Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Müasir dövrdə ali və orta ixtisas təhsili alan minlərlə gənc məzun olduqdan sonra əmək bazarına üz tutur. Lakin bir çox hallarda onları qarşılayan ilk və bəlkə də ən sərt sədd “təcrübə tələb olunur” şərtidir. Hər bir gənc bu sualla qarşılaşır: “Əgər heç yerdə işləməmişəmsə, təcrübəni necə qazana bilərdim?”
Mövzu ilə bağlı karyera məsləhətçisi Şahin Sərdarlı fikirlərini bizimlə belə bölüşdü: “Əmək bazarında gənclərin üzləşdiyi ən ciddi problemlərdən biri təcrübə tələbi paradoksudur, yəni işə qəbul üçün təcrübə tələb olunur, amma bu təcrübəni əldə etmək üçün əvvəlcə bir iş tapmaq lazımdır. Bu, əslində qapalı bir dövrədir və minlərlə gəncin illərlə potensialını reallaşdıra bilməməsinə səbəb olur.
Gənclər təhsilini başa vurduqdan sonra ilk sualla üzləşirlər: “Təcrübən varmı?” Cavab isə çox vaxt “yox” olur. Təəssüf ki, bir çox işəgötürən də bu “yox” cavabını qəbul etmir.
Problem təkcə təcrübənin olmaması ilə də bitmir. Gənclər bəzən öz bacarıqlarını təqdim etməyi bacarmır, CV-ləri peşəkar olmur, müsahibəyə psixoloji baxımdan hazır deyillər və ya əmək bazarının tələblərini ümumiyyətlə bilmirlər. Bütün bunlar iş tapmaq prosesini daha da çətinləşdirir. Bir çoxu sadəcə diplomla iş tapacağını düşünür, lakin müasir əmək bazarı konkret bacarıqlar və real nəticələr tələb edir.
Digər tərəfdən, təəssüf ki, bir çox müəssisə təcrübəçi qəbul etməyə maraqlı olmur, ya sistemləri yoxdur, ya da buna zaman ayırmaq istəmirlər. Halbuki təcrübə proqramları həm gənclər, həm də müəssisələr üçün faydalı modeldir.
Mən illərdir bu istiqamətdə gənclərin işə hazırlığı, təcrübə proqramları və bacarıqlarının inkişafı üzərində çalışıram. Karyera və İşə Hazırlıq Mərkəzi var ki, bu mərkəz təşkil etdiyi proqramlarda real iş mühiti simulyasiya olunur, iştirakçılar layihə əsaslı fəaliyyətlərə cəlb edilir və sonunda portfoliolar formalaşır. Bu yanaşma sadəcə öyrətmək deyil, gəncin özünə inamını bərpa etmək və onu əmək bazarına hazır vəziyyətə gətirməkdir. Bu proqramlar vasitəsilə 2200 nəfərə yaxın məzunumuz əmək bazarında iş tapıb, karyeralarını inkişaf etdirirlər.
Gənclərə tövsiyəm budur ki, nə qədər çətin olsa da, öyrənməkdən və aktiv olmaqdan çəkinməsinlər. Sosial mediada bacarıqlarını paylaşsınlar, real nümunələr göstərsinlər, könüllü layihələrdə iştirak etsinlər və özlərini digərlərindən fərqləndirəcək bir yol yaratsınlar”.
Əmək bazarında gənclərin üzləşdiyi təcrübə tələbi problemi, əslində, sistemli və çoxistiqamətli bir yanaşma tələb edən məsələdir. Bir tərəfdə işəgötürənlər var, onlar haqlı olaraq, yalnız nəzəri biliklə kifayətlənməyən, praktiki bacarığı olan, öyrədilməyə ehtiyacı az olan kadr axtarırlar. Digər tərəfdə isə universiteti yeni bitirmiş, həvəsli, lakin praktiki imkanlardan məhrum edilmiş minlərlə gənc durur. Bu iki tərəf arasında uçurum hər il daha da böyüyür və nəticədə yüzlərlə savadlı gənc ya ixtisası üzrə iş tapa bilmir, ya da ümumiyyətlə əmək bazarından uzaqlaşır.
Problemin həlli yalnız fərdi deyil, həm də institusional səviyyədə olmalıdır. Universitetlər tələbələri yalnız nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən hazırlamalıdır. Tələbələrin təhsil dövründə real iş mühitində iştirak etmələri üçün istehsalat təcrübələri formal yox, funksional şəkildə təşkil olunmalıdır. Dövlət və özəl sektor bu prosesdə daha aktiv rol almalı, könüllülük, təcrübə proqramları genişləndirilməli, işə qəbul zamanı gənclərə dəstək yönümlü siyasətlər həyata keçirilməlidir.
Gənclərin üzərinə düşən məsuliyyət isə daha böyükdür. Onlar təhsilləri müddətində imkan daxilində könüllü fəaliyyətlərə qoşulmalı, bacarıqlarını artırmalı, real iş mühitini öyrənməyə çalışmalıdırlar. Hərçənd bu bəzən asan olmur, lakin əmək bazarında uğur qazanmaq üçün bu gün artıq yalnız diplom kifayət etmir.
Nəticə etibarilə, əmək bazarında gənclərin qarşılaşdığı təcrübə problemi yalnız onların deyil, cəmiyyətin, təhsil sisteminin və iqtisadiyyatın ümumi problemidir. Bu problemin həlli gələcək nəsillərin daha hazırlıqlı və dayanıqlı formalaşmasına, əmək bazarının daha sağlam strukturda inkişaf etməsinə səbəb olacaq. Əgər bu gün gənclərə iş imkanı verilməzsə, sabah iş dünyasında kifayət qədər təcrübəli kadrların olmamasına gətirib çıxaracaq. Cəmiyyət bu məsələdə həmrəylik göstərməli, gənclərə sadəcə sual vermək yox, həm də şans verməyi öyrənməlidir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər