Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son zamanlar ölkə miqyasında muxtar respublika idmançılarının qazandığı uğurlar bu sahəyə diqqəti bir qədər də artırıb. Xüsusilə gənclərin individual idman növlərində əzmkarlığı onların uğurları ilə nəticələnir. Belə gənclərdən biri də boksçumuz Elbrus Kərimlidir. 2007-ci ildə Naxçıvan şəhərində anadan olan gənc boksçu hazırda İdman Akademiyasında Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisası üzrə II kurs tələbəsidir və təhsilini peşəkar idman fəaliyyəti ilə paralel şəkildə davam etdirir.
Elbrus Kərimlinin boksa marağı 11 yaşında yaranıb. Atasının boks müəllimi olması onun bu sahəyə erkən yaşlardan yönlənməsinə səbəb olub. Həmin dövrdən mütəmadi olaraq məşqlərinə davam edən gənc dəri əlcək sahibi 2018-ci ildən başlayaraq peşəkar şəkildə bu sahə ilə məşğul olmağa başlayıb və elə ilk böyük uğurunu da Naxçıvan birincisi olmaqla əldə edib. 2022-ci ili isə onun karyerasının mühüm hissəsi hesab etmək olar. Həmin gənc idmançımız yeniyetmələr arasında Azərbaycan çempionu adını qazanıb. Eyni zamanda beynəlxalq turnirin qalibi və Avropa birinciliyinin bürünc mükafatçısı olub. Qitə birinciliyindəki döyüşlərini xatırlayan Elbrus Kərimli deyir ki, heç vaxt unutmayacağı döyüş ilk görüşdə qarşılaşdığı italiyalı rəqibi olub: “Döyüşün mənim üçün çox həyəcanlı keçməsinə baxmayaraq, o, rinqdən qalib kimi ayrıldım. Bu mənim Avropa birinciliklərində ilk qarşılaşmam idi və buna görə bir qədər özümü həyəcanlı hiss edirdim. İkinci döyüşdə rəqibim şotlandiyalı boksçu idi və çətin də olsa, rəqibə tam üstünlüklə qalib gəldim, ukraynalı rəqibimə isə məğlub olaraq Avropa birinciliyində 3-cü yeri tutdum”.
2024-cü ildə gənclər arasında keçirilən daha bir mötəbər yarışda ikinci olan Elbrus həmin il ərzində bir neçə beynəlxalq turnirin də qalibi olub. Bu nəticələr onun gələcək üçün böyük potensiala malik olduğunu göstərir.
Uzun illərdir, boksla məşğul olan 18 yaşlı dəri əlcək sahibinin fikrincə, idmanda nizam-intizam hər şeyin əsasını təşkil edir. Onun sözlərinə görə, bu idman növündə uğur qazanmaq üçün təkcə fiziki güc kifayət etmir. İlk növbədə, nizam-intizamlı olmaq, məşqlərə məsuliyyətlə yanaşmaq vacibdir. Çünki bu insanın həm idmanda, həm də gündəlik həyatda özünü düzgün formalaşdırmasına kömək edir. Gənc boksçu, həmçinin idmanda uğur qazanmaq üçün dözümlüyün və səbrin də böyük rol oynadığını vurğulayır: “Çətin məşqlər, ağır döyüşlər və bəzən yaşanan məğlubiyyətlər idmançını sınasa da, bu mərhələlərdən keçmək gələcək uğurların əsasını qoyur. Əzmkar olmaq, qarşına qoyduğun məqsədə çatmaq hər bir idmançının əsas xüsusiyyətlərindən biri olmalıdır”.
Gənc boksçu idmanda valideynlərin və məşqçilərin dəstəyinin vacibliyinə də toxunaraq qeyd edir ki, valideyn dəstəyi və inam idmançının özünə olan güvənini artırır. Əgər bir insan nizam-intizamlı, dözümlü və əzmkar olarsa, qarşısına qoyduğu istənilən məqsədə bir gün çatacaq.
Zəhra VƏLİYEVA
Digər xəbərlər