NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Əziz Qasımov: Naxçıvanda konstitusion islahatlar yeni inkişaf mərhələsinin hüquqi təməlidir

...

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklər həm regionun hüquqi və institusional inkişafında, həm də dövlətçilik tarixində yeni bir şəfəq mərhələsi kimi dəyərləndirilir. Bu gün Naxçıvan özünün sosial-iqtisadi simasını sürətlə dəyişərkən idarəetmənin qəliblərdən çıxaraq daha çevik və müasir bir arxitekturaya qovuşması qaçılmaz idi. Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov fikirlərini bizimlə bölüşdü.

Onun sözlərinə görə, bu islahatlar muxtar respublikanın hüquqi taleyində yeni bir yol xəritəsi cızır: “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsi muxtar respublikanın  inkişafında mühüm mərhələdir. Son illər regionda müşahidə olunan sosial-iqtisadi dinamika, idarəetmə sistemində aparılan yeniliklər və dövlət institutlarının fəaliyyətində çevikliyin artırılması istiqamətində atılan addımlar mövcud hüquqi bazanın təkmilləşdirilməsini zəruri edib”.

O həmçinin qeyd edib ki, hüquqi əsaslar zamanın tələblərinə uyğun yenilənmədikdə institusional inkişafın dayanıqlılığı zəifləyə bilər. Buna görə də konstitusion dəyişikliklər hüquqi sistemin cəmiyyətin real ehtiyaclarına uyğunlaşdırılmasının təbii və vacib mərhələsidir.

Deputatın fikrincə, aparılan dəyişikliklərin əsas mahiyyəti dövlət idarəçiliyinin daha funksional, məqsədyönlü və çevik mexanizmlər əsasında təşkilinə xidmət edir: “Müasir dövrdə idarəetmənin effektivliyi yalnız inzibati qərarların qəbul edilməsi ilə ölçülmür. Həmin qərarların aydın və möhkəm hüquqi əsaslara söykənməsi də mühüm amildir. Bu baxımdan, Konstitusiyada edilən dəyişikliklər səlahiyyət bölgüsünün daha dəqiq müəyyənləşdirilməsinə, idarəetmə institutlarının fəaliyyətində hüquqi müəyyənliyin artırılmasına və normativ sistemdə ardıcıllığın təmin olunmasına yönəlib”.

Əziz Qasımov vurğulayıb ki, bu dəyişikliklər yalnız cari mərhələnin tələbatından irəli gəlmir. Onun sözlərinə görə, konstitusion islahatlar həm də Naxçıvanın gələcək inkişaf perspektivlərini nəzərə alan strateji hüquqi yanaşmanın tərkib hissəsidir. Muxtar respublikanın uzunmüddətli inkişafı, sosial rifahın yüksəldilməsi, iqtisadi imkanların genişləndirilməsi və dövlət idarəçiliyində çevik qərarvermə mexanizmlərinin qurulması üçün hüquqi sahədə də möhkəm və müasir baza formalaşdırılmalıdır. Bu baxımdan, konstitusion dəyişikliklər həmin hüquqi bazanın yaradılmasına xidmət edir.

Deputatın sözlərinə görə, Konstitusiyada edilən dəyişikliklərin digər mühüm cəhəti hüquqi sabitliyin gücləndirilməsi və idarəetmə sistemində vahid yanaşmanın təmin olunmasıdır: “Hüquqi dövlət prinsiplərinin daha ardıcıl tətbiqi, normativ tənzimləmədə aydınlığın təmin edilməsi və institusional uyğunluğun möhkəmləndirilməsi regionda həyata keçirilən islahatların davamlı nəticə verməsi üçün əsas şərtlərdən biridir. Bu baxımdan, qəbul olunan dəyişikliklər hüquqi sistemin sabitliyini möhkəmləndirən və dövlət mexanizminin dayanıqlığını artıran mühüm addım kimi qiymətləndirilir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsi hüquqi inkişaf, institusional yenilənmə və müasir idarəetmə prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm siyasi-hüquqi hadisədir”.

Onun fikrincə, həyata keçirilən konstitusion islahatlar Naxçıvanın gələcək inkişaf yolunun hüquqi xəritəsini daha aydın və sistemli şəkildə müəyyənləşdirir: “Bu dəyişikliklər muxtar respublikada dövlət idarəçiliyinin daha səmərəli təşkili, hüquqi sabitliyin gücləndirilməsi və sosial-iqtisadi inkişafın normativ əsaslar üzərində davamlı şəkildə irəliləməsi üçün geniş imkanlar yaradır”.

Bu mühüm siyasi-hüquqi hadisə Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasına tam inteqrasiyasını təmin etməklə yanaşı, muxtar respublikanın həm bu gününün, həm də sabahının hüquqi zəmanəti rolunda çıxış edir. Yeni redaksiyada qəbul edilmiş müddəalar regionun çiçəklənməsinə və idarəetmədə keyfiyyətcə yeni standartların bərqərar olmasına xidmət edəcəkdir.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 10.03.2026 16:51