Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Qədim inancların bu günümüzə qədər gəlib çatması xalqın yaddaşının və dünyagörüşünün gücünü göstərir. Zaman dəyişsə də, insanın təbiətlə əlaqəsi qopmayıb. Bu inancların ən bariz nümunələrindən biri Çillə bayramıdır. Çillə bayramı qışın başlanğıcını simvolizə edir. Böyüklərin danışdığı çillə gecələri, ocağın ətrafında toplaşmaq, niyyət tutmaq və qışın çətinliyinə hazır olmaq qədim inancların gündəlik həyata necə təsir etdiyini göstərir. Bu bayram insanın səbrini, dözümünü və birliyini sınayan bir dəyərdir. Coğrafi baxımdan yanaşdıqda isə Çillə bayramı Şimal yarımkürəsində qış fəslinin rəsmi başlanğıcı kimi qəbul olunur.
Məhz bu tarixə nəzər saldıqda görürük ki, Yer kürəsində qış gündönümü baş verir. Bu halda Şimal yarımkürəsində ilin ən qısa gündüzü və ən uzun gecəsini yaşayırıq. Qışın başlaması ilə havanın temperaturu enir, yağıntılar artır, dağlıq və yüksək ərazilərdə qar örtüyü yaranır. Təbiət sanki dərin bir sakitliyə qərq olur, bitkilərin inkişafı zəifləyir, bəzi heyvanlar qış yuxusuna çəkilir. Məhz bu təbiət hadisəsi gecənin ən uzun, gündüzün isə ən qısa olduğu, xalq dilində desək, “Çillə bayramı” adlanır. Oxucularımızın diqqətinə onu da çatdıraq ki, Çillə bayramı xalq təqvimində qışın gedişini göstərən üç mərhələdə qeyd olunur. “Bu mərhələlər qışın necə gəlib, necə getdiyini insanlara anlatmaq üçündür”, – deyir nənə-babalarımız. Birinci mərhələ Böyük çillə, yəni qış yeni başlayır, hava tədricən soyuyur, amma sərt şaxtalar hələ tam özünü göstərmir. İnsanlar bu vaxt qışa hazırlaşır, qarşıdakı soyuq günləri gözləyir. Elə bu məqamda Azərbaycan şairi Əhməd Cavadın bu misraları yada düşür:
Böyük çillə:
Onun ömrü qırx gündür,
Payızın davamıdır.
Uzun qış əyyamıdır...
Qar səpir asta-asta,
Gülür tanışa, dosta.
Darıxdırmır heç kəsi,
Quyudan gəlir səsi.
Onun ardınca isə Kiçik çillə gəlir. Təxminən, 20 gün davam edən bu dövr qışın ən çətin vaxtı sayılır. Şaxtalı günlər, sərt küləklər və ağır hava şəraiti məhz bu mərhələyə təsadüf edir. Xalq arasında deyildiyi kimi, qış öz gücünü ən çox bu vaxt göstərir.
Kiçik çillə:
Böyük tufan başlayır
Böyük qardaş gedən tək.
Şaxta tüğyan eləyir;
Kollar yerə sinərək,
Vıyıldayır küləklər
Budaqları əyərək.
Miyoldayır pişiklər
Bəzən gecə sübhəcən.
Yeri, göyü bürüyür
Dörd tərəfdən duman-çən.
Ocaqlar bərk qalanır,
Qazanda hədik bişir.
Qışın sonuna doğru isə Boz ay başlayır. Bu dövrdə soyuqlar yavaş-yavaş çəkilir, hava dəyişkən olur. Boz ay qışla yaz arasında keçid kimi qəbul edilir və insanların yazın yaxınlaşacağına olan ümidini artırır.
Haqqında danışdığımız qədim Çillə bayramı günü, demək olar ki, hər evdə “çillə qarpızı” kəsilərdi. Bu qarpız çillə gecəsinin əsas payı sayılar və evlərdə mütləq onun olmasına çalışardılar. Əksər ailələr qarpızı hələ yaydan seçib saxlayar, çillə gününə qədər qoruyardılar. Çillə üçün nəzərdə tutulan qarpızın bir qədər yetişməmiş olması daha münasib hesab edilirdi. Xarab olmasın deyə onu samanın və ya qurudulmuş otun içində saxlayardılar. Qarpızı, adətən, evin böyüyü kəsərdi. Onun tumları yığılıb saxlanılar, atılmazdı. Xalq inanclarına görə, çillə qarpızının tumunu atmaq bərəkətin kəsilməsinə səbəb ola bilərdi. Qarpız saxlamaq imkanı olmayan ailələr isə bazardan qarpız alaraq bayramı qeyd edərdilər. İnama görə, qış gecəsində qarpız kəsmək qışın daha yüngül, ilin isə ruzi-bərəkətli keçəcəyinə işarə sayılırdı. Çillə gecəsi ilə bağlı maraqlı adətlərdən biri də Naxçıvan bölgəsində nişanlı qızlara göndərilən xonçalardır. Oğlan evi çillə münasibətilə qız evinə meyvə, şirniyyat və müxtəlif paylarla yanaşı, bayramın rəmzi olan qarpız da göndərərdi. “Çilləlik” adlanan bu hədiyyələr xüsusi qablaşdırılır, üzərini ağ və ya qırmızı şalla örtüb, hava qaralmadan hazırlanıb qız evinə çatdırılardı.
Artıq bir çox evdə Çillə bayramına hazırlıq başlamışdır: qarpızlar seçilib, evlər bəzədilib və hər kəs qışın ən uzun gecəsinə öz hədiyyəsi ilə hazırlaşır. Həmin gün soyuğun deyil, həm də ümidin, birliyin və yeni il üçün arzuların rəmzidir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər