Sahibə Qafarova vyetnamlı həmkarını Azərbaycana sə...
15:32 08.05.2025
0
0
0
NAXÇIVAN :
08 May 2025, Cümə axşamı
Həmin gün qara hərflərlə yazılmışdı tariximizə. Alınmaz qala Şuşamız satılmışdı, xainlərin əli ilə pay verilmişdi düşmənə. Həmin Şuşa ki, tarixboyu düşmən üçün alınmaz olmuşdu. O Şuşa ki Məhəmməd Şah Qacarın qoşunlarına təslim olmamışdı. O Şuşa ki orada Pənahəli xanın, Vaqifin, Xan qızı Natəvanın izləri vardı. Həmin Şuşa ki, xarıbülbülü, Çətir şəlaləsi, Topxana meşəsi, Cıdır düzü ilə heyran qoyurdu hər kəsi. Şuşalı qadınların “Ətəyimizə daş doldurub düşmənin başına töksək, o, Şuşaya yaxın gələ bilməz”, – dediyi Şuşa sapı özümüzdən olan baltaların köməyi ilə peşkəş verildi erməniyə. Satıldı Xocalı, Kəlbəcər kimi. İllərlə nə az, nə çox, bir igidin ömrü qədər gözü yollarda qaldı gözəl Şuşamızın. O öz yaxınlarının səsini, isti nəfəsini axtarırdı, donurdu yad baxışlardan, sinəsi yanırdı, tüstüsü göylərə sovrulurdu dağıdılanda tarixi abidələri, nəfəsi kəsilirdi sinəsinə düşmən əsgəri ayaq basanda, gözləri dolurdu bağrında erməni bayrağı dalğalandıqca, bulaqları quruyurdu torpağında Azərbaycan musiqisi ilə yallı gedən düşmən əsgərini görəndə. Şuşasız keçdi 28 ilimiz... Öz doğma yurdunu görmədən neçə nisgilli insan köçdü, Şuşasız şuşalılar gəldi dünyaya həmin illərdə... Şuşasız 28 il... Bu xalq nələr yaşadı, nələrə dözdü, amma əyilmədi, ümidini itirmədi...
Artıq beş ildir ki, Şuşanın azadlığını qeyd edirik. Azad Şuşada hər səhər günəşi, gecələr ayı görmək bizim üçün bayramdır, qələbədir. Hər bir azərbaycanlı üçün belədir, amma şuşalılar üçün iki qat sevincdir illər sonra Şuşaya qayıtmaq. Bugünkü müsahiblərim də elə onlardan bir neçəsidir.
Elman Məmmədov da ailəsi ilə birlikdə bu sevinci yaşayanlardandır. Onunla söhbət zamanı keçmişi yada salır və deyir:
“Həmin illərdə yenicə qazanmışdıq müstəqilliyimizi, hakimiyyət isə öz mənafeyini güdürdü, xalqı düşünən dahi oğlunu isə Bakıya yaxın qoymurdular. Ta o vaxta kimi ki, düşmən hücumu ilə bərabər qardaş qırğını ilə də üzləşdilər. Ulu Öndərin hakimiyyətə gəlməyi ümid işığı yandırdı ürəyimizdə. İllər bir-birini əvəz edir, biz heç ümidimizi itirmirdik. Bilirdik, əmin idik ki, bizim olan yenə özümüzə qayıdacaq. İnanırdıq, dahi rəhbərin davamçısı bizə böyük qələbəni yaşadacaq. Bu xalq əmin idi, çünki görmüşdü, şahid olmuşdu Ulu Öndərin xalq sevgisinə Onun bu milləti ən çətin vəziyyətdən qurtarmasına.
Və həmin tarix gəldi, Tanrı haqqımızı haqq etdi... 27 sentyabr səhəri günəş də fərqli doğuldu, Qarabağın səmasında, hamımızın uzun illərdir, arzuladığı həmin səhər. Bəli, həmin gün bu millət tarixin yenilməz səhifəsini yazmağa başladı. Azərbaycan əsgəri bağrımızdakı yaranı öz canı ilə sağaltdı. Hissə-hissə, ovuc-ovuc qayıtdı yurdumuz. Vətən müharibəsinin ilk günlərindən gözü yolda, qulağı səsdə idi hər kəsin. Düşməndən azad edilən hər qarış üçün sevinirdik və həsrətlə Şuşamızı gözləyirdik. Ali Baş Komandanın “Şuşa, sən azadsan”, – deməyini. Bu şəhərdə dünyaya gəlməyən, o şəhəri görməyən hər bir azərbaycanlı Şuşanın azadlığını həsrətlə gözləyirdi. Və həmin gün gəldi... Vətən müharibəsinin 42-ci günü igid Azərbaycan əsgəri bizə ən gözəl günü yaşatdı”.
Evin xanımı Mehriban Məmmədova yada salır o günləri deyir ki, Şuşanı tərk etmək məcburiyyətində qalanda qızğın döyüşlər gedirdi. Bir neçə ay öncə Xocalıda baş verənlər bizi də dəhşətə salmışdı. Həmin günlərdə Bərdədə yerləşmək məcburiyyətində qalmışdıq. Qaynım, qardaşım döyüşlərdə iştirak edirdi. Qaynımın ölüm xəbəri gəlmişdi yas mağarı qurduğumuz günlərin birində onun hələ də Şuşada qaldığını öyrəndik. Düşmən Şuşanı işğal etdikdən 6 gün sonra gizli yollarla oradan ayrılıb yenidən döyüşlərə qatıldığını öyrənəndə hər kəs sevindi. Anam həmin günlərdə itkin düşdü. Hələ indiyə kimi nə anamdan, nə də bacımın yoldaşından xəbər yoxdur. Düz 27 il gözümüz yollarda qaldı bizim. Hələ indi də Şuşada gözüm anamı axtarır. Vətən müharibəsində qələbə qazandığımız hər gün Tanrıya şükür edirdim. Ən böyük qürurum isə Şuşasız şuşalı olan oğlumun Vətən savaşında qazanılan qələbədə payı olanlardan biri olması idi. Oğlum könüllü olaraq döyüşlərə qatıldı və şərəfli bir ad qazandı qalib əsgər, Qarabağ qazisi. Ötən il Şuşa şəhərindəki mənzilimizin açarını ölkə başçısı bizə təqdim edəndə qürurum min qat oldu. Tanrı dövlətimizi var eləsin.
Digər müsahibim Nazimə Məhərrəmova da azad Şuşanın qələbədən sonra evinə dönən ilk sakinlərindən olduğu üçün qürurludur.
“Şuşanın azadlıq günündən daha gözəl gün ola bilməzdi bu xalq üçün. Çünki həmin gün Şuşanın köksünə illərdir, sancılan, onun nəfəsini kəsən o yad cismi – erməni bayrağını qoparıb ayaqlar altına atdı igid oğullarımız. Çox çətin günlər yaşadıq, amma bir gün belə ümidimizi itirmədik. Çünki bilirdik ki, bu xalq heç vaxt torpağını güzəştə getməyəcək. Qardaşım və həyat yoldaşım Birinci Qarabağ müharibəsində iştirak edib. Ailəmiz çox çətinliklər çəkdi, məcburi köçkün olduq. Amma ümidimiz hər zaman var idi. Şükür Tanrıya ki, ordumuz bizə qələbə sevinci yaşatdı. İnanırsız, o hissləri dilə gətirmək mümkün deyil. Torpaqlarımız ardıcıllıqla işğaldan azad olunduqca sevincimizin həddi-hüdudu yox idi. Xalqımızın ordumuza köməyi bizim gözəl bir xalq olmağımızın simvolu idi. Nəhayət, Şuşamız AZADDIR sözləri cənab Ali Baş Komandan tərəfindən səsləndikdə biz hönkür-hönkür ağladıq. Qardaşım Şuşamızın azad olunması xəbərini eşitdi, lakin buranı görmək ona nəsib olmadı. Həyat yoldaşım da I Qarabağ müharibəsinin veteranıdır. O da qayıdış günümüzü görmədi.
2024-cü il may ayının 10-dan Şuşada daimi yaşamaq üçün yeni evlə təmin olunduq. Və hazırda doğma Vətənimdə yaşayıram, övladlarımla, nəvələrimlə.
Çox sevincliyəm, çünki hər səhər Şuşada oyanıram. Bunun necə bir xoşbəxtlik olduğunu ancaq torpaq həsrəti yaşayanlar bilər. Var olsun, dövlətimiz, ordumuz, qəhrəman şəhidlərin ruhu şad olsun.
2020-ci ilə kimi Şuşa həsrəti ilə yanırdı qəlbimiz. Artıq beş ildir, qəlbimiz sevincdən qanad açır, gözlərimiz gülür Şuşa deyəndə. Çünki yurdumuz azaddır. Hər bir azərbaycanlının sevimli şəhəri Şuşa öz igid oğullarının canı, qanı bahasına azad edildi. Doğmalarının əlləri ilə yenidən qurulur, dirçəldilir, əvvəlki gözəl günlərinə qovuşur. Bu gün torpağı da, daşı da, gül açıb Şuşanın, çünki bu bahar başqa bahardır. Çünki o bilir ki, artıq qoynunda açan xarıbülbülün ətrini Azərbaycan əsgəri alır. Çünki o bilir ki, bundan sonrakı gələn yazı, yayı da, payızı da neçə-neçə fəsilləri də Cıdır düzündə qarşılayıb, İsa bulağından yola salacaq əzizləri ilə birlikdə.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər