NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Elxan Yurdoğlu: Ədəbiyyatdan heca və əruz vəzni çıxarılsa, ağzına gələn şeir yazacaq…

...

Ədəbiyyat bir millətin yaddaşı, sözün gücü ilə xalqın mənəviyyatını qoruyan ən dəyərli sahələrdən biridir. Lakin zaman keçdikcə ədəbi prosesdə yaranan durğunluq, istedadla populyarlığın qarışdırılması, gənc yazarların istiqamət axtarışı kimi problemlər bu sahəyə yeni baxış tələbi yaradır. Biz də bu mövzu ətrafında müzakirə aparmaq üçün ədəbiyyatımızın bugünkü vəziyyəti, yazıçıların qarşısında duran çətinliklər və gələcək perspektivlər barədə tanınmış folklorşünas,  filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, ədəbi-tənqidi məqalələri ilə mütəmadi olaraq mətbuatda çıxış edən şair-publisist Elxan Yurdoğlu ilə söhbətləşdik. Bu müsahibədə mənə yaxından köməklik göstərən həmkarım, Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Öznur Nurlanqızı oldu.

Rafiq: Elxan müəllim, bu gün oxucu kitab oxumursa, bunun günahını kimdə görürsünüz? Oxucuda, yoxsa yazarda?

– Burada problemi bir neçə istiqamətdə görürəm. Birincisi, çox sevindirici haldır ki, sizin nəsil artıq kitab oxuyan bir nəsildir. Bizim nəsil – XXI əsrin əvvəllərinin kitab oxuyan son nəsli idi və bizimlə sizin aranızda təxmini iyirmi beş il fərq var. Mən sırf tələbəlik illərini nəzərdə tuturam. Aradakı 25 ildəki nəsil kitabdan qopan bir nəsil oldu. Sovet dövrünün mənfi ənənələri ilə yanaşı, yaxşı ənənələri də var idi. Ən ucqar kənddə belə kitabxana var idi, məktəblər var idi, hamı qəzetlərə abunə idi. Mənim babam kəndin kitabxana müdiri olub. Ailəmizdə kitab çox oxunurdu, mən də görürdüm. Məsələn, babam ‘‘Koroğlu’’ dastanının bütün şeirlərini bizə əzbər deyirdi və o şeirləri babamın dilindən eşidib öyrənirdik. Mən baxırdım ki, babamdan sonra fizika müəllimi olan atam oxuyur, atamdan sonra anam, anamdan sonra böyük qardaşım və mən oxuyurdum. Bu ənənə o dövrdə çox yayılmışdı, biz onları gördük, amma bizdən sonrakı nəsil görə bilmədi.

Rafiq: Bəs nə oldu ki, həmin ənənə qırıldı?

– Müstəqillik qazandığımız ilk illərdə ölkə böyük bir xaosa girdi. Yəni siyasi hadisələr, 90-cı illər, müstəqillik qazanmağımız, qazandığımız müstəqilliyi gözü götürməyən böyük dövlətlərin bizə təzyiqləri, I Qarabağ müharibəsi, xüsusən Naxçıvandakı gərgin blokada, aclıq, soyuq və sair bütün bunların hamısı insanları sosial mübarizəyə istiqamətləndirdi. İnsanlar yaşamaq uğrunda mübarizə aparırdılar. Onların kitab oxuyacaq nə işıqları var idi, nə də ki digər şəraitləri. Bu, müəyyən mənada insanları ümidsizliyə sövq edirdi. Bu ümidsizlik insanları kitabdan uzaqlaşdırdı.

Eyni zamanda həmin illər radio və televiziyanın məhdud olduğu zamanlar idi. İnsanların məşğul ola biləcəyi yeganə sahə kitab oxumaq idi. Get-gedə televiziya kanallarının sayının artması, daha sonrakı mərhələdə – bizdən sonrakı nəslin mobil telefonlarla tanışlığı da həmin ənənəni qırdı. 2005-dən sonrakı nəsildə texnologiya o qədər sürətli inkişaf etdi ki, 2-3 il sonra artıq insanlar filmləri telefondan izləməyə başladılar və beləliklə, kitab, ümumiyyətlə, unuduldu.

Öznur: Belə çıxır ki, siz günahı oxucuda görürsünüz?

– Xeyr. Sadəcə, oxucunu günahlandırmaqda olmaz. Mən yalnız səbəblərdən bir neçəsini dedim. Səbəblərdən biri də o idi ki, insanların maddi rifahı yaxşılaşdıqca evlərdə artıq lüks şəraitlər yaranmağa başladı və lüks şəraitlərdə kitab rəfləri artıq şəhər evlərində binaların balkonuna keçdi, kənd evlərində “ev damı” deyilən bir yerə köçürüldü. Mənim övladım evdə kitab görmürsə, necə kitab oxumalıdır? Yəni kitab evdə gördüyümüz bir aksesuar olmalı idi.

Öznur: Bəs yazıçı? O da günahkar sayılırmı?

–Yazıçıda olan günah sistemin günahı idi. Sistemin üzərinə günahı yıxmaqda səbəbim budur ki, sovet dövründə  kolxozçu belə yazıçı ilə görüşə bilirdi. Ümummilli Lider Heydər Əliyev keçən əsrin 60-cı illərində Bərdədə pambıq tarlalarına getmişdi. Həmin dövrdə Mərkəzi Komitənin Birinci Katibi olan Heydər Əliyev soruşur ki, “Nə istəyirsiniz?” Orada pambıqçılar ona “Əlibala Hacızadənin “İtkin gəlin” əsəri kənd kitabxanasına iki ədəd gəlib, onu da camaat oxuyur deyə çatdırıb oxuya bilmirik, xahiş edirik ki, o kitabdan bizim kitabxanaya 3-4 ədəd də göndərin”, – deyiblər. Maraqlıdır...

Mənim yadıma gəlir, hələ o dönəmin, sistemin tam dağılmadığı, oxucuların şairlərlə, yazıçılarla görüşdüyü zamanlar – 96-cı ildə, Zəlimxan Yaqub indiki teatr binasında oxucularıyla –  Naxçıvan ictimaiyyəti ilə görüşürdü. Oradakı bir misra hələ də yadımdadır: “Bir gözəlin yanağında yaş ömrü yaşamışam”. Yəni yazıçılar oxucularla görüşürdü, oxucu da o misradan tuturdu və gedib şairin, yazıçının kitabını alırdı. Mən indi hansı yazıçının hansı fikrindən tutum gedim? Mən özümü demirəm, özüm az-çox oxuyanam. Hər hansı bir tələbə deyək, Filologiya, Jurnalistika kimi ixtisasları qoyuram kənara, onlar az-çox kitabla məşğul olmalıdırlar. Hüquqda və ya iqtisadiyyatda oxuyan tələbə hansı misradan, hansı fikirdən, hansı mənəvi cümlədən tutub o yazıçının kitabını alıb oxumalıdır? Boşluqlardan biri də budur – yazar-oxucu görüşlərinin azlığı.

O ki qaldı yazıçılara, yazıçı da elə əsər yazmalıdır ki, oxucu onu axtarsın.

Rafiq: Bayaq qeyd etdiniz ki, əvvəllər yazıçılar, şairlər tez-tez oxucularla görüş keçirirdi. Bəs sizcə indiki dövrdə yazıçılar və şairlər oxucularla az-az görüşürlər?

– Sadəcə, ali təhsil müəssisələrimizdə ildə 1-2 dəfə, rayon ictimaiyyəti ilə ildə bir dəfə, orta məktəblərdə il ərzində 2-3 dəfə görüşlər keçiməklə və o görüşlərə könüllü şəkildə yox, kollektiv məcburiyyətlə tələbələri, şagirdləri, adamları gətirməklə şairi, yazıçını təbliğ etmək olmaz. Oxucu özü istəyərək yazıçının, şairin görüşünə tələsməlidir. Yavaş-yavaş bu ənənə formalaşmağa başlayır.

Bu gün şəhərimizin bütün yerlərinə elektron elan lövhələri vurulub. Tutaq ki, mən ora öz əlim çənəmdə bir şəklimi qoyub, altına da “Elxan Yurdoğlu ilə görüş” yazsam, neçə adam gedəcək? Və yaxud da ora Azərbaycanda çox az tanınan müğənnilərdən  birinin konsertinin afişasını qoysaq, neçə adam gedəcək? Etiraf edək ki, müğənnini dinləməyə 500 nəfər gedəcək, şairi dinləməyə 20 nəfər də gəlməyəcək.

Rafiq: Müəllim, istərdim, təkrar ədəbiyyata toxunaq. Sizcə dünya ədəbiyyatına çıxış etməmişdən qabaq Azərbaycan ədəbiyyatını mükəmməl bilmək lazımdır?

– Mütləq. Mən hətta düşünürəm ki, Naxçıvanda yaşayırsınızsa, zəif və ya güclü yazmasından asılı olmayaraq, hamını oxumalıyıq ki, həm öz çəkimizi, həm də mühitimizin çəkisini bilək. Tutaq ki, bizdən Azərbaycan ədəbi mühitinə kimi çıxara bilərik Naxçıvandan? Ondan sonra Azərbaycan ədəbi mühitindən dünyaya kimi çıxaracağıq məsələsini düşünək. Məsələn, 2025-ci ildə macar yazıçıya Nobel mükafatı verildi. Nobel mükafatını kimə verirlər? Görəsən həqiqətənmi ədəbiyyat adına möhtəşəm əsər yazanlara, yoxsa müəyyən siyasi dünyanın, daha doğrusu, güc dövlətlərinin siyasi istiqamətinə cavab verən əsərlərə? Bunları da yaxşı analiz etmək lazımdır.

Bizim bir də tərcümə problemimiz var axı.

Öznur: Tərcümə sahəsində nə isə dəyişmək səlahiyyətiniz olsaydı, ilk olaraq nəyi düzəltmək istərdiniz?

– Tərcümə institutu formalaşdırmaq lazımdır, hər şey təhsildən başlayır. Tutaq ki, Naxçıvan Dövlət Universitetində Xarici dillər fakültəsində tərcüməçilik ixtisasında oxuyan tələbə universiteti bitirənə kimi bir tərcümə kitabı ortaya qoya bilməlidir, yerli yazarları, yaxud ölkənin tanınmış şair və yazıçılarının əsərlərini tərcümə etməyi öyrənməlidir. Etdiyi tərcüməni də hərfi tərcümə yox, mətnin özünü tərcümə etməlidir. Buradan başlayaram ki, ən azından bədii tərcümə istiqamətində 20 nəfərlik bir qrupdan ən az 1 ya 2 yaxşı tərcüməçi yetişdirə bilim.

Öznur: Siz çox oxunan, lakin keyfiyyətsiz, yoxsa heç oxunmayan, amma keyfiyyətli yazının tərəfdarısınız?

– Oxucu baxımından baxanda ən azından oxusunlar deyə birincini seçərdim. Keyfiyyətsiz olsa belə oxusunlar deyə.. Yaralı yerdir.. Amma keyfiyyətli yazının tərəfdarıyam. Heç oxunmursa, heç kimə faydası yoxdur. Amma keyfiyyətsiz olub oxunursa, o ən azından insanların oxu vərdişini diri saxlayır.

Rafiq: Bu ara ədəbiyyatşünaslar olsun, ədəbiyyat müəllimləri olsun belə bir fikirdədirlər ki, əruz və heca vəznində əsərlərin yazılması azalmalı və artıq sərbəst şeir gətirilməlidir. Bəs əruz və heca Azərbaycan ədəbiyyatından çıxarılsa, ədəbiyyatda hansı boşluqlar yaranacaq?

– Ədəbiyyatda  bomboz bir boşluq yaranacaq. Ağ şeir deyə üstümüzə bir hücum gələcək, ağzına gələn şeir yazacaq. Çünki heca olmayanda deyirik, bəlkə, bu sərbəst şeirdir, ancaq sərbəst şeir o deyil.

Müasir dövrdə  İlqar Fəhmi sərbəst şeiri belə az qalır əruz ritmiylə, abu-havasıyla yazsın, yazır da və içində də heç bir fars-ərəb tərkibləri işlətmir. İnanmıram ki, ədəbiyyat müəllimləri və ya ədəbiyyatşünaslar əruz və hecanı götürək desin, bəzi müasir dövrün gənc ədəbiyyat adamları – şair və yazıçıları deyər. Biz heca və əruzdan imtina etsək, keçmişimizin üstündən xətt çəkmiş olarıq. Bu da o deməkdir ki, bizim ədəbiyyat keçmişimiz Mikayıl Rzaquluzadədən, Rəsul Rzadan – sərbəst şeir onlarla başlayıb və bizə gəlib. Yəni ədəbiyyatımızın tarixini son 100 ilə aparmış olarıq. Amma bizim İzzəddin Həsənoğlu, Nəsimi, Füzulimiz var axı, bəs bunları kənara qoysaq, boşluq yaranmayacaq? Hecanı da, ümumiyyətlə, kənara qoya bilmərik. Heca bizim milli düşüncəmizin ritmi, intonasiyasıdır.

Rafiq: Belə çıxır ki, sərbəst vəznin özündə də bir axıcılıq və qafiyə olmalıdır?

– Olmalıdır, əlbəttə. Sərbəstdə elə qafiyə effekti yaradan söz ritmi olur. Hecanı Azərbaycan ədəbiyyatından çıxarmaq istəyənlər gəlib Aşıq Ələsgərin bir təcnisini yazsınlar görək…

Öznur: Elxan müəllim, bir məsələyə də münasibətinizi öyrənmək istərdim. Nəşriyyat evləri çap olunacaq kitabı sizcə satış potensialına görə seçir, yoxsa ədəbi dəyərinə görə?

– Kapitalizmin öz tələbləri var. Naşir məcburdur ki, onun maliyyə tərəfini də düşünsün. Burda nəşriyyatı qınamaq olmaz. Nəşriyyatlarda bu tərəf əsas götürüləndə o qədər lazımsız kitablar çap olunur... Amma qarşısında ciddi ədəbiyyatı nəşr etməyi məqsəd qoyan nəşriyyatlar da var. Bu baxımdan xüsən TEAS-PRESS-i fərqləndirmək istərdim. Yəni cavabın özü həm də sualın qoyuluşunda gizlidir.

Öznur: Sizcə bu hal gənc istedadların qarşısında maneə olurmu? Siz bu fikirlə razısınızmı?

– Biz də hələ ki, nəşriyyat işinin özəl sektoru sistemli şəkildə formalaşmayıb. Ona görə də biz də nə qədər Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi müəyyən xətt ilə gənc ədəbi qüvvələrin kitablarını çıxartsalar da, bunun dövlət maliyyəsinə, hələ ki, ehtiyacı var. Halbuki ədəbiyyat dövlətdən asılı olmamalıdır. Həm fikri sərbəst demək baxımından, həm də oxucu ilə özü arasında bazar iqtisadiyyatını tənzimləməsi baxımından. Mən şeir yazıramsa, mənim çıxaracağım şeir kitabımı biri alacaqmı? Mənim oxucu kütləm yoxdursa, nəşriyyat mənim kitabımı niyə çıxarsın... Öz maliyyə hesabına kitab çıxaranlar da var. Nəşriyyatlar da maliyyəsini təmin etmək, işçisini dolandırmaq üçün həmin kitabları nəşr edirlər təbii olaraq. Bu zaman bəzən elə zəif əsərlər ortaya çıxır ki.

Rafiq: Auditoriyanı da fikirləşmək lazımdır?

– Bəli, auditoriyanı da fikirləşmək lazımdır. Auditoriyanın zövqünü, onun müasir dövrün insanı olduğunu düşünmək lazımdır.

Öznur: Siz belə hallarda həmin şəxsləri yazıçı hesab edərsiniz, yoxsa vəziyyətə bir növ marketinq sahəsi deyərdiniz?

– Yəni heç kimi yazıçı saymıram desəm, bir az həm yekəxana, həm də kobud və qeyri-etik çıxar. Hərənin özünə görə, ən pis halda özünün ailə çevrəsində oxucusu var. Nümunəmiz Moşu Göyəzənli var. Moşu Göyəzənli, o keçid dövrünün dırnaqarası “ədəbiyyat adamları”nın simvolik obrazı idi. Moşu Göyəzənlilərimiz çoxdur, amma onların da, Hüseyn kimi oxuyanları var.

Rafiq: Son olaraq ədəbiyyata, sözə, şeirə qayıdaraq sizə belə bir sual vermək istərdik, Elxan müəllim, sizin üçün ədəbiyyat, ümumiləşdirsək, şeiriyyət nədir?

– Mən nə qədər çox danışsam da, danışmağı sevən biri deyiləm. Şeir mənim danışa-danışa susduğum evdir. Şeir mənim üçün deyə bilmədiklərimi ifadə etmək sahəsidir. Mən şeirdə rahatam, özümü ifadə edə bilirəm. Yalnız şeirdə yox, mənim hələ ki, üzə çıxarmadığım xatirələrim var, səyahət qeydlərim var. Şeir mənim azad olduğum bir yerdir, bütün buxovlarımdan azad olduğum yer. Bu həm maddi, həm mənəvi, həm də düşüncə etibarilə heç bir sərhədimin olmadığı yerdir şeir.

 

Rafiq TƏHMƏZ

Öznur NURLANQIZI

Naxçıvan Dövlət Universitetinin

Jurnalistika ixtisası üzrə I kurs tələbəsi

Nəşr edilib : 05.01.2026 11:58