NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Evlilik bəxtəvərlikdir, yoxsa məcburiyyət?

...

Sosioloq Əli Şəriətinin ailə haqqında gözəl bir fikri var. Ailəni nəyəsə bənzədib. Məsləhət görərdim ki, özünüz maraqlanıb tapasınız, əgər sizin üçündə maraqlıdırsa bu fikir.

Günümüzün ən aktual məsələlərindən biri də, qısamüddətli qurulan ailələr və yaxud nigah pozuntularıdır. Statistika da göstərir ki, boşanmaların sayı pik həddə çatıb. Ailə quran hər üç cütlükdən ikisi qısa zaman ərzində boşanmaq üçün məhkəməyə üz tuturlar. Gəlin maşınının arxasına düşən lentlər çox da uzun ömürlü olmur. Toy karvanlarının gurultusu məhkəmə dəhlizlərinin sükutu ilə sonlanır. Səbəb kimi isə yola getməmək, anlaşa bilməmək göstərilir. Gəlin məsələyə daha dərin, daha həssas baxaq! 

Sovet dövrü ilə müqayisədə indi gənclər daha yetkin yaşda ailə qururlar. O zaman ailə qurmaq yaş aralığı 15-17 idisə, indi 21-dən yuxarıdır. Amma qəribədir ki, o dövrdə boşanmalar indiki qədər deyildi. Sanki evlənmək bir növ məcburiyyət, boşanmaq isə ayıb sayılırdı. İndi isə tam tərsinə çevirilib. Sevgi var, sosial azadlıq var, seçim imkanı var, amma və lakin boşanmalar rekord həddə çatıb. Bəs böyüdükcə formalaşan bu gənclər niyə çox zaman səhv edir? Bu evlilikdən dünyaya gələn uşaqlar məhkəmə çəkişmələrində böyüyürlər. 

Gənclər elə ki, bir balaca özünü toparladı evlənməyə başlayır. Düşünür ki, artıq müstəqiləm, işləyirəm, pul qazanıram, sevirəm. Və bu o deməkdir ki, artıq ailə qura bilərəm. Fəqət bir şeyi başa düşmürlər ki, sevgi evin kreditini və yaxud kira  pulunu ödəmir. Əminliklə demək olar ki, müasir ailələrin əksəriyyəti cazibə üzərinə qurulur. Ona görə də gündəlik problemlərin ağırlığı altında bu cazibə bir neçə ilə sönür. Beləcə məhkəmələrdə sürünən bu cütlüklər uşaqların kimdə qalacağını, alimenti necə ödəyəcəkləri haqqında didişirlər. Toyda “hər kəs şahid olsun, evlənirik” deyən cütlüklər, məhkəmədə “hər kəs şahid olsun, ayrılıq” deyə aləmə car çəkirlər. Hələ bu bir yana dursun. Ailə qurarkən uzaq Antarktikadakı qonşulara qədər zəng edib nişanlısını tərifləyən bu cütlüklər,məhkəmə zalında bir-birlərini bütün qohum-əqrəbaya pisləyir: sizin oğlunuz narkomandı, sizin qızınız qısqancdı və sair. Məhkəmədə bu sözləri bar-bar bağıran bu cütlüklər ürəyi soyumadıqda öz sosial şəbəkə hesablarında da bu sözləri yazaraq “heşteqləyirlər”. 

Təbii ki, bu hallar cütlüklərin həyat təcrübəsi və öz ayaqları üzərində sağlam dura bilməməsini bir daha təsdiq edir. Yanlış seçimlər, maddi sıxıntılar, şəxsi münasibətlər, valideyn müdaxilələri, səbir azlığı, məsuliyyət hissinin olmaması bu sevginin ömrünü çox qısaldır. Kreditlər, işsizlik, ailə büdcəsinin ağırlığı sevginin üstündən teplovoz kimi arxasına baxmadan keçib gedir. Cazibə və isti səmimiyyət üzərinə qurulan bu münasibət bir müddət sonra şimal küləklərinə məruz qalaraq deqradasiyaya uğrayır.

Ailə münasibətlərinin pozulmasına daha çox təsir edən amillərdən biri də, valideyn müdaxiləsidir. Doğrusu, mən bu cür gənc ailələrə müdaxilə edən valideyinləri uzaqdan idarəetmə pultuna oxşadıram. Təklikdə bu cütlükləri proqramlaşdıraraq işə salan valideyinlər, sonra buna dram çəkirlər. Əvvəlki nəsil yenə dözürdü, tab gətirirdi, fəqət indiki nəsil buna dözmür. 

Bu sevgidə ən çox uduzanlar isə uşaqlardır. Onlar bir vaxtlar iki gəncin sevgisinin bəhrəsi kimi dünyaya gəlirdi, indi isə mübahisə mövzusu olur. Bəzi uşaqlar aliment mövzusu ilə böyüdüyü halda, bəziləri iki evin arasında “məsafə” uşağına çevrilir. Lakin müasir düşüncə ilə baxdıqda hiss edirik ki, uşaqlar da artıq bu travmanı, şiddətli keçimsizliyi, qışqır-bağırı eşitmək istəmir. Əmin olun ki, onlar özləri çox keçmədən etiraf edəcəklər: “Ay ata-anamız, xahiş edirik, ayrılın bizim də sakit, rahat və firəvan həyatımız olsun. Biz artıq bu alovlu ocağın son odunları olmaq istəmirik”. 

Artıq dövr kimi insanlar da dəyişib ona ayaq uydurmağa çalışır. Əvvəllər “tez evlən, ailə qur, övlad sahibi ol” deyilirdisə, indi “tələsmə, yaxşı düşün, yüz ölç, bir biç” deyirlər. Evliliyi bir sənət kimi düşünün. Yaxşı usatlıq tələb edir. Yarımçıq qoyanda həm sən, həm də başqaları əziyyət çəkir. 

Fikrimi ilk cümlədə qeyd etdiyim sosioloq Əli Şəriətinin o məşhur fikri ilə bitirirəm. Əli Şəriəti deyirdi ki, açığı unutdum nə dediyini. Əgər sizə maraqlıdırsa buyurub özünüz axtarın!

Fariz Əhmədov

Naxçıvan Televiziyasının baş redaktoru

Nəşr edilib : 20.08.2025 17:56