NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ədalətin və zəfərin təcəssümü

...

Laçın Şəhəri Günü

Bu mənəm, Qafqaz dağlarının Laçını. Torpağım qədimdir, lap qədim. Gözələm, dağların cənnətiyəm. Elə buna görə də başım  çox bəlalar çəkib mənim. Çətin günlərim çox olub, amma igid oğullarım qoruyub məni hər zaman.

1992-ci ilin çətin günləri idi. Yaxın qonşum cənnət Şuşa bir neçə gün idi ki, düşmənə peşkəş verilmişdi bacarıqsız hakimiyyətin əli ilə. Hələ Xocalı faciəsinin dərdinə, acısına ağlayan gözlərin yaşı qurumamış Şuşa dərdi düşmüşdü insanların ürəyinə. Mənim də canıma  üşütmə düşmüşdü sanki. Səfalı meşələrimi, dağlarımın başını duman almışdı. İgid oğullarım  can verdikdə bir qarış torpaq uğrunda, qanı hopduqca torpağıma harayım ərşə qalxırdı. Çünki yaxşı bilirdim ki, Şuşa əldən gedibsə, mənim də taleyim çətin olacaq. Elə düşündüyüm  kimi də oldu. Bacarıqsız, xalqını yox, öz mənafeyini düşünən rəhbərlərin ucbatından mən  də əsir oldum düşmənə. Uzaq düşdüm elimdən, obamdan, ayrıldım doğma anamdan, doğma insanlarımın isti nəfəsinə, hənirtisinə həsrət qaldım illərlə. Düşmən əsgəri gəzdikcə sinəm üstə ərşim dağlara yayıldı. Həkəri çayı lal axdı, xınalı qayalarımın xınası da soldu. Sarı Aşığın sazından qəm-qüssə sədaları gəldi. Ürəyi sazlı-sözlü laçınlılar dağlıq, meşəlik yerləri Laçına bənzətdi, ağı deyib ağladı. Amma heç bir dağ-dərə Laçının əvəzi ola bilmədi. Həsrətimin nəğməsinə çevrildi “Laçınım” mahnısı. 
28 il kimsəsiz, əzizlərim olmadan yaşadım mən. Yana-yana, yanıqlı bayatılar deyə-deyə dünyadan köçdü neçə-neçə insan məni görmədən, havamı udmadan, torpağıma ayaq basmadan. Beləcə, ömür keçdikcə bu yurd həsrətinin yarası qabıq qoydu. Amma sağalmadı, yurd, torpaq həsrəti ilə o yaranın qabığı tez-tez soyuldu. Dağların qoynundakı  yurdda, ocaqda tüstülənən odun sobasının üstündə dəmlənən yarmaaşında qaldı çoxlarının fikri, xəyalı. Elə mənim də fikrim, xəyalım öz doğmalarımın yanında idi. Nə qışım qış kimi gəlirdi, nə baharda üzüm gülürdü. 
...Amma heç vaxt ümidimi itirmədim, elə hey gözlərim yol çəkirdi. Bilirdim ki, bu yollar bir gün məni də əzizlərimə qovuşduracaq. 28 qış gəldi, bahar ötdü, amma mənim  baharım gəlmədi, ta ki həmin payıza kimi. Həmin payız ki o payızda yaz günəşi doğuldu Azərbaycanın səmasında. İsitdi qəlbimi, həsrətlə yanan ürəyimi. Elə ki sorağı gəldi Cəbrayılın, Qubadlının, Zəngilanın, Şuşanın azad olunduğunun, mən də əmin oldum ki, igid Azərbaycan əsgəri məni də  azad edəcək. Düz 44 gün gözlərim yolda, qulağım səsdə qaldı yurdundan uzaq düşən laçın quşunun da, mənim də. Payızın sərin günlərindən birində soraq gəldi Şuşadan. O, azad olmuşdu. Dağlar haray gətirəndə mənə illərdir, yurdundan didərgin düşən laçın quşu da geri döndü. Soyuq bir qış günü tək güllə belə atılmadan azad edildim. Nəhayət, 2022-ci il avqustun 26-da həyatımın  ən xoş xəbərlərindən birini aldım. Qalib Sərkərdəmin “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlılar və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm Yaşasın Laçın! Yaşasın Azərbaycan!”  sözlərini eşitdim.  
Bu gün mənim günümdür, Laçın Şəhəri Günü. Tariximin ən gözəl günü. Özümə, mənliyimə qayıdıb əzizlərimi qarşıladığım gün. Həkərinin nəğməsini doya-doya dinlədiyim gün.  
Mən azadam, abadlaşmışam. Gül-çiçək açıb torpağım. Laçınlı olub Laçınsız doğulub böyüyən balalarım da öz evinə  qayıdıb artıq. Laçın dərdi ilə qocalan, saçına dən düşən insanlarım da dönüb evinə-obasına. İllərlə sahibsiz qalan evlərdən indi doğmalarımın səsi gəlir. İllərlə gözü yolda qalan şəhid məzarları da qovuşub öz əzizlərinə. Onların da ruhu şaddır. Toy mağarı qurulur sinəm üstə, uşaqların gülüş səsi qayıdıb hər bucağıma. Laçın quşu da qayıdıb pərvazlanır açıq səmamda. Başım üstə  Zəfərin Sərkərdəsinin əllərində göylərə ucalan, şəhidlərin nəfəsi ilə dalğalanan Azərbaycan Bayrağı qürur verir mənə. Qürurluyam, çünki türk yurduyam. Çünki mən Azərbaycanın bir parçasıyam.Vətənimin əziz yurdu, Laçınıyam. Azad Laçını, abad, gözəl Laçını.

Ramiyə ƏKBƏROVA
 

Nəşr edilib : 26.08.2025 00:13