Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
“Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik”. Dövlət başçısının da dediyi kimi, imkan vermədik də. Müzəffər Sərkərdə və Onun yenilməz ordusu torpaqlarımızı 30 illik işğaldan 44 gündə azad idi. 2023-cü ildə isə 23 saatda orada qanunsuz şəkildə yaradılan və illərdir, özünü “dövlət” elan edən qondarma qurumu yerlə-yeksan etdi. Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin, bilavasitə, rəhbərlərinin tapşırıqlarını yerinə yetirməkdə təqsirli bilinən şəxslər tərk-silah edilərək Azərbaycana gətirildi, cinayət məsuliyyətinə cəlb edildi.
Artıq iki ildir ki, davam edən məhkəmə prosesi zamanı həmişəki kimi Azərbaycan xarici təsirə məruz qaldı. Əlində xocalılı onlarla məsum körpənin, Gəncə, Bərdə terrorunun qurbanlarının qanı olan bu şəxslərin azadlığa buraxılması üçün edilən bütün təzyiqlərin qarşısında Müzəffər Sərkərdənin “dəmir yumruğ”u dayandı. Torpaqlarımız işğaldan azad ediləndə göstərdiyimiz cəsarət yenidən nümayiş olundu və hər kəs susub öz yerinə oturmaq məcburiyyətində qaldı. Və bu gün onlar layiq olduğu cəzanı aldı.
5 fevral 2026-cı il. Bu tarix uzun illər yaddaşlarda qalacaq, çünki bu gün ədalətin bərqərar olduğu gündür. 44 gündə və sonrakı əməliyyatlarda əldə etdiyimiz qələbəyə necə sevinirdiksə, bu gün də elə qürur duyduq. Döyüş meydanında, siyasi masada qalib olan Azərbaycan bu gün də hüququ və ədaləti məhkəmə zalında bərpa etdi. Sülh və insanlıq əleyhinə ağır cinayətlər törətməkdə ittiham olunan erməni əsilli şəxslərin hökmü oxundu.
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi dünyaya daha bir ədalət mesaji verdi.
2023-cü ilin payızında qondarma “prezident” Arayik Harutyunyan başda olmaqla uşaq qatillərinin hansı şəkildə həbs edilib ölkəyə gətirildiyi kadrları necə qürurla izlədiksə, bu dəfə də verilən layiqli cəzanı eyni sevinclə qarşıladı cəmiyyətimiz. Çünki bu təkcə qatillərə verilmiş cəza deyildi, həm də iki əsrdən bəri erməniləri dəstəkləyən bəzi qüvvələrə verilmiş cavab olmaqla bərabər, onların Bakıya gəlib burada çay içmək arzusu da yerinə yetdi. Müzəffər Ali Baş Komandanın dediyi kimi: “Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, tankları Bakı küçələrində olacaq. Haqlı çıxdılar. Onların tankları bu gün Bakıdadır – Hərbi Qənimətlər Parkında. Deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Bu da doğrudur. İndi çay içirlər-istintaq təcridxanasında”.
Biz illərlə gözləmişdik, Ədalət gələcək, – deyib yaramızın qaysaqlamağına imkan verməmişdik. O yara hər gün qanasa da. Çünki bizdən əvvəlki nəsillər səbəbini aramadan, axtarmadan namərd qonşularımızın “ərköyünlüyünü” ən qanlı faciə ilə bitmiş sanıb, ağıllandıqlarını zənn etmişdi. Yanıldıqlarını isə tarix yenidən təkrar olunanda başa düşdük. Və bu günü görmək bu xalqın haqqı idi. Hər balasını bir təpədə itirən xocalılı anaların, atasız övladların, canını Vətənə qurban verib bayrağı bəy köynəyi bilən oğulların, məzarsız şəhidlərin.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər