Ali Məclisin deputatı Teymur Rzayev: “Azərbaycan n...
16:53 22.05.2025
0
0
2
NAXÇIVAN :
22 May 2025, Cümə axşamı
Zaman dəyişir, dünənin qəlibləri bu günün ruhuna bəzən dar gəlir. Bu dəyişikliklər insanı istər-istəməz bir seçim qarşısında qoyur: ya köklərinə sadiq qalmalısan, ya da müasir dünyanın çağırışlarına uyğunlaşmalısan. Ənənəvi dəyərlərlə müasirlik arasında qalmaq, sadəcə, bir fərdi dilemma deyil, həm də bir millətin, bir cəmiyyətin taleyidir. Bu qarşıdurma özünü ailə münasibətlərində, geyim tərzində, düşüncə sistemində, sənətdə və hətta gündəlik davranışlarda belə göstərir.
Ənənəvi dəyərlər dedikdə biz ailəyə bağlılıq, böyüyə hörmət, qonaqpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik kimi anlayışları nəzərdə tuturuq. Bu dəyərlər uzun illər boyu xalqımızın yaddaşında yaşayaraq bizi biz edən əsas sütunlara çevrilib. Məsələn, nənəsinin nağılları ilə böyüyən uşaq üçün ailə anlayışı təkcə bioloji əlaqə deyil, həm də mənəvi dayaqlardır. Ənənəvi dəyərlər hər bir xalqın kimliyinin, ruhunun daşıyıcısıdır. Azərbaycan xalqı da tarixboyu formalaşmış zəngin milli-mənəvi dəyərləri ilə fərqlənmişdir. Ailə bağları, böyüyə hörmət, qonaqpərvərlik, adət-ənənələrə sadiqlik, birlik, bunlar bizi bir millət olaraq birləşdirən, sabitliyin əsasını təşkil edən dəyərlərdir. Nənənin “el içində elə danışma”, babanın “sözünün arxasında dur” tövsiyəsi, sadəcə, məsləhət deyil, əslində bir həyat fəlsəfəsidir. Ənənə bizi köklərimizə bağlayır. Bu dəyərlər bizi keçmişimizə bağladığı kimi, gələcək nəsillər üçün də miras sayılır. Hər bir xalq üçün onun dəyərləri əvəzolunmaz xəzinədir. Məsələn, Novruz bayramında tonqal ətrafında yığışmaq, ailə böyüyünü ziyarət etmək, xonça düzəltmək, sadəcə, ənənə deyil, həmçinin bunlar birlik, bağlılıq və hörmət rəmzləridir.
Digər tərəfdən, müasirlik inkişaf deməkdir. Sürətlə qloballaşan dünyada azadlıq, gender bərabərliyi, fərqli düşüncəyə olan dözümlülük, texnoloji savadlılıq kimi dəyərlər ön plana çıxır. İnsanlar artıq sərhədsiz dünyada yaşamağa başlayıblar və bu mühitdə yaşamaq üçün çevik, açıq fikirli və adaptasiya qabiliyyətli olmaq lazımdır.
Müasir həyatın tələbləri getdikcə dəyişir. Məsələn, əvvəllər qadının əsas vəzifəsi ailəyə qulluq sayılırdısa, bu gün qadınlar həm karyera qurur, həm də ailə həyatını idarə edirlər. Əvvəllər gənclər böyüklərin qərarlarına tabe olurdu, indi isə onlar öz seçimlərini özləri etməyə can atırlar. Bütün bunlar müasirliyin gətirdiyi yanaşmalardır və bu yanaşmalar, əslində, insanın daha sərbəst və yaradıcı olmasına şərait yaradır. Bu gün sosial şəbəkələrdə “trend” olan həyat tərzi, fərdiyyətçilik, sərbəstlik və qlobal mədəniyyətin cazibəsi bu dəyərləri sarsıdır. Gənclər, xüsusilə də şəhərlərdə böyüyən nəsil, getdikcə ənənədən uzaqlaşır. Valideynlərin “Bizim vaxtımızda belə deyildi” sözləri ilə gənclərin “İndi zaman dəyişib” cavabı arasında çox vaxt dərin bir uçurum yaranır.
Müasirlik dedikdə təkcə texnologiya nəzərdə tutulmur. O düşüncə azadlığı, gender bərabərliyi, fərdi seçimlərin tanınması kimi anlayışları da özü ilə gətirir. Bu anlayışlar ilk baxışda ənənəvi dəyərlərlə ziddiyyət təşkil edir. Məsələn, ənənəyə görə, ailədə əsas söz sahibi kişi olmalıdır. Amma müasirlik deyir ki, ailə bərabərhüquqlu tərəfdaşlıqdır. Ənənə deyir ki, qız uşağı ailənin başına söz gətirməməlidir. Müasirlik isə deyir ki, hər kəsin seçmək haqqı var. Buna həm peşə, həm də şəxsi həyat daxildir
Bəs bu qarşıdurmada doğru yol nədir? Biz hansı tərəfi seçməliyik?
Ənənə ilə müasirlik arasında qalmaq, xüsusilə gənc nəsil üçün çox vaxt daxili mübarizəyə çevrilir. Ailənin “el nə deyər?” qorxusu ilə gəncin “Mən nə istəyirəm?” ehtiyacı toqquşur. Qız övladı müasir dünyada sərbəst olmaq, öz arzularının ardınca getmək istəyir, amma nənənin “Başını aşağı sal” sözü hələ də onun qulağında səslənir. Oğlan övladı xaricdə təhsil almağı planlaşdırır, lakin atasının “Torpaqdan uzaq düşmə” xəbərdarlığı ona əngəl olur.
Bu cür ziddiyyətlər gənclərin psixologiyasında da dərin izlər buraxa bilər. Bəziləri ya ənənəyə tabe olub arzularını basdırır, ya da müasirliyə qaçaraq köklərindən uzaqlaşır. Halbuki bu ikisinin ortasında bir tarazlıq qurmaq mümkündür.
Məncə, seçim yalnız ikili olmamalıdır, yəni ikisindən birini seçmək. Ən gözəl yanaşma “harmoniyadır”. Yəni biz nə ənənədən tamamilə imtina etməliyik, nə də müasirliyi düşmən görməliyik. Ənənə bizə kim olduğumuzu xatırladır, müasirlik isə kim ola biləcəyimizi göstərir. Bu iki qütb arasında körpü qurmaq, müasirliyin işığında, köklərimizi itirmədən addımlamaq bizim ən əsas vəzifələrimizdəndir.
Əslində, ənənə və müasirlik bir-birinə zidd deyil, yəni düzgün yanaşma ilə onlar bir-birini tamamlaya bilər. Ənənəyə sadiq qalmaq o demək deyil ki, dəyişiklikdən qorxmalıyıq. Müasir olmaq da kökdən uzaqlaşmaq anlamına gəlmir. Əksinə, kök üstündə olan yeni budaqlar ağacı daha da gücləndirir.
Belə düşünəndə ki Azərbaycan musiqisi muğamla başlayır, amma onu cazla sintez edəndə də gözəlliyini itirmir. Qadın həm ana ola bilər, həm də elm adamı. Gənc həm Qobustanın qayaüstü rəsmlərinə maraq göstərə bilər, həm də süni intellektlə maraqlana bilər. Yəni biri digərinə maneə deyil.
Tarazlığı qorumaq üçün ailələr və cəmiyyət daha çevik və anlayışlı olmalıdır. Gənclərin düşüncəsinə, seçimlərinə hörmət göstərilməli, eyni zamanda onlara milli-mənəvi dəyərlərin əhəmiyyəti izah edilməlidir. Təhsil sistemində, mədəniyyət siyasətində bu iki anlayış: ənənə və müasirlik, paralel şəkildə təqdim olunmalıdır. Media, ədəbiyyat, sənət və sosial şəbəkələr də bu harmoniyanı gücləndirəcək mesajlar verməlidir.
Bir xalqın gələcəyi, keçmişi ilə barışıb, bu gününü düzgün dəyərləndirməsində gizlidir. Nə qədər ki biz ailə münasibətlərində sevgi ilə yanaşı, qarşılıqlı hörməti də qoruyuruq, nə qədər ki azadlıq deyəndə məsuliyyəti də unutmuruq, o qədər də ənənə və müasirlik arasında tarazlıq mümkündür.
Nə müasirlik ənənəsiz yaşaya bilər, nə də ənənə dəyişən zamana gözünü yumub var ola bilər. Mədəniyyətin inkişafı da, insanın formalaşması da bu iki anlayışın vəhdətində gizlidir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər