərin sehrindən istifadə edərək öz dünyasını qurur, sanki səssiz bir mübarizənin içərisindədir. Rəsm çəkərkən onun hər fırça toxunuşunda əzmkarlıq hiss olunur, ən əsası, duyulur. Gözlərində olan işıltı onun həyatının çətinliklərlə başladığını, lakin bu çətinlikləri qaranlıq kimi deyil, rənglər üçün fon kimi qəbul etdiyini göstərir. Aysu üçün boyalar onun dili, kətan isə ürəyinin aynasıdır.
İlk rəsm əsərinin güllü qapı olduğunu deyir Aysu Zeynalova. Onun üçün ən müqəddəs əsəridir ilk yaratdığı əl işi: “Bu sənətə hobbi kimi başlamışam 4-5 yaşımda. Müəllimim olmayıb, sadəcə, rəsm çəkməyə marağım çox idi. Daha çox təbiət rəsmləri çəkməyi xoşlayırdım, zaman keçdikcə bunun öhdəsindən gəldiyimi gördüm”.
Aysunun fırça ilə yaratdığı rəsmlərə baxanda insan ilk olaraq gözəllik görür. Lakin bir az diqqət yönəltdikdə o gözəlliyin arxasında böyük zəhmət, səbir, əzm, mübarizə olduğunu anlayırsan. Deyir ki, bəzən bir rəsmi ərsəyə gətirmək 5-10 gün vaxt aparır. Onun üçün hər fırça toxunuşu fiziki, eyni zamanda mənəvi bir səy tələb edir. Buna baxmayaraq, yorulmur, rəsm onun üçün, sadəcə, məşğuliyyət deyil, yaşam tərzidir: “Rəsm çəkərkən yorulmuram, bundan zövq alıram. Əvvəllər sulu boya ilə çəkirdim, sonradan yağlı boyaya keçdim. Yağlı boyada rəsmlər daha canlı görünür, insanı daha çox cəlb edir. Çəkdiyim rəsmlərlə bir çox sərgilərdə iştirak etmişəm, qalib adını qazanmışam, mükafatlara layiq görülmüşəm. Bu rəsmlərin arasında ən çox bəyəndiyim yağlı boya ilə çəkdiyim pişik rəsmidir”.
Kiçik yaşlarından bu sənəti sevən gənc rəssamın ən böyük xəyalı isə portret çəkməkdir. Deyir ki, əslində, belə rəsmləri də çəkir, ancaq bəzən çətinliklə üzləşir: “Ən böyük xəyalımdır portret çəkmək. Bunun üzərində çalışıram. Lakin bəzən alınmır, buna baxmayaraq, ruhdan düşmürəm. Əsas çətinliyim portret çəkərkən kölgə verməkdir, indi onun üzərində çalışıram. İnanıram ki, qısa vaxtda bunun da öhdəsindən gələcəm”. 
Sağlamlıq imkanlarının məhdud olmasına baxmayaraq, fırçanı əlinə aldığı an sanki bütün sərhədlər onun üçün aradan qalxır, boyalar onun üçün azadlıq rəmzinə çevrilir. Kətan qarşısında o artıq məhdudiyyətlərlə deyil, xəyallarla yaşayır. Rənglərin çalarlığı onun xəyallarında dünya yaradır: parlaq sarılar onun ümidinə, dərin mavilər arzularının sonsuzluğuna, al-qırmızılar isə ürəyindəki gücə, cəsarətə çevrilir. Hər xətt, hər kölgə onun daxili dünyasının bir parçası olur. Anası Xatirə Tağıyeva deyir ki, Aysuda  xəstəlik 2 yaşından özünü büruzə verib: “Həmin yaşdan etibarən ağrıları olmağa başladı və revmatoid artrit xəstəliyi olduğu müəyyənləşdi. 5 yaşından isə rəsm çəkməyə başlayıb, buna uşaqlıqdan hədsiz dərəcədə marağı var idi. Məktəbdə keçirilən tədbirlərdə, Naxçıvanda keçirilən sərgilərdə iştirak edib, diplom və mükafatlara layiq görülüb. Qızımın çəkdiyi rəsmlərin hər biri bizim üçün ayrı bir dünyadır”.
Doğrudan da, Aysunun fırçasından çıxan rəsmlərdə parlaq çalarlar sevincini, sakit tonlar düşüncələrini, kəskin xətlər isə mübarizəsini ifadə edir. Onun yaratdığı hər rəsm, sadəcə, şəkil deyil, bir həyat dərsidir. Onun boyalarla yaratdığı hər bir rəsm, sadəcə, bir əsər deyil, həm də cəmiyyətə ünvanlanan bir mesajdır: “Məni məhdudiyyətlərimlə deyil, bacarığımla tanıyın”. Bu mesaj həm təsirli, həm də düşündürücüdür: insanın həqiqi gücü bədənində deyil, ruhundadır. Qəlbdəki arzusu, ruhu ilə bizə hədiyyə etdiyi rəsmdəki kimi... 
Belə gənclərə dəstək olmaq, onların yaradıcılığını qiymətləndirmək və cəmiyyətə tanıtmaq hər birimizin borcudur. Çünki onların uğuru təkcə şəxsi deyil, həm də insan iradəsinin qələbəsidir. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.03.2026 11:13