NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Əkin sahələrini yandıran şəxslər 400 manatdan 6 min manata qədər cərimələnir

...

Yay mövsümündə havaların quraq keçməsi, əkin sahələrində, meşə zolaqlarında və açıq ərazilərdə yanğın təhlükəsini daha da artırır. Xüsusilə biçin dövründə kənd təsərrüfatı texnikalarının düzgün istismar olunmaması və vətəndaşların ehtiyatsız davranışları yanğın riskini yüksəldir. Bu baxımdan mütəmadi olaraq qabaqlayıcı tədbirlərin görülməsi və maarifləndirici işlərin aparılması mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov cavablandırıb.
– Mirtaleh müəllim, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında əkin sahələrində baş verən yanğınların qarşısının alınmasına hansı tədbirlər təsir göstərib?
– Bu günlərdə muxtar respublika ərazisində yay mövsümü ilə əlaqədar bütün sahələrdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərə xüsusi diqqət yetirilir. Fövqəladə Hallar Nazirliyi mövsümə uyğun yanğın təhlükəsizliyi məsələlərini mütəmadi nəzarətdə saxlayır. Cari ildə muxtar respublikada taxıl və əkin sahələrində, eyni zamanda meşələrdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması və qabaqlayıcı tədbirlərin keçirilməsi ilə bağlı bir neçə zəruri tədbirlər keçirilmişdir. Belə ki, bu il muxtar respublika ərazisində əkin sahələrində yanğın təhlükəsizliyinin qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təbliğat planları hazırlanmış, planlara uyğun olaraq rayon icra hakimiyyətlərində, kənd icra nümayəndəliklərində, digər müəssisə və təşkilatlarda zəruri tədbirlər, maarifləndirici söhbətlər, seminar müşavirələr keçirilib.
– Biçin dövründə texnikaların yanğına qarşı vəziyyətinin yoxlanılması üçün hansı tədbirlər görülüb?
– Biçin dövrü ərzində ərazilərdə işləyəcək kənd təsərrüfatı texnikalarına, xüsusi ilə də kombaynların ilkin yanğına qarşı müayinələrin keçirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən texnikalara baxışlar keçirilmiş, yanğın yarada biləcək amillərin vaxtından əvvəl qarşısının alınması məqsədilə torpaq mülkiyyətçiləri və texnikalarla işləyən mexanizatorlarla söhbətlər aparılır. Taxıl yığımı mövsümündə un dəyirmanlarında yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə ərazilərdə, taxıl yığılan un dəyirmanlarında yanğın texniki müayinələr keçirilmiş, həmkarlarımız tərəfindən maarifləndirici söhbətlər aparılmışdır.
 – Əkin sahələrində yanğınların baş vermə səbəbləri arasında ən çox rast gəlinən amil nədir?
– Qeyd edək ki, yanğın hadisələri qaçılmazdır və yanğınların baş vermə səbəbi, əsasən insan faktorudur, insanların ehtiyyatsızlığıdır. Təkcə əkin sahəsi deyil, salınmış meşə zolaqlarında baş verəcək ani yanğınların qarşısının alınması məqsədilə də nazirliyin müvafiq qurumları hazır vəziyyətdədir. Hazırda da Dövlət Yanğından Mühafizə Hissələrinin bölmələri öz fəaliyyətini davam etdirir, 112 və 101 qaynar telefon xətləri daim qarşılıqlı əlaqəlidir. Xətlərə daxil olan yanğın məlumatlarına çevik şəkildə müdaxilələr olunur. Qeyd etmək lazımdır ki, 2025-ci il ərzində aparılan müvafiq tədbirlər öz müsbət nəticəsini əldə edib. Bu il ərzində muxtar respublika ərazisində heç bir zəmi yanğını qeydə alınmayıb. Bundan sonra da əsas fəaliyyət dairələrimizdən biri bu göstəricilərin bu cür qalması yönündədir.
– Bəs əkin sahələrini yandıran fiziki və hüquqi şəxslər Azərbaycan qanunvericiliyinə əsasən hansı məbləğdə cərimə edilirlər?
– Fermerlərə və sahibkarlara istər üz-üzə maarifləndirici tədbirlərdə, istərsə də kütləvi informasiya vasitələri ilə çağırışlar olunur. Bilirik ki, bu cür yanğınlar həm ekoloji cəhətdən, həm də aqrotexniki cəhətdən ziyanlıdır. Aidiyyəti nazirliklər məhsul istehsalçılarına müraciət edərək bildirir ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır. Eyni zamanda biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırırıq ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar.  “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə olunacaqlar.
 – Fermerlərə və kənd sakinlərinə ot-saman tayalarının saxlanması ilə bağlı hansı tövsiyələr verilir?
– Əlavə olaraq qeyd etmək istəyirik ki, artıq torpaq mülkiyyətçiləri, fermerlər və kənd sakinləri qışa tədarüklə bağlı sahələrdən mal-qara üçün yem ehtiyatı yaradır, ot-saman tayaları yığırlar. Ot-saman tayalarını yığarkən onları evin çardağına və elektrik xətlərinin altına yığmaq yolverilməzdir. Ot-saman tayaları xüsusi ayrılmış yerlərdə yerləşdirilməli, ətrafı çəpərlənməlidir. Tayanın ətrafında və yaxınlığında tonqal qalamaq, siqaret çəkmək və açıq oddan istifadə etmək yanğın təhlükəsi yaradır. Fövqəladə Hallar Nazirliyi bir daha torpaq mülkiyyətçilərinə, fermerlərə və kənd sakinlərinə müraciət edərək bildirir ki, yuxarıda qeyd olunan tövsiyələrə ciddi riayət olunsun.
– Keçmiş illərlə müqayisədə bu il əkin sahələrində yanğınlar nə qədər azalıb və səbəbləri nələrdir?
– Bir çox hallarda fermerlər biçindən sonra ərazilərin yandırılması fikrinə düşürlər. 2024-cü il ərzində bu cür hadisələrə görə 25-dən çox yanğın hadisəsi qeydə alınıb. 4 hektara yaxın biçilməmiş taxıl sahəsi, 50 hektardan çox isə biçilmiş taxıl sahəsində yanğınlar baş vermişdir. Bu günlərdə bu hadisələrin təkrarlanmaması üçün mülkiyyətçilərə və sahibkarlara istər üz-üzə maarifləndirici tədbirlər, istərsə də kütləvi informasiya vasitələri ilə çağırışlar olunur.
– Vaxt ayırıb bizi maraqlandıran suallara ətraflı cavab verdiyiniz üçün təşəkkürlər!

Rafiq TƏHMƏZ

Nəşr edilib : 15.07.2025 16:49