NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Əsgər andının sınağa çəkildiyi 44 gün

...

Rza Əlirzayev Artilleriya Kəşfiyyat rəisi vəzifəsində xidmət edib. Tərtər istiqamətində, ön cəbhədə döyüş yolu keçib. Hərbi rütbəsi kapitandır. Elə söhbət əsnasında o günləri xatırlayaraq danışır: “Müharibə xəbəri ilk gəldiyi an, ürəyimdən keçən tək bir fikir vardı, illərlə gözlədiyimiz an artıq çatıb. Torpaqlarımızı azad etmək üçün canımızdan belə keçəcəyimiz gün gəlmişdi. Mən yalnız bir zabit kimi yox, bu Vətənin övladı, bu torpaqların bir sakini kimi vuruşmağa can atırdım. Hisslərim çox qarışıq idi. Həm qürur, həm də ağır məsuliyyət. Qarşımızda ölüm də vardı, amma Vətən sevgisi hər bir hissi  unutdururdu”.
Kapitan üçün döyüşün səsi yad deyildi. Çünki o, artıq Aprel döyüşlərində atəş səsləri  ilə çoxdan tanış olmuşdu. 44 günlük Vətən müharibəsində isə artıq nəyin onu gözlədiyini yaxşı bilirdi. 
O danışdıqca sanki həmin günlər yenidən gözlərinin önündən film kimi keçirdi:  “Həmin günlərdə zaman sanki dayanırdı, yalnız bir məqsəd vardı: irəli getmək. İrəli getmək, torpağı azad etmək, nə bahasına olursa olsun, düşməni geri çəkilməyə məcbur etmək”.
Bu yol bizim üçün həm şərəf, həm də ağır məsuliyyət demək idi. 
“Mənim üzərimə düşən vəzifə yalnız əmrləri yerinə yetirməklə kifayətlənmirdi. Mən zabit idim və yanımdakı hər bir döyüşçünün həyatı mənim üzərimdə məsuliyyət idi. Yaralandığım halda belə müalicədən imtina edib yenidən döyüşə qayıtdım. Mənim yerim ön xətt idi. Bu məsuliyyəti yalnız mən daşımırdım, o vaxt əynində forma olan hər bir əsgər, zabit, hərbçi bu yükün altına girmişdi. Ona görə də bu gün torpaqlarımız azaddır”.
Onun sözlərində ən çox vurğuladığı məqam isə Şuşa döyüşləridir: “44 günün hər saniyəsi ağır idi, amma Şuşanın azad olunması anı bütün çətinlikləri unutdurdu. Sıldırım qayalıqlarla, yüngül silahlarla tankların, artilleriyanın üstünə getmək, sonra isə zəfər çalmaq. Bu yalnız gözləri ilə görənlərin anlaya biləcəyi bir möcüzə idi. Mənim üçün müharibənin ən qürurlu anı məhz Şuşanın fəthi idi”.
Vətən üçün sağlamlığını itirən zabit danışdıqca bir səhnə üzərində xüsusilə dayanır. Onun yaddaşına silinməz iz buraxan, döyüş meydanında insanın qəhrəmanlığının zirvəsini göstərən an: “Bir döyüş yoldaşım BTR-ni düşmənin BMP-sinin üstünə sürdü. Daha sonra əl qumbarasını qucaqlayıb düşmənin texnikasına atladı. Həm düşməni, həm də özünü partlatdı. Bu görüntü gözümün önündən heç vaxt getməyəcək. Məhz bu cəsarət, bu fədakarlıqdır xalqımızı yaşadan”.
Şəhid yoldaşlarından söz açarkən isə kapitanın səsi bir anlıq titrədi. Ən çox da Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Əbdürrəhmanovu xatırlayır: “O mənim üçün böyük qardaş idi. Boy-buxunlu, güclü idi. Elə bilirdim, düşmən ona heç nə edə bilməz. Mühasirədə olanda tank zərbəsi ilə ağır yaralansa da, ayağa qalxıb döyüşə davam etdi. Daha sonra düşmən gülləsinə tuş gəldi və şəhid oldu. O an yaddaşımda əbədi qaldı. Mən yaralı halda o səhnəni gördüm… Daha sonra bir neçə dəfə yuxuma da gəldi”.
Kapitan Rza Əlirzayev xidmət illərində bir çox mükafatlara layiq görülüb. O, Silahlı Qüvvələrin yaranmasının 90, 95 və 100 illiyi medalları, həmçinin “Qüsursuz xidmətə görə” III və II dərəcəli medallar ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi igidliyə görə isə “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 11.10.2025 17:39